YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev irsi və qalib Azərbaycanın reallığı

Bəxtiyar İslamov

YAP Gənclər Birliyinin sədri

Azərbaycanın çoxəsrlik dövlətçilik salnaməsində 10 may tarixi sadəcə bir təqvim günü deyil, bir millətin dirçəliş, özünəqayıdış və qlobal yüksəliş fəlsəfəsinin başlanğıc nöqtəsidir. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü qeyd etdiyimiz bu günlərdə, geriyə boylanarkən bir daha şahidi oluruq ki, dahi şəxsiyyətin hələ onilliklər öncə atdığı hər bir addım, irəli sürdüyü hər bir ideya bu günün qüdrətli, suveren və qalib Azərbaycanının sarsılmaz təməli üçün hesablanıbmış. Heydər Əliyev irsi elə bir canlı və dinamik orqanizmdir ki, o, zaman keçdikcə daha da aktuallaşır, müasirləşir və xalqımızı hər gün yeni zirvələrə doğru istiqamətləndirir. Bu irs bir xalqın yoxluqdan varlığa, xaosdan nizama, məğlubiyyətdən sarsılmaz Zəfərə gedən yolunun ideoloji xəritəsidir. Bu yol, hər bir dayanacağında millətin ruhunu canlandıran, onun özünəinamını bərpa edən və dövlətçilik ənənələrini ən uca zirvəyə daşıyan müqəddəs bir yoldur.

Ulu Öndər hələ ötən əsrin 70-ci illərində, Azərbaycanın milli suverenliyinin bir xəyal kimi göründüyü, imperiya caynağında milli kimliyimizin sıxışdırıldığı mürəkkəb geosiyasi şəraitdə müstəqil dövlət təfəkkürünü xalqın şüuruna sistemli şəkildə həkk edirdi. Heydər Əliyev böyük uzaqgörənliklə anlayırdı ki, həqiqi müstəqillik sadəcə siyasi bəyanatlarla deyil, güclü kadr potensialı, dayanıqlı milli iqtisadiyyat və hərbi intizamla mümkündür. Həmin illərdə respublikada gerçəkləşdirilən nəhəng sənaye layihələri, neft sektorunun modernləşdirilməsi, minlərlə zavod və fabrikin qurulması sadəcə iqtisadi artım deyil, Azərbaycanın gələcəkdə öz ayaqları üzərində dura bilməsi üçün iqtisadi müstəqillik platformasının yaradılması idi. Ulu Öndərin o dövrdə atdığı ən mühüm addımlardan biri də milli hərbi kadrların yetişdirilməsi idi. Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması faktiki olaraq gələcək Azərbaycan Ordusunun təməl daşının qoyulması idi. Bu gün müasir ordumuzun zabit korpusunun əsas nüvələrindən birini də məhz o məktəbin ruhu ilə böyüyən kadrların təşkil etməsi, Heydər Əliyev dühasının zamanın fövqündə dayanan bir dövlətçilik zəkasının təzahürüdür. O, gəncliyi dövlətin gələcək memarı kimi hazırlayırdı və minlərlə azərbaycanlı gəncin SSRİ-nin ən nüfuzlu ali məktəblərinə strateji ixtisaslar üzrə təhsilə göndərilməsi Azərbaycanın gələcək inkişafına xidmət edirdi.

Azərbaycanın ən ağır sınaqlar qarşısında qaldığı 90-cı illərin əvvəllərində Heydər Əliyevin siyasi arenaya möhtəşəm qayıdışı dövlətçiliyimizin xilası demək idi. Xüsusilə, 1991-1993-cü illər arası Azərbaycanın yaşadığı kəskin siyasi böhran, Ermənistanın işğalçılıq siyasəti, daxili vətəndaş müharibəsi təhlükəsi və xarici qüvvələrin ölkəni parçalamaq planları millətin fiziki varlığını belə sual altına qoymuşdu. Belə bir məqamda dahi rəhbərin liderliyi altında vahid bir siyasi mərkəzin formalaşması tarixi zərurətə çevrildi. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının təsis edilməsi sadəcə bir siyasi təşkilatın yaranması deyil, xalqın milli qurtuluş idealı ətrafında birləşməsi və dövlətçilik maraqlarının hər cür subyektiv və qrup maraqlarından üstün tutulduğu yeni bir siyasi mədəniyyətin təməlinin qoyulması idi. Bu partiya qısa zamanda xalqın inam mərkəzinə çevrilərək Azərbaycanın parçalanmaq təhlükəsini aradan qaldıran əsas intellektual və siyasi qüvvə kimi tarixə düşdü. Ulu Öndər dövlətin təməl prinsiplərini "azərbaycançılıq" məfkurəsi üzərində quraraq, ölkədə milli həmrəyliyi və siyasi sabitliyi bərqərar etdi. Bu sabitlik gənclərin siyasi xaosdan və mənəvi aşınmadan xilas edilərək dövlət quruculuğuna cəlb edilməsinə imkan verdi.

Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra gənclər siyasətini dövlət quruculuğunun strateji prioritetinə çevirdi. O, çox yaxşı bilirdi ki, gəncləri milli ruhda tərbiyə etmədən qazanılan müstəqilliyi qorumaq mümkün olmayacaqdır. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması bu sahədə dövlət siyasətinin institusional təməlini qoydu. 1996-cı ildə Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi isə gənclərlə dövlət arasında birbaşa dialoqun qurulmasına, gənclərin problemlərinin dövlət səviyyəsində həllinə yol açdı. Heydər Əliyev hər bir çıxışında gəncləri milli və mənəvi dəyərlərə sadiqliyə səsləyir, onların intellektual inkişafını dövlətin varlığının təminatı hesab edirdi. Onun "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir" fəlsəfəsi gənclərdə böyük bir dövlətçilik məsuliyyəti formalaşdırdı. Ulu Öndərin xarici siyasət sahəsindəki "Əsrin Müqaviləsi" kimi dahi layihələri isə təkcə ölkəyə valyuta gətirmədi, həm də Azərbaycanın dünyaya açılmasına, gənclərimizin beynəlxalq standartlarla tanış olmasına şərait yaratdı.

Ulu Öndərin siyasi varisi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son iyirmi üç ildə öz tarixinin ən qüdrətli dövrünə qədəm qoymuşdur. Möhtərəm Prezidentimiz hakimiyyətə gəldiyi ilk gündən dahi rəhbərin strateji kursunu yeni dünya nizamının çağırışlarına uyğunlaşdıraraq ölkəmizi regional liderə və beynəlxalq miqyaslı aktora çevirdi. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən neft və qaz strategiyası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi kimi nəhəng transmilli layihələr Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin mühüm və əvəzolunmaz tərəfdaşına çevirdi. İqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı, modern infrastrukturun qurulması Azərbaycanı iqtisadi cəhətdən tam müstəqil dövlətə çevirdi. Məhz bu iqtisadi müstəqillik Azərbaycanın öz siyasi iradəsini beynəlxalq müstəvidə heç kəsdən asılı olmadan, qətiyyətlə nümayiş etdirməsinə zəmin yaratdı.

Cənab İlham Əliyevin idarəçilik fəlsəfəsinin ən mühüm istiqamətlərindən biri dövlət idarəçiliyinin köklü şəkildə modernləşdirilməsi və islahatçı ruhun cəmiyyətin hər bir təbəqəsinə sirayət etməsidir. "ASAN Xidmət" modeli kimi innovativ təşəbbüslər Azərbaycanın intellektual brendinə çevrilərək dünyaya nümunə oldu. Dövlət başçısının qətiyyətli islahatları nəticəsində idarəetmədə çeviklik artdı və vətəndaş-məmur münasibətlərində şəffaflıq prinsipi əsas götürüldü. Bu möhtəşəm inkişaf prosesində gənclər siyasəti dövlət strategiyasının ayrılmaz tərkib hissəsi və hərəkətverici qüvvəsi kimi çıxış edir. Cənab Prezident bəyan etdi ki, əsas hədəfimiz neft kapitalını insan kapitalına çevirməkdir. Bu strateji hədəf çərçivəsində gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair qəbul edilmiş Dövlət Proqramları Azərbaycanın intellektual gələcəyini təmin etdi. Lakin cənab Prezidentin gənclərlə bağlı yanaşması sadəcə təhsil və məşğulluqla məhdudlaşmadı. O, gəncləri böyük idarəetməyə, dövlət islahatlarına və qərarvermə proseslərinə bilavasitə inteqrasiya etdi. Bu gün Azərbaycanın ən strateji idarəetmə nöqtələrində gənclərin qətiyyətli addımları məhz bu inamın bəhrəsidir.

