YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətçilik tariximizin şanlı səhifəsi

Saleh Məhərrəmov

YAP Oğuz rayon təşkilatının sədri                                             

Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günüdür. Həmin tarixi gündən bizi 31 illik zaman ayırır.

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davam edən işğalı, getdikcə gərginləşən iqtisadi-siyasi, sosial vəziyyət ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır.

Həmin  dövrdə cəmiyyətdə belə bir ümumi fikir yaranmışdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir olan yeganə şəxsiyyət Heydər Əliyevdir. Xalqımız öz dahi oğlunu təkidlə hakimiyyətə dəvət edirdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya gəldi və bir neçə gündən sonra hakimiyyətin sükanı arxasına keçdi. Bu, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanı real təhlükələrdən xilas etməklə yanaşı, gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və bu istiqamətdə ilk mühüm addımlar atdı. Ulu Öndərin gərgin fəaliyyəti, səyləri nəticəsində ictimai-siyasi sabitlik bərqərar olundu, böyük təhlükə mənbəyi olan qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, sosial-iqtisadi dirçəlişə yol açan islahatlar başlandı. Gələcəyə, konkret nəticələrə hesablanmış bu siyasət nəticəsində, həmçinin Ermənistan silahlı qüvvələrinin torpaqlarımıza davam edən təcavüzünün qarşısını almaq mümkün oldu.

Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, respublikanın inkişafının sarsılmaz təməlləri qoyuldu.

İyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilən Heydər Əliyev deyirdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır”.

Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı qürur səhifəsini təşkil edir. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması,  beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin adı tarixə müstəqilliyimizin xilaskarı, qarantı kimi yazılıb.

Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi ulu öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Azərbaycanın müstəqil və qüdrətli dövlət kimi inamlı inkişafını, tarixin ən çətin sınaqlarından uğurla çıxmasını təmin edən Ulu Öndər Heydər Əliyev, sözün əsl mənasında, xilaskar, qurucu lider rolunu oynadı. Ötən dövrə nəzər saldıqda aydın görürük ki, müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Bu əsərin təməl daşının qoyulduğu gün - 15 iyun tariximizin ən parlaq səhifələrindən biridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.

Qədirbilən xalqımız Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini daim minnətdarlıq hissi ilə xatırlayır. Ümummilli Liderin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis yetişdirməsidir. Ulu Öndərin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz dinamik inkişaf edir, dünya siyasi arenasında layiqli yer tutur, milli maraqlarımız bütün səviyyələrdə qətiyyətlə qorunur.

Xalqımız artıq 4 ildir ki, bu günü qalib xalq kimi daha yüksək əhvali-ruhiyyə, milli qürur hissi, Qələbə ovqatı ilə qeyd edir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər və digər uğurlar öz başlanğıcını məhz Milli Qurtuluş Günündən götürür. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Dahi şəxsiyyətin arzuları reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında və digər işğaldan azad olunmuş ərazilərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Qarabağ Zəfəri bölgədə yeni reallıqlar yaradıb. Dünyanın bir çox dövlətləri və güc mərkəzləri bu reallıqları qəbul edir, onunla hesablaşır. Azərbaycan postmüharibə dövrünün gündəliyini diktə edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda, Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirilir. Xalqımız əmindir ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bundan sonra da böyük uğurlar qazanacaq, öz qüdrətini daha da artıracaq. Çünki ölkəmizin İlham Əliyev kimi qətiyyətli, güclü siyasi iradəyə malik, xalqının və dövlətinin maraqlarını əzmlə, cəsarətlə müdafiə edən Prezidenti var.