Xəbərlər
Yeni dövrün yeni vəzifələri
Abil Ağasəfov
YAP Qəbələ rayon təşkilatının sədri
Cəmiyyətin güzgüsü olan mətbuatımız bu gün yaranmasının 149 illiyini qeyd edir. Çətin və şərəfli yol keçən Azərbaycan mətbuatı bütün dövrlərdə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Bu gün müstəqillik tariximizdə mətbuatın inkişafına yönələn addımlardan bəhs etmək istərdik. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı yenidən quraraq bütün sahələrdə davamlı uğurlara yol açdı. Ümummilli Liderin azad mətbuatın inkişafına xidmət edən addımları davamlılığı ilə diqqətdə oldu. Senzuranın ləğvi azad mətbuatın qarşısında geniş imkanlar açdı. Qəzetlərə birdəfəlik yardımlar verildi, “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı” təsdiqləndi. Həmçinin “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” qanunlar qəbul olundu ki, bunlar da öz növbəsində müstəqil mətbuatın inkişafına böyük dəstək oldu. Ümummilli Liderin humanist addımlarından biri də qəzetlərin “Azərbaycan” nəşriyyatına borclarının dondurulması idi. Ulu Öndərin 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi dahi şəxsiyyətin Azərbaycanın 1993-cü ildən başlanan inkişaf yolunda mətbuata göstərdiyi qayğıya verilən dəyərdir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 15 mart 2003-cü ildə jurnalistlərin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə Azərbaycanda mətbuatın özünütənzimləməsini həyata keçirən qurum-Mətbuat Şurası yaradıldı.
Son 20 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev azad mətbuatın prioritetliyini önə çəkərək bu istiqamətdə zəruri addımlar atır. Bu çağırış əsas yer tutur ki, hüquqi dövləti mətbuatsız təsəvvür etmək mümkün deyil. Eyni zamanda, mətbuat hər bir ölkənin inkişaf səviyyəsinin təqdimatıdır. 2003-cü ildən bugünədək mətbuat sahəsində atılan addımların xrononologiyasına diqqət yetirmək kifayətdir. Nəzərə alsaq ki, mətbuat cəmiyyətin güzgüsüdür, bu halda qeyd edilən istiqamətdə atılan addımlar təbii ki, ölkənin davamlı inkişafı ilə sıx bağlı olacaq. Bu dövrdə mətbuatın maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, jurnalist peşəkarlığının və məsuliyyətinin artırılması dövlət siyasətində prioritet istiqamətlərdən birini təşkil edib. Bu dövrdə milli mətbuatımızın 130, 135, 140 və 145 illik yubileyləri dövlətimizin başçısı İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq paytaxt və bölgələrdə yüksək səviyyədə qeyd olundu. Prezident İlham Əliyevin Sərəncamı ilə KİV-lərin İnkişafına dövlət dəstəyi Konsepsiyası təsdiqləndi. Belə bir Konsepsiyanın təsdiqlənməsi mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni bir mərhələnin əsasını qoydu.
Məhz bu kimi addımlar dövlətimizin başçısı İlham Əliyevin son 20 ildən artıq dövrdə 3 dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsini şərtləndirdi. Prezident İlham Əliyev “Jurnalistlərin dostu” mükafatının təqdim edilməsi mərasimində bildirmişdir: “Bu mükafatın verilməsi böyük məna daşıyır. Çünki ölkə Prezidentini “Jurnalistlərin dostu” adına sizin tərəfdən layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur. Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim. Çünki müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Azərbaycanın qarşısında isə belə məqsəd qoyulub ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil edilsin. Belə olan halda Azərbaycanda media ilə bağlı məsələlər ən yüksək səviyyədə öz həllini tapmalıdır.”
