Xəbərlər
Regionda sülh və sabitlik üçün əhəmiyyətli töhfə

Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistana dövlət səfəri Azərbaycan-Pakistan arasındakı möhkəm qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin yeni mərhələsinin başlanğıcı oldu. Prezident Əliyev Azərbaycan və Pakistan arasındakı münasibətlərin ortaq tarixi və mədəni dəyərlərə əsaslandığını vurğulayaraq hər iki ölkənin xalqlarının arasında möhkəm dostluq əlaqələrinin olduğunu bildirdi.
Son illərdə Azərbaycana səfər edən pakistanlıların sayının artması və Bakı ilə Pakistanın üç böyük şəhəri – İslamabad, Kəraçi və Lahor – arasında birbaşa uçuşların müzakirəsi, iki ölkə arasındakı əlaqələrin gücləndiyini göstərir. Pakistanın Azərbaycanın haqlı mövqeyinə verdiyi siyasi dəstək və ikitərəfli platformalarda hər iki ölkənin bir-birinə göstərdiyi daimi dəstək bu əlaqələrin dərinliyini ortaya qoyur.
Prezident İlham Əliyev Cəmmu və Kəşmir məsələsində Azərbaycanın Pakistanı birmənalı dəstəklədiyini və beynəlxalq hüquqa sadiqliyini vurğuladı. Kəşmirlilərin hüquqlarının illərlə pozulduğunu və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının olmadığını qeyd etdi.
Azərbaycan xalqı da yaxşı bilir ki, Pakistan hər zaman Azərbaycanın yanında olub. İkinci Qarabağ müharibəsi zamanı Pakistanın verdiyi siyasi dəstək Azərbaycanın qələbəsini qeyd edən zaman Azərbaycan, Pakistan və Türkiyə bayraqlarının birlikdə dalğalanması bu qardaşlıq əlaqələrinin nə qədər dərin olduğunu göstərir.
Səfər zamanı imzalanan sənədlər arasında konsulluq sahəsində əməkdaşlıq, ticarət, dövlət əmlakının özəlləşdirilməsi, mineral ehtiyatlar və geologiya, mədəni mübadilə proqramı və informasiya texnologiyaları sahələrində anlaşma memorandumları yer aldı. Bu sənədlər, iki ölkə arasında iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığın daha da şaxələndirilməsinə və dərinləşdirilməsinə zəmin yaradır.
Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda qarşılıqlı dəstək və əməkdaşlıq çərçivəsində möhkəmlənir. 1991-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olan Pakistan, o vaxtdan bəri daim Azərbaycanın yanında olub və Ermənistanla diplomatik münasibətlər qurmamaqla, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
İki ölkə arasındakı əlaqələrin təməlləri Ümummilli Lider Heydər Əliyevin Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə 1994-cü ildə Kasablankada keçirilən görüşündən sonra daha da möhkəmləndi və bugünkü strateji müttəfiqlik səviyyəsinə çatdı. Prezident İlham Əliyevin Pakistanla əlaqələrin inkişafına verdiyi xüsusi önəm iki ölkənin ali siyasi rəhbərliyi arasındakı yüksək səviyyəli münasibətlər və qarşılıqlı inam və etimada əsaslanır.
Beləliklə, Azərbaycan-Pakistan əlaqələri səmimi qardaşlıq və strateji tərəfdaşlıq təməlləri üzərində daha da güclənir və inkişaf edir. Bu münasibətlər, hər iki xalqın rifahı və regionda sülh və sabitlik üçün əhəmiyyətli töhfələr verir.