YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pan Gi Mun hamını müasir enerji mənbələri ilə təmin etməyə çağırıb

Sabit energetika iqtisadi artım, sosial ədalət və sağlam ətraf mühit məsələlərini birləşdirən “qızıl bağ”dır.

Bu sözləri Nyu-Yorkda sabit energetikaya həsr olunmuş brifinqdə çıxış edən Pan Gi Mun deyib. Baş katib bildirib ki, yüz milyonlarla insanı ekolojı cəhətdən təmiz və müasir enerji mənbələri ilə təmin etmək üçün lazımi səylər göstərməyin vaxtı çatıb.

Pan Gi Mun xatırladıb ki, tezliklə Nyu-Yorkda keçiriləcək BMT-nin sammitində 2030-ci ilədək dövr üçün inkişaf gündəliyi qəbul olunacaq. Gündəlikdə sabit inkişaf sahəsində on yeddi hədəf müəyyən olunub. Yeddinci hədəf bərpa olunan enerji mənbələrinin inkişafına aiddir.

Baş Katib deyib: “Mən energetika sahəsində sabit inkişafın yeddinci hədəfinin müəyyən olunmasını alqışlayıram”.

BMT-nin rəhbəri 2011-ci ildə çıxış etdiyi “Hamı üçün sabit energetika” təşəbbüsünü xatırladıb. Bu təşəbbüs bir-biri ilə əlaqədar üç məsələnin - müasir enerji mənbələrindən hamının istifadə etməsi, enerjinin səmərəlilik səviyyəsinin ikiqat yüksəldilməsi və dünyanın enerji balansında bərpa olunan enerji mənbələrinin payının ikiqat artırılması məsələlərinin 2030-cü ilədək həllini nəzərdə tutur.

Pan Gi Mun əmin olduğunu bildirib ki, bu istiqamətlərdə səylər yoxsulluğun aradan qaldırılmasına və iqlim dəyişikliklərinə qarşı mübarizənin uğurla nəticələnməsinə gətirib çıxaracaq.

BMT-nin Baş katibi həmçinin qeyd edib ki, 2011-ci ilin təşəbbüsünü həyata keçirmək üçün minlərlə tərəfdaş, o cümlədən hökumətlərin, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin və özəl sektorun nümayəndələrini səfərbərliyə alınıb. O, qeyd edib ki, “Hamı üçün sabit energetika” təşəbbüsü çərçivəsində ekspertlər sabit energetikanın inkişafına ildə 120 milyard dollar vəsaiti necə yığmaq barədə öz fikirlərini bildiriblər.

Dünyada hər beş insandan biri hələ də elektriksiz yaşayır. Bəşəriyyətinin üçdə bir hissəsindən çoxu yemək bişirmək və evini qızdırmaq üçün hələ də kerosin, odun, kömür və peyindən istifadə edir.