Xəbərlər
Şamil Ayrım: Dünən keçirilən seçkilər Azərbaycan xalqının iradəsini nümayiş etdirdi
Dünən keçirilən seçkilər Azərbaycan xalqının iradəsini nümayiş etdirdi.
Bu barədə Türkiyə parlamentinin müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında bildirib.
Azərbaycanda keçirilən parlament seçkilərinin Türkiyə üçün önəmini qeyd edən Ş.Ayrım vurğulayıb ki, bu seçkilər 30 ildən sonra ölkənin bütün suveren ərazilərində keçirilir.
Regionda sülh və sabitliyin təmin olunmasının vacibliyini qeyd edən TBMM-in üzvü deyib: “Tezliklə Azərbaycan və Ermənistan sülhlə bağlı razılaşmaya gələcəyinə ümid edirik”.
Bildirilib ki, müşahidə missiyasında 4 siyasi partiyanın nümayəndələri yer alıb.
“Azərbaycan bizim üçün candır. Qarabağ Azərbaycandır. Prezident İlham Əliyevin səyləri ilə tezliklə Cənubi Qafqazda əbədi sülh və əmin-amanlıq təmin olunacaq”, - deyə Şamil Ayrım vurğulayıb.
Qeyd edək ki, sentyabrın 1-də ölkəmizin bütün suveren ərazisində VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə 125 yer uğrunda seçkilər keçirilib. Parlament seçkilərində 990 namizəd mübarizə aparıb.