Xəbərlər
“Heydər Əliyev irsində azərbaycançılıq məfkurəsi və milli ideologiya”
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Heydər Əliyev irsinin öyrədilməsi” mövzusunda dərslər davam etdirilir. BŞTİ və Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən dərslər “Heydər Əliyev irsində azərbaycançılıq məfkurəsi və milli ideologiya” mövzusuna həsr olunub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb. Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Günay Qurbanova, 212 nömrəli tam orta məktəbin direktoru Sevil Cavadova çıxış ediblər.
Çıxışlarda Heydər Əliyev irsinin Azərbaycan xalqının milli kimliyinin, dövlətçilik düşüncəsinin və ideoloji birliyinin möhkəm təməli olduğu bildirilib. Qeyd edilib ki, bu irsin mərkəzində dayanan azərbaycançılıq məfkurəsi milli ideologiyamızın əsas sütunu kimi xalqımızı dil, mədəniyyət, tarix və dövlətçilik ətrafında birləşdirən güclü ideyadır. Ümummilli Lider Heydər Əliyev azərbaycançılığı yalnız etnik mənsubiyyət kimi deyil, cəmiyyətin bütün təbəqələrini birləşdirən ümummilli dəyər kimi qiymətləndirib.
Tədbir çərçivəsində YAP Nərimanov rayon təşkilatı tərəfindən şagirdlər arasında keçirilən “Zəfərin səsi - Qürur günümüz” adlı inşa-yazı müsabiqəsinin qalibləri təltif olunub.
Sonda şagirdlərin Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı sualları cavablandırılıb.
Tədbir 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvünün ifası ilə davam edib.
Qeyd edək ki, “Heydər Əliyev irsinin öyrədilməsi” mövzusunda dərslər 2025-2026-cı tədris ilinin sonunadək paytaxtın ümumtəhsil müəssisələrində davam etdiriləcək.
