Xəbərlər
Ölkələrimiz arasında tarixi əlaqələr mövcuddur

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Prezident İlham Əliyev cari ilin 8 iyun tarixində Qahirəyə rəsmi səfər zamanı mətbuata bəyanatla çıxış edib. Çıxışı zamanı Dövlət başçısı Azərbaycan-Misir münasibətlərinin çox yaxşı səviyyədə olduğunu, ölkələrimiz arasında tarixi əlaqələrin mövcudluğunu qeyd etdi. Prezident İlham Əliyev bütövlükdə ərəb dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğuladı.
Misir Azərbaycanın tərəfdaş olduğu ölkələrdən biridir. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqillik əldə etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. İki ölkə arasındakı əlaqələrin inkişafına Qarabağ münaqişəsinin həlli məsələsində Misirin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi də öz müsbət təsirini göstərib. Bir çox beynəlxalq qurumlarda, həmçinin İslam Konfransı Təşkilatında da Misir daim ölkəmizə dəstək verib. Hər iki ölkə neft və qaz hasil edən dövlətlər kimi dünya enerji bazarının tənzimlənməsində mühüm rol oynayır. İqtisadi münasibətlərimizin dərinləşməsi üçün geniş imkanlar mövcuddur. İki respublika arasında münasibətlərin şaxələndirilməsində dövlət rəsmilərinin səfərləri də mühüm rol oynayıb. Azərbaycan və Misir arasındakı əlaqələr hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Prezident İlham Əliyev çıxışında Ermənistanla münasibətlərə toxunaraq onu da qeyd etdi ki, Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar. Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırıldı. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmışdır və biz bunu müsbət hal kimi qiymətləndiririk. Eyni zamanda, hesab edirəm ki, danışıqlar prosesində də irəliləyiş üçün yaxşı imkanlar var. Hər halda Azərbaycan buna hazırdır. Onu da bildirdim ki, Azərbaycan keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir. Əlbəttə ki, bu, Ermənistan ilə normallaşdırma yolumuzda önəmli amil olacaqdır. Həmkarımın diqqətinə o da çatdırıldı ki, iki ilə yaxındır Azərbaycan-Ermənistan şərti sərhədində sakitlikdir, heç bir atəşkəs pozuntusu müşahidə edilmir.
Prezident İlham Əliyevin Misirə işgüzar səfəri iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə müsbət təsir göstərməklə, qarşılıqlı faydalı əməkdaşlıq sahəsində daha böyük nəticələrin əldə olunmasına imkan yaradacaq.