Xəbərlər
Mohamed Sabbari: Parlament seçkilərində müşahidəçi kimi iştirak etmək bizim üçün şərəf idi
Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində müşahidəçi kimi iştirak etmək bizim üçün şərəf idi.
Bunu növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı təşkil olunan mətbuat konfransında Mərakeş parlamentinin Nümayəndələr Palatası sədrinin birinci müavini Mohamed Sabbari səsləndirib.
O, eyni zamanda, bildirib: “Biz Mərakeş nümayəndələri olaraq dünən səhər saatlarından seçki məntəqələrində olduq. Bütün mərkəzlərdə çox gözəl tərtibatlı seçki məntəqələri qurulmuşdu. Seçkilərin uğurlu olması üçün bütün qaydalara əməl edilmişdi. Orada, həmçinin namizədlərin nümayəndələri seçkini izləyirdilər. Məntəqələrdə hər hansı pozuntu olduğunu müşahidə etmədik. Bu demokratik bayram münasibətilə Azərbaycan Prezidentini, hökumətini, xalqını təbrik edirəm”.
Mərakeşlə Azərbaycan arasında gözəl əlaqələri qeyd edən Mohamed Sabbari deyib: “Dostluğumuz qardaşlıq və qarşılıqlı hörmət əsasında qurulub. Bütün mərhələlərdə hər iki dövlət arasındakı münasibətlərdə inkişaf var”.
O, həmçinin növbədənkənar parlament seçkilərinin Azərbaycanın bütün suveren ərazilərində, xüsusilə Qarabağda keçirilməsi münasibətilə təbriklərini çatdırıb.