Xəbərlər
Müstəqil xarici siyasətin və uzaqgörən dövlətçilik xəttinin növbəti böyük diplomatik zəfəri
Anar Məmmədov
Milli Məclisin deputatı
Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey Di Vensin Bakıya rəsmi səfəri və səfər çərçivəsində imzalanmış Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası iki ölkə arasındakı münasibətləri artıq geri dönməz və keyfiyyətcə daha üstün bir mərhələyə yüksəldib.
Dünyada geosiyasi konfiqurasiyaların yenidən qurulduğu bir dövrdə ABŞ administrasiyasının ən yüksək səviyyəli təmsilçisinin Bakıda olması təsadüfi deyil. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bölgədə yaratdığı yeni reallıqların Vaşinqton tərəfindən tam dəstəklənməsinin təzahürüdür. Bu tarixi sənədin təməli ötən ilin avqust ayında Vaşinqtonda, Ağ Evdə qoyulub. Məhz o zaman Prezident İlham Əliyev, Prezident Donald Tramp və Baş nazir Nikol Paşinyan arasında baş tutan üçtərəfli görüş regionda onilliklərdir davam edən münaqişənin sülh mərhələsinə keçidi üçün həlledici iradə nümayiş etdirdi. Həmin görüşdə əldə olunan razılaşmalar və imzalanan niyyət protokolları bu gün Bakıda rəsmiləşən Xartiyanın əsasını təşkil edir. Vaşinqtonda nümayiş etdirilən dövlət başçılarının qətiyyətli iradəsi münasibətlərimizin dinamik inkişafı üçün yeni bir fundament yaratdı. İmzalanan Xartiya sadəcə ikitərəfli əməkdaşlığı dərinləşdirmir, həm də Cənubi Qafqazın təhlükəsizlik arxitekturasını yenidən müəyyən edir.
Cənab Prezident İlham Əliyevin də xüsusi vurğuladığı kimi, “Tramp–Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir”. Bu sitat layihənin sadəcə bir nəqliyyat yolu deyil, həm də böyük bir sülh konsepsiyası olduğunu ortaya qoyur. TRIPP layihəsinin əsas missiyası Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa, maneəsiz və təhlükəsiz quru əlaqəsini təmin etmək, qonşu ölkənin regional izolyasiyadan çıxması və iqtisadi asılılıq vasitəsilə sülhə məcbur edilməsi, Asiya və Avropa arasındakı ən qısa, ən ucuz və ən təhlükəsiz yol kimi çıxış etməkdir.
Tərəflər həmçinin müdafiə məhsullarının satışı sahəsində perspektivli əməkdaşlığa başlayır. Eyni zamanda, süni intellekt mərkəzlərinin yaradılması da ikitərəfli gündəliyin bir hissəsidir. Dövlət başçımız bəyan etdi ki, Amerikanın aparıcı şirkətləri ilə işbirliyi qurulub və artıq ilkin nəticələr var.
Səfər çərçivəsində imzalanan sənədlər və aparılan müzakirələr göstərdi ki, Bakı və Vaşinqton artıq regionda davamlı sülhün təmininə dair ortaq öhdəliklərini təsdiqləyiblər. ABŞ-ın yeni administrasiyası Azərbaycanın sülh gündəmini və iqtisadi təşəbbüslərini tam dəstəkləyir. Regionda sülh sahəsində əldə olunmuş nəticələrin gücləndirilməsi artıq sadəcə niyyət deyil, TRIPP kimi konkret investisiya və infrastruktur layihələri ilə möhkəmləndirilən reallıqdır.
Nəticə olaraq, Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti cənab Cey Di Vensin Bakıya rəsmi səfəri və imzalanmış sənədlər Azərbaycan-ABŞ əlaqələrini klassik diplomatik münasibətlər çərçivəsindən çıxararaq, sarsılmaz bir strateji ittifaqa çevirir. Bu yeni mərhələ sadəcə iki dövlət arasında əməkdaşlıq deyil, həm də regionun gələcək taleyini müəyyən edən bir təhlükəsizlik və inkişaf arxitekturasıdır.
Biz imzalanmış Strateji Xartiyanı ölkəmizin suverenliyinin, iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun təntənəsi kimi qiymətləndiririk. Azərbaycan artıq qlobal layihələrin mərkəzində dayanan, ABŞ kimi nəhəng bir güclə bərabərhüquqlu və strateji tərəfdaşlıq edən bir dövlətdir. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasətin və uzaqgörən dövlətçilik xəttinin növbəti böyük diplomatik zəfəridir.
