YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Sülh Şurasında uğurlu fəaliyyəti regional sabitliyə töhfə verir

Nigar Məmmədova

Milli Məclisin deputatı

Azərbaycanın da təmsil olunduğu Sülh Şurasının ilk iclası keçirildi və bu təsisatın hədəfləri bir daha dünyaya bəyan olundu. ABŞ Prezidenti Donald Tramp bəyan etdi ki, Şura bütün ölkələrə açıqdır və Şura sülh, dialoq, humanitar təşəbbüslərlə məşğul olan bir platforma olacaq. Bu platforma çərçivəsində fəaliyyət qarşıdurmanın azalması və qarşılıqlı anlaşmanın artmasına yönələcək. Yeri gəlmişkən, toplantıda 30 ildən çox davam edən Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması təqdir olundu. 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatlarından sonra yaranmış sülh mühiti məhz 2025-ci ilin avqustunda Vaşinqtonda rəsmiləşdi və möhkəmləndi.

Bu xüsusda “Otuz il müharibə gedib və biz onun öhdəsindən gəldik. Sizə çox minnətdaram, əla iş gördünüz. 24 saatın içərisində işi yerinə yetirdik. Çox yaxşı sülh alındı”, - deyən ABŞ Prezidenti əslində Azərbaycanın böyük qələbəsinin regionda yaratdığı yeni reallıqları nümunə kimi təqdim etdi.

Azərbaycanın Sülh Şurasında təmsil olunması təsadüfi deyil. Ölkəmizin növbəti dəfə sülhyaratma missiyasına töhfəsi, eyni zamanda beynəlxalq nüfuzun göstəricisidir. Beləliklə, Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolu artır. Sülh Şurasına qoşulan ölkəmiz Qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli münaqişədən əziyyət çəkən bütün tərəflərə daha təhlükəsiz, rifahlı gələcək qurulması kimi nəcib missiyasını paylaşacaq.

Bu, cənab Prezidentin beynəlxalq nüfuzu, liderliyi, dövlət başçımızın təhlükəsizlik və sülh istiqamətində təşəbbüsləri, həyata keçirdiyi siyasətin nəticəsidir. Ötən ilin oktyabrında da Azərbaycan Prezidenti Şarm əl-Şeyxdə Yaxın Şərq Sülh Sammitində iştirak edib. Ölkəmiz uzun müddət işğaldan, münaqişədən, humanitar fəlakətdən əziyyət çəkən tərəf kimi bütün regionlarda sabitliyi, dayanıqlı təhlükəsizliyi dəstəkləyir. Beləliklə, suverenlik və ərazi bütövlüyü prinsipini ön planda saxlayan Azərbaycan qlobal təhlükəsizlik məsələlərinə töhfə vermiş olur. Bu platformada uğurlu fəaliyyət regional sülh və sabitliyə töhfə verir.