YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-ABŞ münasibətləri: regional və qlobal proseslərin mühüm komponenti

“Azərbaycan-ABŞ münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq regional və qlobal proseslərin mühüm komponentinə çevrilməkdədir. Xüsusilə Bakının Cənubi Qafqazda formalaşdırdığı yeni iqtisadi, siyasi və təhlükəsizlik reallıqları Vaşinqtonun bölgəyə baxışını əhəmiyyətli dərəcədə dəyişib. Əgər əvvəlki mərhələlərdə ABŞ-ın regiona münasibəti daha çox normativ və vasitəçi yanaşma üzərində qurulurdusa, hazırkı mərhələdə bu münasibətlər praqmatik, işgüzar və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelinə transformasiya olunmaqdadır”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Azərbaycanın müstəqil xarici siyasət kursu, regional liderlik statusu və xüsusilə postmünaqişə dövründə nümayiş etdirdiyi sülhpərvər, konstruktiv mövqe ABŞ üçün ölkəmizi Cənubi Qafqazda etibarlı tərəfdaş kimi ön plana çıxarıb. Bakı yalnız enerji ixracatçısı və tranzit ölkə kimi deyil, həm də regional təhlükəsizliyin təmin olunmasında, beynəlxalq sülh təşəbbüslərinin irəli aparılmasında mühüm aktor kimi qəbul edilir. Məhz bu reallıqlar fonunda Vaşinqtonun Azərbaycanla münasibətləri yeni məzmunla zənginləşir. Bu kontekstdə ABŞ-ın vitse-prezidenti Cey. Di. Vensin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri böyük əhəmiyyət daşıyır. Bu səfər, sadəcə diplomatik missiya kimi xarakterizə oluna bilməz. Bu, Azərbaycan-ABŞ münasibətlərinin strateji səviyyədə yenidən formatlaşdırılmasının göstəricisi kimi dəyərləndirilməlidir. Hazırkı proseslər tərəflər arasında uzunmüddətli və institusional əməkdaşlıq üçün möhkəm zəmin formalaşdırır və münasibətləri daha perspektivli, çoxşaxəli və dayanıqlı edir.

Millət vəkilinin sözlərinə görə, fevralın 10-da Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ-ın  vitse-prezidenti Vensin görüşündə ikitərəfli münasibətlərin inkişafına dair faydalı müzakirələr aparılıb. Dövlət başçısının dediyi kimi, biz ölkələrimiz arasında münasibətlərə, xüsusilə son altı ayda baş verənlərə yüksək dəyər veririk. Görüşdə, həmçinin ötən ilin avqustunda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülhün təmin olunması üçün ABŞ Prezidenti Donald Trampın rolu xüsusi vurğulanıb. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyev bildirib: “Ötən avqustda Ermənistan və Azərbaycan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar və biz Prezident Trampın, həmçinin şahid kimi imzaladığı Sülh haqqında Birgə Bəyannaməni imzaladıq. Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik. Biz bu cür böyük töhfəyə görə ABŞ Hökumətinə çox minnətdarıq”. ABŞ-ın vitse-prezidenti Vens isə sülh prosesində Prezident İlham Əliyevin rolunu xüsusi qeyd edərək deyib: “Hazırda sülh sazişi baxımından düşünürəm ki, Prezident Əliyev həqiqətən böyük təşəkkürə layiqdir. Ermənistanın Baş naziri və Azərbaycan Prezidentinin liderliyi olmasaydı, biz sülh sazişinə nail ola bilməzdik. Düşünürəm ki, üç şəxs tarixi sülhü yaratdı. Bu ölkənin Prezidenti, Ermənistanın Baş naziri və əlbəttə, ABŞ Prezidenti birgə işləyərək, əvvəllər müharibə olmuş məkanda sülh yaratdılar. Düşünürəm ki, gələcəkdə bir vaxtlar yalnız mübarizə və münaqişə olan yerdə əmin-amanlıq yaranacaq. Bu, Prezident Əliyevin liderliyinin və rəhbərliyinin bariz nümunəsidir”.

Pərvin Kərimzadə qeyd edib ki, artıq region üçün strateji əhəmiyyət kəsb edən TRIPP layihəsi də reallaşmaq üzrədir. Çünki bu istiqamətdə praktiki addımlar atılır. Prezident İlham Əliyevin dediyi kimi, TRIPP layihəsi nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir.

ABŞ nümayəndə heyətinin  səfərinin ən mühüm məqamı isə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanmasıdır. Sənədə əsasən tərəflər üç istiqamətdə əməkdaşlığa xüsusi diqqət yetirəcək. Birincisi, enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılardır. İkincisi, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayələr, üçüncüsü isə müdafiə məhsullarının satışı və terrorizmə qarşı mübarizə daxil olmaqla təhlükəsizlik sahəsində əməkdaşlıqdan ibarətdir. Bu sənəd, əslində Azərbaycanla ABŞ arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir.

Xartiyada hər iki dövlət  ikitərəfli münasibətlərinin əsası kimi bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini bir daha təsdiqləyiblər. Sənəddə əsasm məqamlardan biri də təhlükəsizliklə bağlıdır. Məlumdur ki, ABŞ-Azərbaycan münasibətlərinin əsas istiqamətlərindən biri təhlükəsizlik sahəsində əməkdaşlıqdır. Bu əməkdaşlıq tarixi baxımdan 2000-ci illərin əvvəllərinə, qlobal terrorizmə qarşı mübarizənin intensivləşdiyi dövrə təsadüf edir. Azərbaycan həmin mərhələdə ABŞ-ın yaxın tərəfdaşı kimi çıxış edərək beynəlxalq antiterror koalisiyasında fəal iştirak edərək regionda sabitliyin qorunmasına mühüm töhfələr verib. Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı kontingentləri müxtəlif illərdə Əfqanıstan, İraq və digər münaqişə zonalarında beynəlxalq təhlükəsizlik missiyalarında iştirak edərək ölkəmizin qlobal təhlükəsizliyə verdiyi töhfəni nümayiş etdirib. Bu, Bakının yalnız regional deyil, həm də qlobal miqyasda məsuliyyətli aktor kimi çıxış etdiyini təsdiqləyir. Azərbaycanın beynəlxalq terrorizm və təhlükəsizliklə bağlı rolunu ABŞ-ın vitse-prezidenti cənab Vens də mətbuata bəyanat zamanı qeyd edib.  

“Postmünaqişə dövründə Azərbaycan Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasında aparıcı rol oynamaqdadır. Regional əməkdaşlıq mexanizmlərinin təşviqi, sülh müqaviləsinin irəli aparılması istiqamətində atılan addımlar və beynəlxalq təşəbbüslərə qoşulma ABŞ üçün Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Azərbaycanın Sülh Şurası Nizamnaməsini imzalayaraq təsisçi dövlətlərdən biri olması da qlobal sülh gündəliyinə sadiqliyinin göstəricisidir. Bu faktorlar ABŞ-Azərbaycan münasibətlərində təhlükəsizlik komponentinin yalnız keçmişin irsi deyil, gələcək əməkdaşlığın da əsas istiqamətlərindən biri olacağını deməyə əsas verir”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv