Xəbərlər
Azərbaycan cəmiyyətinin alternativsiz seçimi
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 38 saylı Gəncə birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Naqif Həmzəyevin YAP Gəncə şəhər təşkilatının qərargahında seçicilər ilə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Yeni Azərbaycan Partiyasının hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını və möhtəşəm qələbələrlə siyasi kampaniyaları başa vurduğunu diqqətə çatdırıb: “Azərbaycanın sürətli inkişafı, möhkəm ictimai-siyasi sabitlik hər bir vətəndaşda qürur və məmnunluq hissi doğurur, məhz buna görə də ümumxalq partiyası olan YAP Azərbaycan cəmiyyətinin alternativsiz seçimidir”.
Deputatlığa namizəd Naqif Həmzəyev YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək bildirib ki, partiyanın “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı altında təqdim etdiyi seçki platformasında Azərbaycanın 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bu günədək keçdiyi inkişaf yolu, qazandığı uğurlar və onların əsasında qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflər öz əksini tapıb.
Parlament seçkilərinin ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsinin önəmini diqqətə çatdıran təşviqat qrupunun üzvləri seçiciləri seçkilərdə fəal iştirak etməyə çağırıblar.
Görüşdə çıxış edən seçicilər qarşıdan gələn parlament seçkilərində YAP-ın namizədi Naqif Həmzəyevə səs verəcəklərini bəyan ediblər.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Naqif Həmzəyev Gülüstan qəsəbəsində ziyalı və ağsaqqallarla da görüşlər keçirib.