YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev irsində milli dövlətçilik strategiyası: tarixi-siyasi təhlil

Emin Şıxəliyev

Naxçıvan MR Ali Məclisinin deputatı,

Naxçıvan Dövlət Universitetinin dosenti, tarix elmləri doktoru

Azərbaycan xalqının həyatında, müstəqilliyinə qovuşmasında, inkişaf və tərəqqisində, milli dəyərlərinin formalaşmasında, tarixinin, mədəniyyətinin qorunub yaşadılmasında, ordu quruculuğunda, onun güclənməsində, xarici siyasət xəttinin müəyyənləşdirilməsində, möhkəmləndirilməsində və daha necə saymadığımız bütün istiqamətlərdə və digər məsələlərdə Ulu Öndər Heydər Əliyevin rolu əvəzsizdir. 1990-cı illərin son dərəcə ağır, bir çox hallarda hətta ümidsiz hesab edilən reallıqları ilə müasir Azərbaycan dövlətinin dünyadakı hazırkı yerinin müqayisəsi Ulu Öndərin Azərbaycan dövləti qarşısında xidmətlərinin miqyasını daha aydın görməyə imkan yaradır.

Beynəlxalq siyasətdə baş verən hadisələr və tarixi reallıqlar fonunda təhlillər aparsaq, görərik ki, hər bir böyük dövlətin özü kimi böyük güc siyasəti vardır və bu siyasət yolunda qarşıya çıxan bütün maneələrə qarşı amansız hücumlar və təhdidlər olur, təzyiqlər göstərilir, öz nüfuz dairələrini genişləndirmək üçün təsir rıçaqları işə salınır, müxtəlif təhlükəli vasitələrdən, etnik-milli amillərdən istifadə olunur.

Təsirlərə, təhdidlərə və hücumlara məruz qalan kiçik dövlətlər isə bu güc siyasəti qarşısında müqavimət göstərərək ya tarix səhnəsindən çəkilir, ya forposta çevrilir ya da böyük əzm və iradə nümayiş etdirərək öz təhlükəsizliyini qoruyur və dünya miqyasında böyük nüfuz qazanır. Bunun üçün o xalqa, o dövlətə dərin ağıla və dəmir məntiqə sahib güclü lider ehtiyac olur.

Hər bir xalqın, hər bir millətin daim arzusunda olduğu, çatmaq istədiyi, uğrunda əsrlərlə mübarizə apardığı bir amal var: azadlıq, müstəqillik. Azadlığı, müstəqilliyi əldə etmək üçün tarix yazmaq, tarix yaratmaq lazım gəlir. Tarix yazmaq, tarix yaratmaq üçün isə dahi şəxsiyyətlər yetişdirmək vacibdir. Bu baxımdan Ümummilli Lider Heydər Əliyev sözün əsl mənasında tarixdə Azərbaycan dövləti və xalqı üçün yeni bir səhifə açdı, tarix yazdı, tarix yaratdı.

Bir daha “böyük güc siyasəti” məsələsinə qayıtmaq istərdik. Məlum olduğu kimi, geosiyasət elmində müxtəlif konsepsiyalar və elmi yanaşmalar vardır. Siyasi ədəbiyyatda daha çox realist geosiyasi nəzəriyyə hesab olunan hərbi-strateji konsepsiyanın banisi Nikolo Makiavelli özünün “Dövlət” adlı əsərində beynəlxalq münasibətlərin və dövlətlərarası əlaqələrin real mənzərəsini və məqsədlərini əks etdirərək bildirirdi ki, dövlətlərin xarici siyasəti onların milli maraqlarına söykənərək dünyada gücün təsiri ilə aparılır. Makiavellinin realist geosiyasi ideyalarını sonrakı dövrdə məşhur Prussiya generalı, eyni zamanda geostrateq Karl fon Klauzevits “Müharibə haqqında” əsərində inkişaf etdirmişdir. Bu kimi hərbi-nəzəriyyə tərəfdarlarının fikrincə, dövlət öz maraqlarını və təhlükəsizliyini hərbi güc tətbiq etməklə, yaxud məcbur etmə yolu ilə təmin edə bilər. Onlara görə, dövlətlərarası münasibətlərin müəyyən normaları olmalı və bunlar dövlətin gücü ilə qorunmalıdır. Bu normaların qorunmasının təminatı da müharibə təhlükəsi olmalıdır.

