YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

1994-cü ildən bu günədək Ulu Öndər Heydər Əliyevin neft strategiyası uğurla icra edilir, zənginləşir, zəfərlərə yol açır

Müasir müstəqil Azərbaycan dövlətinin neft strategiyasının əsası kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür. Şübhəsiz 30 ilin Azərbaycanın, o cümlədən ölkəmizin neft sənayesinin inkişafında hansı uğurlarla, mühüm hadisələrlə yadda qaldığını bir yazı çərçivəsində əhatə etmək mümkün deyil. Bununla belə keçilən yola  qısa nəzər salmaqla “Əsrin müqaviləsi”nin dövlətimizə və xalqımıza qazandırdığı dividentlərin aydın mənzərəsini yaratmaq mümkündür. Məlumdur ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı  ölkəmizin qarşısında geniş üfüqlər açdı. Dahi şəxsiyyət Heydər Əliyevin şah əsərlərindən biri məhz Onun böyük uzaqgörənliklə və düşünülmüş siyasəti əsasında  dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən işlənib hazırlanan neft strategiyası və bu strategiyanın əsas tərkib hissəsi olan,  Azərbaycana bugünkü reallıqları qazandıran, beynəlxalq münasibətlər sistemində əsl söz sahibinə çevirən,  təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanıdan “Əsrin müqaviləsi”dir.   Müqavilə 1994-cü il 20 sentyabr tarixində  7 ölkənin 11 ən məşhur neft şirkətinin  iştirakı ilə imzalanan bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, müstəqilliyimizin mühüm təminatçısına çevrildi.

“Əsrin müqaviləsi” çağdaş Azərbaycanın  salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini irəli sürən  Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi dahi rəhbərin uzaqgörən siyasətinin nəticəsi idi. Ulu Öndər bildirirdi ki, heç bir ölkə səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü ildə  “Əsrin müqaviləsi”ndən öncə Bakıda Beynəlxalq Neft və Qaz Sərgisinin keçirilməsi Azərbaycanın malik olduğu iqtisadi imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Məhz 1994-cü ildən başlayaraq  hər il ənənəvi keçirilən Xəzər Neft-Qaz Sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə kömək edir. 1994-cü il yalnız birinci Beynəlxalq Xəzər Neft-Qaz Sərgisi ili deyil, həmçinin “Əsrin müqaviləsi”nin imzalanması ili oldu. Bu saziş investisiyaların cəlb edilməsinə imkan yaratdı, iqtisadi sabitliyi və Azərbaycanın firavan gələcəyini təmin etdi. Başqa sözlə ölkəmizin  iqtisadi və siyasi inkişafı məhz “Əsrin müqaviləsi”ndən başladı.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, bu saziş yeni-yeni müqavilələrə, Anlaşma memorandumlarına yol açdı. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası genişləndi. Ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə xidmət edən bu saziş illər keçdikcə Azərbaycana yeni dostlar, tərəfdaşlar qazandırdı. “Əsrin müqaviləsi”nin 20 illiyində,  2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Dövlətimizin başçısı İlham Əliyev  bu mühüm hadisəni neft-qaz sektorunda  görülən işlərin zirvəsi kimi dəyərləndirdi. Cənab Prezident çıxışlarında daim bu reallığı diqqətə çatdırır ki, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim həm güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı. 1994-cü ildən  bu günə qədər Ulu Öndər Heydər Əliyevin neft strategiyası uğurla icra edilir, zənginləşir. Yeni önəmli sərmayələr cəlb edilir, addımlar atılır. 1994-cü ildən bu günədək ölkənin neft-qaz sahəsində həyata keçirilən tədbirlərin xronologiyasına nəzər salsaq görərik ki, bu, ancaq uğurlar xronologiyasıdır.