Dövlət başçısı İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda ikinci Şuşa Qlobal Media Forumundakı çıxışında da mətbuatın qarşısında dayanan vəzifələrdən geniş bəhs etdi. Qeyd edək ki, Forum dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq ənənə halını alıb. Prezident İlham Əliyevin bu platformadan səsləndirdiyi çağırışların hər biri geniş müzakirə edilir, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan mövqeyi təqdir olunur. Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında bu məqama diqqəti yönəldərək bildirdi ki, burada 49 ölkədən və ev sahibi ölkədən nümayəndələr, jurnalistlər var. Yəni, bu gün Qarabağda ikinci dəfə əllidən artıq ölkənin nümayəndəsi bir araya gəlibdir: “Mən xatırlayıram ki, ötən il məhz bu auditoriyada, məhz bu tarixdə mənim iştirakçılarla çox maraqlı söhbətim oldu və o vaxt mən arzumu bildirdim ki, bu forum bir ənənəyə çevrilsin və gördüyünüz kimi, bu tədbir artıq bir ənənəyə çevrilibdir. Deyərdim ki, mən ötən forumdan bəri regionda və ölkədə baş verən hadisələrlə bağlı geniş danışmağa başlasam, bizim vaxtımız qalmaz. Bu, təkcə media sahəsində deyil, ümumiyyətlə, ölkədə və regionda baş verən hadisələrdir.”
İkinci Şuşa Qlobal Media Forumu Azərbaycanın malik olduğu imkanların təqdimatında öz sözünü dedi. Belə ki, nəzərə alsaq, hər bir ölkənin inkişafında sabitlik və iqtisadi tərəqqi başlıca amildir, Azərbaycanın bu sahələrdə malik olduğu imkanlar, mövcud durum göz qabağındadır. Azərbaycan sabitlik diyarı kimi nüfuz qazanıb. Dövlət başçısı İlham Əliyev Forum iştirakçılarının suallarını cavablandırarkən Azərbaycan ilə bağlı arzularını belə ifadə etdi ki, bu haqda fevralda inauqurasiya mərasimindəki çıxışımda danışmışam. Biz hamımız bir yerdə yeni milli ideyanı formalaşdıraq. Bizim belə bir ideyamız var idi. Bu da ərazi bütövlüyümüzün bərpası və öz ərazilərimizin qaytarılması idi. Biz buna nail olduq. Keçən ilin sentyabrında buna tamamilə nail olduq: “Lakin biz dincəlməməliyik, bu mövzunu uzun-uzadı müzakirə etməməliyik. Çünki bu mövzunu çox uzun müddət istismar etmək olar, lakin bu, bizə bir nəticə verməyəcək: “Sözsüz ki, biz heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unutmayacağıq. Biz və bizim gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək. Lakin biz buna fokuslanmamalıyıq, biz bu mövzunu daimi istismar etməməliyik və onu daimi bir rəmzə çevirməməliyik, biz irəli getməliyik. Ona görə Prezident olaraq mən cəmiyyətə üz tutub dedim ki, gəlin, birgə düşünək. Mən bunu təkbaşına düşünə bilmərəm. Hətta mən nəyi isə düşünsəm, bu, sözsüz ki, ictimai müzakirələrin, ictimai düşüncələrin, fikirlərin əsasında, yaxud da Azərbaycanda baş verən hadisələr əsasında formalaşacaq.” Hazırkı dövrün əsas prioritet istiqamətləri Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi, müdafiə gücümüzün artırılmasıdır. Bu hədəflər öz növbəsində iqtisadi və maliyyə imkanlarımızla sıx bağlıdır. Dövlət başçısı İlham Əliyev Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan da geniş bəhs etdi. Yeni əməkdaşlıq imkanlarının yarandığı xüsusi vurğulandı.
Azərbaycan daim yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınır. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyasının bu gün daha da genişlənməsi Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsinin göstəricisidir. Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında atılan addımlardan geniş bəhs edərək bildirdi ki, bütün bunlar bir məqsədə xidmət edir- Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini möhkəmləndirmək.