Avropanın idealist geosiyasət nəzəriyyəçiləri hesab olunan E.Kant, Volter, Monteskye və s. kimi maarifçi-filosofları isə o dövrdə “müharibə ilə qorxutma” ideyasının tərəfdarı olan realist geosiyasətçiləri “anti-humanist” hərəkətlərinə görə ciddi tənqid edərək, onların bu mövqeyini “anti-əxlaqi” yanaşma kimi dəyərləndirmiş, dünyada insanlar və dövlətlər arasında münasibətlərin müharibəsiz, münaqişəsiz, hakimlik və məhkumluqdan uzaq bir modelini təklif etmişlər. Onların modelində dünya qanlı müharibələrdən, qarşıdurmalardan uzaq, ideal bir insan cəmiyyəti kimi təsvir olunur, sabit dünya təlqin edilirdi. Amma əlbəttə ki, bu yanaşma sadəcə idealist bir yanaşmadır və beynəlxalq sistem bu cür yanaşmadan təəssüf ki, uzaqdır.

Alman geosiyasət məktəbinin parlaq simalarından olan Fridrix Ratsel hərbi-strateji konsepsiya tərəfdarları olan N.Makiavelli və K.Klauzevitsin ideyalarını inkişaf etdirərək təbii insan orqanizmi ilə dövlət arasında bənzərlik quraraq öz nəzəriyyəsini ortaya qoyur. Onun fikrincə, dövlət konkret məkanda kök salmış canlı orqanizmdir, o doğulur, böyüyür, inkişaf edir, geri çəkilir və məhv olur. Əlbəttə, bu orqanizm yaşamaq üçün onu əhatə edən digər orqanizmlərlə təmasa girir, mübarizə aparır, onun həyat resurslarına sahib çıxır və yaşamağa davam edir. Bu halda həyat resursunu itirən xalq varlığına son qoyaraq aradan çıxır... Bir qrup xalqların işğala məruz qalması və ərazilərinin ekspansiyası digər dövlətlərin inkişafının əsasını təşkil edir.

Ratselin nəzəriyyəsi təhlükəli bir konsepsiya olsa da, olduqca realist bir yanaşmadır, beynəlxalq sistemin özəyini təşkil edir və böyük dövlətlərin böyük güc siyasətini ortaya qoyur. Məhz bu kimi realist geosiyasi nəzəriyyənin və hərbi-strateji konsepsiyanın nəticəsidir ki, bu konsepsiyaları rəhbər tutan böyük güclər regionumuzu vaxtilə təhdid etmiş, etnik milli amillərdən istiadə edərək cinayətlərə səbəb olmuşlar. Torpaqlarımız parçalanmış, müstəqilliyimizə son verilmişdir. Həmin konsepsiya dəyişmədən günümüzdə də tətbiq olunur və bu konsepsiya öz təsirini Cənubi Qafqaz regionuna da göstərib. Məhz belə bir mürəkkəb coğrafiyada yerləşdiyimizi, təhdid və təsirlərə məruz qaldığımızı nəzərə alaraq Heydər Əliyevin necə ağır və mürəkkəb bir dövrdə Azərbaycanı xilas etdiyini təsəvvür etmək olduqca çətindir. Bu baxımdan Ulu Öndər xalqımızı həqiqi müstəqilliyə qovuşduraraq Azərbaycan tarixində yeni bir səhifə açdı və möhtəşəm bir tarix yazdı. Böyük çətinliklə əldə olunan müstəqil dövlətimizin təməli Ulu Öndərin 1993-cü ildən hakimiyyətə qayıdışı ilə möhkəmləndirildi, müstəqilliyimiz əbədilik qazandı. Lakin bunu da qeyd etməyi vacib bilirik ki, müstəqilliyə gedən yol məhz Naxçıvandan başladı. Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilib milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Bu bir həqiqətdir ki, 1991-ci ildə əldə etdiyimiz müstəqillikdən sonra ölkəmiz yenə də təhdidlərlə üz-üzə dayanmışdı. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin məhvi üçün hazırlanmış plan və ssenarilərlə 1991-ci ildəki müstəqilliyin iflası üçün hazırlanmış planlar tamamilə eynilik təşkil edirdi. Belə bir dövrdə müstəqilliyimizi yenidən itirmək təhlükəsi qarşısında qalmışdıq. Zaman sübut etdi ki, Ümummilli Lider Heydər Əliyev o zaman Naxçıvana qayıtmasaydı və Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsəydi, müstəqilliyimizin taleyi eynilə cümhuriyyətimizin taleyinə bənzəyəcəkdi.

