Xəbərlər
Yeni dövrün yeni çağırışları
Əli Hüseynli
Milli Məclisin deputatı
Cari il ərzində həm fevralın 7-də prezident seçkilərinin, həm də sentyabrın 1-də gerçəkləşən parlament seçkilərinin ölkənin bütün ərazilərində dövlət suverenliyimizin bərqərar olduğu bir şəraitdə keçirilməsi mühüm əhəmiyyətə malik tarixi hadisələrdir. Bu seçkilərin məntiqi ardıcıllıqla baş tutması qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün vahid strateji xəttin daha möhkəm dayaqlar üzərində formalaşmasını təmin edən mühüm siyasi vasitə kimi qəbul edilməlidir.
Bu baxımdan Prezident İlham Əliyevin yeddinci çağırış Milli Məclisin ilk iclasındakı proqram xarakterli nitqi ictimaiyyət tərəfindən cəmiyyətin gələcək inkişafının yol xəritəsi kimi qiymətləndirilir. Dövlət başçısı həmin çıxışında bütün istiqamətlərdə baş verən proseslərin, eləcə də ciddi şəkildə diqqətə alınması vacib olan daxili və xarici amillərin geniş və dəqiq səciyyəsini təhlil etmişdir.
Dövlətimizin başçısı Qarabağ Zəfərini və bütün ölkə ərazisində konstitusiya quruluşunun tam şəkildə bərpa edilməsini Azərbaycan tarixinin ən əlamətdar səhifələri kimi dəyərləndirərək bu nailiyyətlərin özülündə əsas amillər kimi Azərbaycan dövlətinin qüdrətinin, xalqımızın güclü iradəsinin, həmrəyliyinin, əyilməz ruhunun durduğunu vurğuladı: “Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir. Ona görə əminəm ki, 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq. Çünki prezident və parlament seçkiləri bütün ərazilərdə keçirilərək bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu”.
Cənab İlham Əliyev 44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirlərindən sonra yaranmış yeni geosiyasi reallıqlar nəticəsində suverenliyimizin tam bərpa edilməsinin ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açdığını bildirdi. 30 illik erməni işğalından sonra Azərbaycanın genişmiqyaslı bərpa-quruculuq, inkişaf yoluna çıxdığını qədəm qoyduğunu və əldə olunan ilkin nəticələrin qürurverici olduğunu Milli Məclisin tribunasından bəyan edən Prezident parlamentarilərin diqqətinə son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə yönəltdi.
Görünən odur ki, artıq Azərbaycanın liderliyi ilə Cənubi Qafqazda möhkəm təməl üzərində inkişaf edən yeni geosiyasi düzən bütün dünya tərəfindən qəbul edilir. Dövlətimizin başçısı bunu qəbul etmək istəməyən ölkələrin və dairələrin mövcudluğunu istisna etmədən ölkəmizə qarşı hansı ideoloji təxribatların baş verdiyini açıq şəkildə bəyan etdi və onlara yönəlik ismarıcını səsləndirdi: “Biz hamımız bunu yaxşı görürük ki, bizə qarşı əsassız iddialar, ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir. Ancaq bu, nə bizim iradəmizə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz”.
Prezident, bununla yanaşı, həm də erməniləri silahlandıranlara, onları dayanıqlı sülh naminə davamlı olaraq təşəbbüslərlə çıxış edən Azərbaycanı qarşı müharibəyə təhrik edənlərin, bölgədə sabitliyi pozmağa çalışanların hələ də fəal mövcudluğuna diqqət yönəltdi. Bu təhlükələrdən ən başlıcası bir sıra dövlətlərin Ermənistanı Azərbaycana qarşı silahlandırmaları, onu yeni qarşıdurmaya təhrik etmələridir.
Bu mövqeyin önündə gedən lokomotiv Fransadır. Bu dövlətin Cənubi Qaqfaz siyasəti, rəsmi Paris tərəfindən Ermənistanın militarist siyasətinə verdiyi böyük dəstək bölgədə növbəti toqquşma ehtimalını artıra bilər. Anti-Azərbaycan cəbhəsini formalaşdıran Fransanın bu siyasətini ABŞ, Kanada, Niderland və digərləri dəstəkləyib. Dövlət başçımızın qeyd etdiyi kimi, məhz buna görə hərbi-sənaye kompleksimizi müasirləşdirmək, ordumuzu gücləndirmək kimi ən vacib məsələlər günün tələbidir.
Ermənistan iqtidarının sülhlə bağlı müsbət ifadələri isə əslində söz olaraq qalır və səmimiyyətdən çox uzaqdır. Erməni lobbisinin təsiri altından çıxa bilməyən ABŞ-nin bəzi konqresmenləri, senatorları da gec-tez Azərbaycana qarşı cəbhə açmağın mənasızlığını dərk edəcəklər.
Prezident Milli Məclisdəki çıxışında bu mərhələdə özümüzü qarşıda duran məsələlərin həllinə kökləməyimizin vacibliyini vurğuladı: “Dövlət suverenliyinin bərpa edilməsindən cəmi bir il keçir. Üç gün bundan əvvəl biz artıq bu günü bayram günü kimi qeyd etmişik. Bununla bərabər, demək istərdim ki, arxayınlaşmaq üçün heç bir əsas yoxdur. Biz bu şanlı tarixi qəlbimizdə əbədi yaşadacağıq. Azərbaycan xalqı, bütün gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər. Ancaq ölkə qarşısında duran vəzifələr icra edilməlidir ki, biz daim inkişafda olaq, öz gücümüzü artıraq və Azərbaycan xalqının bundan sonra da təhlükəsiz həyatını təmin edək”.
Beləliklə, Prezident İlham Əliyevin yeddinci çağırış Milli Məclisin ilk iclasındakı çıxışına, ilk növbədə, hazırda dünyada cərəyan edən proseslər kontekstində baxmaq lazımdır. Dövlət başçımızın bütün mesajları günün aktual məsələləri ilə səsləşən çağırışlardır. Burada əsas məsələ etibarlı təhlükəsizlik mühitinin formalaşmasıdır. Çünki onsuz heç bir digər sahədə önəmli uğur qazanmaq mümkünsüz görünür. Bu mənada Prezident İlham Əliyevin “Biz güclü olmalıyıq” çağırışı bütün zamanlar üçün aktual olaraq qalacaq. Beynəlxalq hüququn işləmədiyi, onun norma və prinsiplərinə imperiya təfəkkürlü aparıcı dünya dövlətləri tərəfindən ikili standartlarla yanaşıldığı bir şəraitdə ölkənin hərbi qüdrətinin artırılmasının vacibliyinə, güc amilinin aktuallığına diqqət çəkilməsi də məhz bu arqumentlə şərtlənir.
Yeddinci çağırış Milli Məclisə seçkilərin nəticələrinin ölkədə demokratiyanın inkişafına doğru əhəmiyyətli addım olduğunu bildirən Prezident İlham Əliyev növbəti inkişaf mərhələsində qarşıya qoyulan tarixi vəzifələrin uğurla yerinə yetirilməsində yeniləşmiş parlamentin mühüm rola malik olacağına inamını ifadə etmişdir: “...Mən əminəm ki, yeni tərkibdə Milli Məclis ölkəmizin gələcək inkişafı üçün dəyərli töhfələrini verəcək və Milli Məclis tərəfindən qəbul ediləcək qanunlar ölkəmizin demokratik inkişafı üçün gözəl şərait yaradacaqdır... Əminəm ki, yeni tərkibdə Milli Məclis bu gözəl ənənələrini daha da möhkəmləndirəcəkdir”.