Xəbərlər
Gədəbəydə Zəfər Günü qeyd olunub
8 Noyabr – Zəfər Günü ərəfəsində Gədəbəy rayonunda tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının, Gədəbəy Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər heyəti, şəhid ailələri, qazilər, müharibə veteranları, idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra rayon Heydər Əliyev Mərkəzində təşkil olunan rəsm sərgisinə baxış keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov çıxış edərək bildirib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində xüsusi yer tutur. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi bu Qələbə xalqımızın birliyinin və dövlətimizin qüdrətinin parlaq təcəssümüdür.
YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev çıxışında vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə Azərbaycanın müasir tarixində dönüş nöqtəsidir. O bildirib ki, bu Zəfər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin nəticəsidir.
Rüstəm Nağıyev əlavə edib ki, bu Qələbə Azərbaycan xalqının milli həmrəyliyinin, vətənpərvərlik ruhunun və dövlətçiliyə sədaqətin təntənəsidir. O, həmçinin qeyd edib ki, bu Zəfər gələcək nəsillər üçün Vətənə xidmət nümunəsi kimi əbədi yaşayacaqdır.
Tədbirdə çıxış edən digər natiqlər də Zəfər Gününün tarixi əhəmiyyətindən, şəhid və qazilərimizin göstərdiyi qəhrəmanlıqlardan, xalqımızın birliyinin və dövlətçiliyə sədaqətin vacibliyindən danışıblar.
Qeyd edək ki, Zəfər Günü ərəfəsində Gədəbəydə ağacəkmə aksiyası da keçirilib.