20 iyul 1990-cı ildə Moskvadan Bakıya, iki gün sonra isə ağır blokada vəziyyətində olan Naxçıvana gələn Heydər Əliyevi xalq böyük coşqu ilə qarşıladı. Həmin vaxt Naxçıvan son dərəcə çətin bir şəraitdə yaşayırdı. Bir tərəfdən iqtisadiyyat dağılaraq tamamilə iflic vəziyyətinə düşmüş, əhalinin maddi durumu son dərəcə çətinləşmişdi, siyasi burulğanlar, hərc-mərclik burada da baş alıb gedirdi. Digər tərəfdən isə xain ermənilərin aramsız hücumları bölgədəki ağır situasiyanı daha da mürəkkəbləşdirmişdi. Ulu Öndərin Naxçıvana gəlişi ilə xalq onun timsalında böyük xilaskarını tapmışdı. Naxçıvan tənha adanı xatırladırdı. Elə tarixən Naxçıvanın başını həmişə qara buludlar alıb. Ssenarilər əsasında öz canından, parçasından ayrı düşüb, araya böyük güclər tərəfindən məkrli planlar çərçivəsində Ermənistan kimi bir xəncər kimi saplanıb, xalqımızıa qarşı bu tarixi türk torpağında qanlı cinayətlər törədilib. Sovet dövründə də muxtar respublikada vəziyət olduqca gərgin idi. 1970-ci illərə qədər Naxçıvan Azərbaycanın digər bölgələrinə, xüsusən Dağlıq Qarabağ Muxtar Vilayətinə nisbətən xeyli geridə idi və sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı yerlərdə qərar tuturdu. Bu geriliyin aradan qaldırılmasında və Naxçıvanın inkişaf yoluna çıxmasında Ulu Öndərin birbaşa göstərişi və rəhbərliyi ilə qəbul edilmiş qərarların mühüm rolu oldu. Muxtar respublikanın sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi üçün müvafiq orqanlar qarşısında konkret vəzifələr qoyuldu, onların icra müddəti müəyyənləşdirildi, qərarda nəzərdə tutulmuş bütün vəzifələr vaxtında yerinə yetirildi. Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi dövrlərdə Naxçıvanın inkişafı, gələcəyi ilə bağlı çox mühüm qərarlar qəbul edildi, muxtar respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görüldü, böyük sosial quruculuq işləri aparıldı. Naxçıvanın sənaye potensialı formalaşdı. Ümummilli Liderimizin təşəbbüsü və diqqəti sayəsində kompleks tədbirlər həyata keçirildi və nəticədə, 1970-1982-ci illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə iri sənaye müəssisələri tikilib istifadəyə verildi. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi dəfərlərlə artdı.

1990-cı illərdə beynəlxalq vəziyyət dəyişmiş, bu dəyişiklik regiona öz təsirini ciddi şəkildə göstərmişdi. Bir çox səbəblərdən dolayı Naxçıvan olduqca çətin vəziyyətdə idi. Heydər Əliyevin gəlişi ilə xalq öz nicatını tapmışdı. 30 sentyabr 1990-cı ildə keçirilən seçkilərdə Naxçıvan Muxtar Respublikasının əhalisi yekdilliklə Ulu Öndəri Azərbaycan SSR-in və Naxçıvan MSSR-in xalq deputatı seçdi. 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyası Heydər Əliyevin sədrliyi ilə fəaliyyətə başladı. Həmin sessiyada təkcə Naxçıvan üçün deyil, ümumilikdə Azərbaycan üçün son dərəcə böyük əhəmiyyətə malik taleyüklü qərarlar qəbul olundu. Belə ki, sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, milli istiqlal rəmzi olan üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərarlar qəbul olundu. Həmçinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həmin bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət də qaldırdı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında müzakirə edilən ən mühüm məsələlər sırasında 1990-cı il 20 Yanvar faciəsi və “Dağlıq Qarabağ” münaqişəsi də var idi. 1990-cı ilin 21 noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi dövlət xadimi Heydər Əliyevin işləyib hazırladığı “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” tarixi qərar qəbul etdi.

Ali Məclisin 14 dekabr 1990-cı il tarixdə keçirilən sessiyasında SSRİ-nin saxlanılmasına dair referendumun keçirilməsi, yeni ittifaq müqaviləsinin müzakirəsinə də ayrıca bir paraqraf açmaq lazım gəlir. Belə ki, həmin sessiyada ittifaq müqviləsinə münasibət məsələsi müzakirə olunarkən məsələ ilə bağlı çıxış edən Ulu Öndər Heydər Əliyev yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinə olduğunu bildirmiş, Azərbaycan Respublikasının iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalı olduğunu qeyd etmişdir. Ulu Öndərin yaşadığı, rəhbərlik etdiyi Naxçıvanda SSRİ-nin saxlanılmasına dair referendum keçirilə bilməzdi. Beləliklə də referendum Naxçıvanda boykot edildi. 