Baş redaktor onu da qeyd edib ki, “Əsrin müqaviləsi”nin uğurlu icrası 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanmasını şərtləndirdi. Belə ki, 2017-ci ilin 14 sentyabr tarixində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Bu sazişin imzalanması ilə “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başladı. Onun icra müddəti 2050-ci ilə qədər uzadıldı. Prezident İlham Əliyev   yeni imzalanan kontraktın  Azərbaycan üçün daha da əlverişli olduğunu belə əsaslandırdı ki, müqavilə imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək. SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək. SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün  kontraktın çox böyük əhəmiyyətə malik olduğu  diqqətə çatdırıldı. 2017-ci il “Yeni əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı,  ölkəmiz üçün 2 milyardıncı ton neftin hasil edilməsi ilə də  əlamətdar oldu. Milyardıncı ton Azərbaycan nefti 1971-ci ildə  çıxarılmışdı. Bu reallığı da xüsusi qeyd etməliyik ki, 1970-1980-ci illərdə Ulu Öndər  Heydər Əliyev neft sənayesinin inkişafı üçün çox mühüm addımlar atmışdır. O illərdə  neft hasilatının artırılması, yeni qurğuların işə düşməsi, dərin özüllər zavodunun məhz Azərbaycanda tikilməsi və digər önəmli hadisələr Azərbaycanın neft potensialını böyük dərəcədə möhkəmləndirdi. Həmin dövrdə  yaradılmış potensial, xüsusilə Bakı Dərin Özüllər Zavodunun fəaliyyəti bu gün  bizim neft potensialımızı gücləndirir.

Vüqar Rəhimzadə neft strategiyasının uğuru icrasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rolunu xüsusi qeyd edib. Bildirib ki, SOCAR bu gün dünya standartlarına cavab verən, lazımi iqtisadi və texniki imkanları olan, Azərbaycandan kənarda da böyük investisiya  layihələri həyata keçirən müasir bir Şirkətdir. Hazırda Azərbaycandan dünyanın onlarla ölkəsinə neft və neft məhsulları, 10 ölkəyə təbii qaz ixrac edilir. Bu fikir beynəlxalq səviyyədə də xüsusi qeyd edilir ki, SOCAR-ı yalnız uğurlar müşayiət edir. Dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirən Şirkət qarşıya qoyulan hədəflərə nail olmaq, həmçinin gündəmə gətirilən layihələrin icrası üçün kadr hazırlığına da xüsusi diqqət yönəldir. Kompleks tədbirlər ölkənin dayanıqlı inkişafında SOCAR-ın töhfələrinin artmasında əhəmiyyətli rol oynayır. Çıxışlarında BP-SOCAR əməkdaşlığının  bu gün bir çox ölkələr üçün nümunə olduğunu bildirən dövlət başçısı İlham Əliyev bildirir ki,  “Əsrin kontraktı”, “Şahdəniz” yatağı üzrə imzalanmış və icra edilən kontrakt, eyni zamanda, Dövlət Neft Şirkətini böyük beynəlxalq şirkətə çevirib. Dövlətimizin başçısı tərəfindən bu məqsəd qarşıya qoyulmuşdu ki, SOCAR böyük beynəlxalq neft şirkətinə çevrilməlidir. Bunun üçün SOCAR-ın fəaliyyəti genişləndirildi. Bu gün həm ölkə daxilində, həm xaricdə SOCAR-ın çox böyük fəaliyyəti var. Azərbaycan dövləti SOCAR-ın fəaliyyətini dəstəkləyir.

Baş redaktor bildirib ki, son 21 ilə yaxın dövrdə Azərbaycan yalnız enerji deyil, qeyri-neft sektorunda da qazandığı uğurlarla diqqətdədir. Bu da “Əsrin müqaviləsi”nin uğurlu nəticələrindəndir. Dövlətimizin başçısı İlham Əliyevin “Neft kapitalını insan karitalına çevirək!” tezisi artıq reallığa çevrilib. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin həyata keçirilməsi  neft gəlirlərindən səmərəli istifadəyə əsaslanır. Onu da qeyd edək ki, Ümummilli Lider Heydər Əliyev “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə məxsusdur” çağırışını etməklə yanaşı, böyük uzaqgörənliklə  bugünümüzə və gələcəyimizə xidmət edən bu mühüm addımı da atmışdır. Ulu Öndər Heydər Əliyevin Fərmanı əsasında 1999-cu ildə Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradılmışdır. Bu Fond neft gəlirlərindən səmərəli istifadəni təmin etməklə toplanan vəsaiti Azərbaycanın hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələrin uğurlu icrasına yönəldir. Hazırda Dövlət Neft Fondunun vəsaitlərinin həcmi 58 milyard dollardan artıqdır. Fond şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilir. Bu vəsaitlərin yönəldildiyi istiqamətlərə diqqət yetirməklə ölkəmizin inkişafı barədə aydın təsəvvürə malik olmaq olar.

