YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-Azərbaycan: ortaq maraqlara əsaslanan strateji hədəflər reallığa çevrilir

Bədəl Bədəlov

Milli Məclisin deputatı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər iki dövlət arasında münasibətlərin tarixində mühüm hadisə kimi dəyərləndirilir. Dövlətimizin başçısının mətbuata verdiyi bəyanat, aparılan danışıqların məzmunu və imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya göstərir ki, əlaqələr artıq təkcə diplomatik təmaslar çərçivəsində deyil, sistemli, institusional və uzunmüddətli strateji əməkdaşlıq modeli əsasında inkişaf edir. Bu səfər qarşılıqlı etimadın, siyasi iradənin və ortaq maraqların konkret nəticələrə çevrildiyini bir daha təsdiqləyir.

Dövlətimizin başçısı çıxışında Tramp–Vens administrasiyasının nümayiş etdirdiyi müsbət münasibətə görə minnətdarlığını bildirib. Altı ay əvvəl Vaşinqtonda keçirilən tarixi görüşdən sonra yaradılmış işçi qrupları intensiv fəaliyyət göstərərək münasibətlərin strateji əsaslarını formalaşdırıblar. Bu müddətdə aparılan gərgin işin nəticəsi olaraq Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması iki tərəfin siyasi iradəsinin real təzahürü kimi dəyərləndirilir. “Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir” fikri münasibətlərin miqyasını və əhəmiyyətini ifadə edir. Bu tərəfdaşlıq yalnız ikitərəfli maraqlara deyil, həm də regional sabitliyə, iqtisadi inteqrasiyaya və təhlükəsizliyə xidmət edən geniş geosiyasi çərçivəyə malikdir.

Prezident İlham Əliyevin bəyanatında Qafqazda formalaşan yeni siyasi reallıqlar da qeyd olunub. Ötən il avqustun 8-də Ağ Evdə ABŞ Prezidentinin iştirakı ilə keçirilən görüş zamanı Ermənistan və Azərbaycan sülh sazişini paraflayaraq uzun illər davam edən qarşıdurmanın aradan qaldırılması istiqamətində mühüm addım atıblar, eyni zamanda Sülh haqqında Birgə Bəyannamə imzalanıb. Artıq aylardır davam edən sabitlik mühiti, ticarət və humanitar əlaqələrin bərpası regionda əməkdaşlıq dövrünün başlandığını göstərir. ABŞ-ın bu prosesə verdiyi töhfə xüsusi dəyərləndirilir və sülh təşəbbüslərinin praktik nəticə verdiyi vurğulanır.

Strateji gündəliyin əsas istiqamətlərindən biri nəqliyyat və tranzit imkanlarının genişləndirilməsidir. Trans-Xəzər Nəqliyyat Dəhlizi – Orta Dəhliz çərçivəsində quru, dəniz və hava infrastrukturunun modernləşdirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, logistika şəbəkələrinin təkmilləşdirilməsi və enerji-data xətlərinin inkişafı regionu qlobal ticarət marşrutlarının mühüm qovşağına çevirir. Xüsusilə Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsi əsas hissə ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməklə yanaşı, Asiya ilə Avropanı birləşdirən etibarlı və təhlükəsiz daşımalar dəhlizi kimi böyük strateji əhəmiyyət daşıyır. Bu layihə iqtisadi əməkdaşlığı genişləndirir və sülhün möhkəmlənməsinə real töhfə verir.

Enerji sahəsi isə əməkdaşlığın ən güclü dayaqlarından biri olaraq qalır. Bu gün təbii qaz ixracı ilə 16 dövlətin enerji təhlükəsizliyinə töhfə verilməsi tərəfdaşlığın yalnız regional deyil, qlobal miqyasda əhəmiyyətini göstərir. Xartiyada neft, qaz və elektrik enerjisi sahəsində birgə layihələrin genişləndirilməsi, interkonnektorların yaradılması, təchizat marşrutlarının şaxələndirilməsi və mülki nüvə əməkdaşlığının dərinləşdirilməsi kimi istiqamətlər nəzərdə tutulur. Bu yanaşma enerji bazarlarında sabitliyi təmin etməklə yanaşı, qarşılıqlı etibarı daha da möhkəmləndirir.

İqtisadiyyat və sərmayə məsələləri də sənəddə geniş yer tutur. Biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun fəal iştirakı, qarşılıqlı investisiyaların təşviqi və yeni dialoq platformalarının yaradılması iqtisadi münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Bu faktor dayanıqlı artım və iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Xüsusilə süni intellekt, data mərkəzləri, rəqəmsal infrastruktur və innovasiya sahələrində əməkdaşlıq gələcək inkişafın əsas istiqamətlərindən hesab olunur. Aparıcı Amerika şirkətləri ilə birgə həyata keçirilən layihələr bilik və texnologiya transferini sürətləndirir, gənclər üçün yeni imkanlar yaradır və rəqabətqabiliyyətli iqtisadi modelin formalaşmasına şərait yaradır. Bu amil ənənəvi enerji və tranzit imkanları ilə yanaşı, yüksək texnologiyalara əsaslanan yeni iqtisadi sütunun yaranması deməkdir.

Təhlükəsizlik və müdafiə əməkdaşlığı da Xartiyanın vacib komponentlərindəndir. Antiterror mübarizə, kibertəhlükəsizlik, müdafiə sənayesi məhsullarının satışı, mühüm infrastrukturun qorunması və humanitar minatəmizləmə sahələrində birgə fəaliyyət regional sabitliyə birbaşa xidmət edir. Bu istiqamətlər yalnız iki dövlətin maraqlarını deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik mühitini gücləndirir. Dövlətimizin başçısı mətbuata bəyanatında qeyd edib ki, biz müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açırıq və bu, həmçinin perspektivlidir: “Əlbəttə ki, süni intellekt mərkəzlərinin yaradılması bu gün ikitərəfli gündəliyimizin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi quraraq artıq ilkin nəticələrimiz var. Başqa sözlə, Vitse-prezident Vensin bugünkü səfəri imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti, dostumuz və qonağımızın qəbulu baxımından tarixidir”.

Sənəddə nəzərdə tutulan institusional mexanizmlər – işçi qrupları, müntəzəm görüşlər və yol xəritələri tərəfdaşlığın davamlı və sistemli şəkildə həyata keçiriləcəyini göstərir. Bu isə əməkdaşlığın təsadüfi deyil, planlı və uzunmüddətli xarakter daşıdığını sübut edir. Beləliklə, Vitse-prezident Cey. Di. Vensin səfəri və imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası iki dövlət arasında münasibətlərin yeni mərhələyə daxil olduğunu nümayiş etdirir. Siyasi dialoq, sülh təşəbbüsləri, enerji təhlükəsizliyi, tranzit imkanları, yüksək texnologiyalar və müdafiə sahəsində genişlənən əməkdaşlıq əlaqələrin daha dərin, çoxşaxəli və dayanıqlı xarakter aldığını göstərir. Bu mərhələ regionda sabitliyin möhkəmlənməsi və rifahın artması üçün möhkəm zəmin yaradır.

DİGƏR Xəbərlər Arxiv