1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilməsi Azərbaycanı çox yaxşı bələd olduğu ittifaqın caynağından qoparmaq üçün yolun başlanğıcı idi. Muxtar respublikanın əsl xilas və tərəqqisinin yalnız Ümummilli Liderimizin dühası sayəsində mümkün olduğunu çox yaxşı bilən Naxçıvan əhalisinin təkidli tələbi ilə 1991-ci ilin 3 sentyabrında Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçildi. Ulu Öndər Naxçıvana rəhbərlik etdiyi iki ilə yaxın müddətdə möhtəşəm işlər gördü. Belə ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu qədim diyarı xaricdəki havadarlarına arxalanan bədnam ermənilərin işğal etməsinə imkan vermədi, onun müdafiə qüdrətini möhkəmləndirdi, hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər həyata keçirdi. 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunması, keçmiş SSRİ-dən miras qalmış təhlükəsizlik orqanlarının ləğv edilərək milli maraqlara xidmət edən yeni müvafiq qurumun yaradılması, rus qoşun hissələrinin muxtar respublikadan çıxarılması, Naxçıvanın müdafiəsi üçün sistemli tədbirlərin görülməsi, nizami ordu hissələrinin təşkili, diyarımızın tarixi taleyi üçün müstəsna əhəmiyyətə malik Qars müqaviləsinin şərtlərinin beynəlxalq aləmin diqqət mərkəzinə çəkilməsi, enerji təminatı sahəsində böhranlı vəziyyətin aradan qaldırılması üçün layihələrin həyata keçirilməsi, Yeni Azərbaycan Partiyasının təsis edilməsi və s. kimi məsələlər Ulu Öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi möhtəşəm fəaliyyətinin əsas məqamları kimi xarakterizə oluna bilər.

Görkəmli siyasi xadim Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində 1993-cü ilin iyununadək çalışmışdır. Ölkənin ağır durumunda xalq təkidlə Heydər Əliyevi Bakıya – Azərbaycan rəhbərliyinə dəvət etmişdir. 1993-cü ilin 9 iyununda Bakıya gələn Ulu Öndərin 15 iyunda Milli Məclisin Sədri seçilməsi Vətənin və xalqın tarixində əsl Qurtuluş gününə çevrilmişdir. Həmin ilin 3 oktyabrında xalqın böyük dəstəyi ilə ölkə Prezidenti seçilən dahi şəxsiyyət on il ərzində neçə-neçə qərinəyə bərabər işlər görmüş, müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi böyük tarixi missiyanı uğurla həyata keçirmişdir.

Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri onun xarici siyasəti olmuşdur. Heydər Əliyevin dərin ağıla və dəmir məntiqə əsaslanan xarici siyasəti az qala məhv olmaq təhlükəsi ilə üz-üzə qalan dövləti qorumaqla yanaşı, onu beynəlxalq münasibətlər sisteminin layiqli üzvünə çevirdi. Heydər Əliyevin xarici siyasətinin əsas məziyyətləri macəraçılıqdan və hər hansı siyasi avantüradan uzaqlıq, rasionallıq, praqmatizm və ehtiyatlılıq idi.

Rasional, praqmatik xarici siyasət özündə bir sıra vacib məqamları ehtiva edir: ölkənin geosiyasi mövqeyi, coğrafi yerləşməsi, ərazi tutumu, əhali sayı, iqtisadi, hərbi potensialı, dəyişən beynəlxalq konyunktura. Bütün bu amilləri nəzərə alaraq həyata keçirilən xarici siyasət rasional, yaxud düşünülmüş hesab edilə bilər. 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik edən və böyük dövlət adamı olan Heydər Əliyev də öz xarici siyasət strategiyasını məhz qeyd edilən amilləri nəzərə almaqla həyata keçirib.

Xarici siyasətin həyata keçirilməsinin əsas vasitələrindən biri olan diplomatiya dövlətimizin beynəlxalq münasibətlər sistemində maraq və mənafeyini təmin etmək baxımından Heydər Əliyev tərəfindən yüksək məharətlə reallaşdırılmışdır. Amerikan politoloqu Hans Morqentau diplomatiyanın 4 qızıl qaydasını belə göstərirdi: 1) diplomatiya öz məqsədlərini həmin məqsədlərə nail olmaq üçün mövcud və potensial gücü nəzərə alaraq müəyyən etməlidir; 2) diplomatiya digər dövlətlərin məqsədlərini və həmin məqsədlərə nail olmaq üçün mövcud potensial gücü qiymətləndirməlidir; 3) diplomatiya həmin müxtəlif məqsədlərin bir-birinə nə qədər uyğun olduğunu müəyyən etməlidir; 4) diplomatiya öz məqsədlərinə nail olmağın ən münasib üsullarını tətbiq etməlidir.

