Xəbərlər
Xalqın seçim bəllidir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 59 saylı Quba seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əlibala Məhərrəmzadə şəhid ailələri ilə görüşüb.
Deputatlığa namizəd Əlibala Məhərrəmzadə və YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova Vətən müharibəsi şəhidləri Rəvan Yusif oğlu Əliyevin və Samir Çingiz oğlu Süleymanovun ailələrini ziyarət ediblər.
Əvvəlcə şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin önünə gül dəstələri qoyulub, Vətənin qəhrəman övladlarının xatirəsi ehtiramla yad edilib.
Deputatlığa namizəd Əlibala Məhərrəmzadə ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin ailələrinə, qazilərimizə və müharibə iştirakçılarına olan diqqət və qayğının dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu və Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid və qazi ailələrinə, müharibə iştirakçılarına göstərdiyi bu xüsusi diqqət və qayğının ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılandığını qeyd edib. O, qarşıdan gələn parlament seçkiləri haqqında da məlumat verib.
Şəhidlərin ailə üzvləri onlara daim qayğı ilə yanaşan ölkə başçısı cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.