Xəbərlər
Yeni hədəflər kontekstində
Rövlan Heydərov
Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri
Azərbaycan dünya miqyasında böyük nüfuza malikdir. Prezident İlham Əliyevin uğurlu strategiyası nəticəsində ölkəmiz regional güc mərkəzinə çevrilib. Azərbaycan müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir, sivil dünyanın nüfuzlu elmi-mədəni və siyasi elitası Bakıda bir araya gəlir.
Mürəkkəb beynəlxalq münasibətlər şəraitində ayrı-ayrı dövlətlərin dünya siyasətində mövqeyini möhkəmləndirən, nüfuzunu artıran başlıca strateji amil həyata keçirilən xarici siyasət kursunun səmərəliliyidir. Uğurlu xarici siyasət kursu milli maraqların təmin olunmasını mümkün etməklə yanaşı, ölkənin qarşısında yeni inkişaf perspektivlərin yaranmasını şərtləndirir. Bu kontekstdə Azərbaycan təcrübəsi isə unikal və mütərəqqi nümunə kimi çıxış edir.
Azərbaycan dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınır, həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Elə buna görə də dünyada bir sıra nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən rəğbətlə qəbul edilir. Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı getdikcə artır. Təsadüfi deyil ki, hazırda ayrı-ayrı dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir.
Azərbaycanın ikitərəfli münasibətlərinin dinamik inkişaf etdiyi ölkələr sırasında İtaliya xüsusi yer tutur. İki ölkə arasında əlaqələrin inkişafına təkan verən bir sıra mühüm məqamlar var. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir, bu dövlətlər arasında çoxsaylı sənədlər imzalanıb. Əlaqələr siyasi-iqtisadi və sosial-humanitar sahələri əhatə edir. Azərbaycan ilə İtaliya arasında 2014-cü və 2020-ci illərdə imzalanan strateji tərəfdaşlıq üzrə iki mühüm Bəyannamə əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini sübut edir.
Sentyabrın 4-də Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri iki ölkə arasında strateji münasibətlərin inkişafı, həmçinin regional və beynəlxalq əlaqələr baxımından mühüm əhəmiyyətə malikdir. Dövlət başçımızın sentyabrın 6-da “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı bir sıra mühüm məqamlarla yadda qaldı.
Cənab İlham Əliyev Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sisteminin bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin etdiyini vurğulayıb. Hazırda Azərbaycandan qaz alan 10 ölkənin 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər daha geniş coğrafiyanı əhatə edir. Burada da artım üçün güclü potensial var. Bu gün biz ən azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparırıq.
2018-ci ildə İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana dövlət səfəri, Prezident İlham Əliyevin isə 2020-ci və 2022-ci ildə İtaliyaya işgüzar səfərləri ölkələrimiz arasında münasibətlərin ən mükəmməl səviyyəyə yüksəlməsini təmin edib. İtaliya Prezidentinin rəsmi dəvəti əsasında baş tutan son səfərin məqsədi Prezident İlham Əliyevin 2020-ci ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı ölkələrimiz arasında imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamənin icrası prosesində bir sıra sahələr üzrə aktual məsələlərin müzakirəsi, əməkdaşlığın daha da genişləndirilməsi və nəticəyönümlü növbəti addımların müəyyən edilməsidir.
Prezident İlham Əliyev tərəfindən ardıcıl həyata keçirilən demokratik proseslər və sosial-iqtisadi islahatlarla yanaşı, uğurlu xarici siyasət kursu dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini respublikamıza yönəldib. Azərbaycan regionun lider dövləti olmaqla bərabər, eyni zamanda, artıq dünyada söz sahibi olan ölkələrdən birinə çevrilib. Qarşıya qoyduğu bütün hədəflərə uğurla yetişən Azərbaycan müstəqil siyasət aparmaqla müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilməkdədir. Bir çox dövlətlərin onilliklərlə keçdiyi yolu qısa müddətdə adlayan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlər əldə etməkdə davam edir.