Bu fikirlər Hans Morqentaunun klassik realizm yanaşmasına aiddir və diplomatiyanın necə rasional aparılmalı olduğunu izah edir. Yəni məqsədlərini gücünə uyğun müəyyən et, başqalarının məqsəd və gücünü düzgün qiymətləndir, məqsədlərin uyğunluğunu müəyyən et, nəhayət, məqamı gözlə, ən uyğun vasitəni seç və tətbiq et.

Xarici siyasət məqsədlərinə çatmaq üçün Heydər Əliyevin həyata keçirdiyi diplomatiyaya nəzər saldıqda, aydın görmək olar ki, mərhum dövlət başçımız H.Morqentaunun qeyd etdiyi diplomatiyanın dörd “qızıl qaydası”na fəaliyyətində tam əməl edib. Məhz Heydər Əliyevin düşünülmüş, praqmatik xarici siyasəti və bu siyasətə uyğun diplomatiyası Azərbaycanın regionda ciddi geostrateji maraqları olan və əksər hallarda maraqları toqquşan böyük dövlətlərlə, eləcə də digər ölkələrlə münasibətlərinin formalaşmasına, qaydaya düşməsinə səbəb oldu.

Heydər Əliyev siyasi kursu bu gün onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirirlir və məhz həmin siyasi kursun davamıdır ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın haqq işinin böyük Zəfəri ilə yekunlaşdı. 8 noyabr tarixində Azərbaycan möhtəşəm bir tarixi Zəfərə imza atdı. Bu Zəfər təkcə hərbi qələbə deyil, tarixi ədalətin bərpası, uzun illər davam edən milli mübarizənin məntiqi yekunu idi. Eyni zamanda 30 ilə yaxın işğal dövründə yığılıb qalan ədalət tələbinin, milli heysiyyətin və azadlıq arzusunun reallaşması idi. 1992-ci ildə Şuşanın itirilməsi Azərbaycan xalqı üçün ağır psixoloji zərbə olmuşdu. Bu zərbənin bərpası üçün gərəkli olan əsas amil – güclü dövlət, peşəkar ordu və siyasi iradə idi. Məhz bu amillərin sintezi nəticəsində Azərbaycan xalqı öz tarixi ədalətini bərpa etdi. 8 noyabrda Azərbaycan 30 ilə yaxın işğal dövründən yığılıb qalan tarixi ədalətini bərpa etdi. 2023-cü il tarixli antiterror əməliyyatlarında isə, 200 illik alnımızdakı ləkəni tamamilə silib atdı. Əsrlərdir mövcud olan erməni separatizminin kökü kəsildi. Bəli, əsrlər idi ki, ora separatizm yuvası idi. Bunlar çox möhtəşəm Zəfərlərdir.

Azərbaycan ordusu sözün həqiqi mənasında hərb meydanında bir tarix yazdı, öz gücünü göstərdi, torpaqlarımızı işğaldan azad etdi. Amma bu məsələlərdə liderlik amili, siyasi iradə əlbəttə ki, həlledici rol oynayır. Ali Baş Komandanın liderlik konsepsiyası həm cəbhədə, həm də diplomatik müstəvidə özünü göstərdi. Onun beynəlxalq səviyyədəki çıxışlarını, xarici jurnalistlərin sualları qarşısındakı çıxışlarını hamımız bilirik. Eyni zamanda Tarixi Zəfərimizə aparan yolda cənab prezidentin siyasi iradəsi xalqda böyük ruh yüksəkliyi yaratdı. Azərbaycan artıq regionda yeni geosiyasi reallıqlar yaradıb, beynəlxalq imici güclənib, dünyada etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan Yeni Dünya Nizamında öz ağırlığı və çəkisi olan bir dövlətə çevrilib.

Bu baxımdan birmənalı şəkildə vurğulamaq olar ki, İkinci Qarabağ Müharibəsində əldə etdiyimiz tarixi zəfərimizdə də, mürəkkəb dünya düzənində layiqli yer tutmağımızda da Heydər Əliyevin zəngin siyasi-diplomatik irsi böyük rol oynamışdır.