Vüqar Rəhimzadə qeyd edib ki, hər dövrün öz çağırışları vardır. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün, eyni zamanda, qaz və elektrik enerjisi ixracatçısıdır. Ölkəmiz hazırda bərpaolunan enerji potensialı ilə dünyanın diqqətindədir. Bu sahədəyə  investisiya qoyuluşu günümüzün əsas çağırışları sırasındadır. Azərbaycan enerji diplomatiyasının qısa təhlili belə bir ümumiləşdirməyə əsas verir ki, Azərbaycan nəinki ənənəvi, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Ölkəmizin noyabr ayında ev sahibliyi edəcəyi COP29 bütün bu məqamlara, Azərbaycanın beynəlxalq nüfuzuna və malik olduğu imkanlara işıq salacaq.

Baş redaktor onu da əlavə edib ki, “Əsrin müqaviləsi” Azərbaycana yalnız iqtisadi deyil, həm də siyasi dividend gətirdi. Ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyi möhkəmləndi. Bu gün Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu bunun bariz nümunəsidir. Ən əsası ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu  enerji layihələri bu roluna mütəmadi olaraq yeni əlavələr edir.  Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumAvropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Azərbaycanın Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Azərbaycanın dünyadakı rolu artır və bunun təməlində Ulu Öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliyi ilə işləyib hazırladığı neft strategiyası dayanır.

Vüqar Rəhimzadə bildirib ki, bu gün hər bir sahədə “Əsrin müqaviləsi”nin uğurlarını görmək mümkündür. Azərbaycanda iqtisadi tərəqqi bütün inkişafın əsasıdır. Ölkəmizdə iqtisadi inkişaf, eyni zamanda, güclü sosial siyasətlə tamamlanır. Hər zaman bu reallıq önə çəkilir ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar onlara heç də uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir.  Amma Azərbaycanın neft strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun müəyyənləşdirməsi bu problemi yaşamamasını təmin edir. Neft gəlirlərinin ədalət prinsipi əsasında bölgüsü, eyni zamanda, düzgün istiqamətləndirilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan hazırda sosial dövlət kimi dünyanın diqqətindədir. Bu gün “Əsrin müqaviləsi”nin nəticələrini işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində görürük. Azərbaycan iqtisadi imkanlarına söykənərək dünya hərb tarixində ilkə imza atdı. Belə ki, müharibədən dərhal sonra bərpa işlərinə başlamaqla nəhəng iqtisadi və maliyyə imkanlarını nümayiş etdirdi. Düzgün qurulan siyasət davamlı uğurların əsasıdır. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması bütün  iqtisadi çətinliklərin öhdəsindən gəlməsinə geniş imkanlar açır.

Baş redaktor “Əsrin müqaviləsi”nin imzalandığı tarixin, 20 sentyabrın Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Neftçilər Günü kimi təsis olunduğunu önə çəkərək bu sahədə çalışanları bayram münasibətilə təbrik edib, onlara neft strategiyasının icrasında uğurlar diləyib. Bildirib ki, dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  neftçilər hər zaman Azərbaycanda böyük hörmətə layiq insanlar olub. Bu gün də belədir və neftçilərin əməyi əsl qəhrəmanlıqdır. Neftçi peşəsi həm hörmətli, eyni zamanda, riskli, təhlükəli peşədir. Neftçilərin ölkəmizin uğurlu inkişafında çox böyük rolu vardır. Prezident İlham Əliyev bu əminliyi də ifadə edir ki, bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır və bu, bundan sonra uzun illər belə olacaq. Söhbət ondan getmir ki, digər sektorlar inkişaf etmir, edir, ancaq nə qədər inkişaf etsə də, yaxın gələcəkdə neft-qazdan əldə edilən gəlirlərin yerini tuta bilməyəcək. Eyni zamanda, yeni layihələrin icrası bundan sonra da neft-qaz amilinin önəmli rolunu təsdiqləyəcək. Heç də təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev həyatının 9 ilinin Dövlət Neft Şirkətində keçməsi ilə fəxr etdiyini bildirir.