Gəncliyimizə aşılanan və dövlət siyasətinin nüvəsini təşkil edən dəyərlər sistemi Azərbaycanın milli maraqlarının əbədi qorunmasına xidmət edir. Müasir Azərbaycan gənci dövlətçiliyə sarsılmaz sədaqət ruhunda formalaşır, müstəqilliyimizi və suverenliyimizi hər şeydən üstün tutmağı özünün ali vəzifəsi hesab edir. Milli kimliyimizə, tarixi köklərimizə, ana dilimizə və mədəniyyətimizə sadiqlik bu nəslin mənəvi sütununu müəyyən edir. Bizə aşılanan dəyərlər arasında müasir dünyanın çağırışlarına cavab verən intellektual rəqabətədavamlılıq, vətənpərvərlik, tolerantlıq və milli həmrəylik hissləri ön plandadır. Bu dəyərlər kompleksi gənclərimizin həm daxilən bütöv yetişməsini, həm də beynəlxalq müstəvidə Azərbaycanın haqq səsini ləyaqətlə təmsil etməsini təmin edir. Gənclər sadəcə bu siyasətin faydalananı deyil, həm də bu siyasətin həyata keçirilməsində, Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasında Prezidentin ən yaxın və sadiq köməkçiləridir.

Həyata keçirilən bütün bu uzaqgörən siyasətin – güclü iqtisadiyyatın, müasir ordu quruculuğunun, kəskin xarici siyasət həmlələrinin və milli ruhlu gənclik tərbiyəsinin ən möhtəşəm və tarixi bəhrəsini biz 44 günlük Vətən Müharibəsində bütün dünyaya nümayiş etdirdik. Torpaqlarımızı 30 illik işğaldan azad edən rəşadətli Azərbaycan ordusunun əsas zərbə gücü məhz cənab İlham Əliyevin rəhbərliyi dövründə boya-başa çatan, onun uzaqgörən nitqlərindən və qətiyyətindən ilham alan gənclər idi. Heydər Əliyev ideyalarından güc alan, milli-mənəvi ruhla yoğrulan bu nəsil böyük qəhrəmanlıqla döyüşərək, heç vaxt görmədikləri torpaqlarımız uğrunda canlarından keçməyə hazır olduqlarını sübut etdilər. Bu Zəfər sadəcə hərbi qələbə deyil, həm də Heydər Əliyev irsinin və İlham Əliyev strategiyasının ideoloji təntənəsi idi. Şanlı qələbəmiz və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri ilə suverenliyimizin ölkənin hər bir qarışında tam bərpası Azərbaycanın dövlətçilik tarixində yeni bir eranın – Böyük Qayıdış və milli intibah erasının başlanğıcı oldu.

Xüsusilə vurğulamaq lazımdır ki, cənab Prezident İlham Əliyevin gənclərə verdiyi dəyər sadəcə statistik rəqəmlərlə deyil, real etimadla ölçülür. Gənclərlə bağlı qurumların yaradılması və dövlət proqramlarının qəbulu, könüllülük hərəkatının dövlət siyasəti səviyyəsinə qaldırılması, gənclərin yaradıcı və startap layihələrinin dəstəklənməsi Azərbaycan gəncliyini regionun ən mütərəqqi qüvvəsinə çevirmişdir. Könüllülük hərəkatı bu gün gənclərimiz üçün həm sosial məsuliyyət məktəbi, həm də dövlət idarəçiliyinə hazırlıq mərhələsidir. Bu hərəkat vasitəsilə minlərlə gənc dövlət orqanlarında təcrübə toplayır, vətəndaşlara xidmət etməyin şərəfli bir vəzifə olduğunu öyrənir. Bu, dövlətimizin gələcəyini etibarlı əllərə təslim etmək üçün görülən ən uzaqgörən işlərdən biridir.

Bu gün Azərbaycan gəncliyi qalib bir dövlətin vətəndaşı olaraq tamamilə yeni və tarixi bir missiya yerinə yetirir. Biz artıq müdafiə olunan deyil, diktə edən, quran və yaradan dövlətin gəncləriyik. İşğaldan azad edilmiş ərazilərdə – Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində, "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrində gənclərin mühəndis, mütəxəssis, hərbçi və könüllü kimi fəal iştirakı dövlətimizin parlaq gələcəyindən xəbər verir. Heydər Əliyevin başladığı, İlham Əliyevin zirvəyə çatdırdığı dövlətçilik kursunun ətrafında sıx birləşən gənclərimiz bu gün ölkəmizin hər bir guşəsində yeni quruculuq salnaməsi yazırlar. Bizim missiyamız bu Zəfəri əbədi etmək, Azərbaycanın bayrağını dünyanın ən nüfuzlu kürsülərində ucaltmaq və milli maraqlarımızı hər bir platformada qətiyyətlə qorumaqdır.

Ulu Öndərin hakimiyyətə qayıdışı ilə başlayan bu yolun ən böyük nəticələrindən biri də Azərbaycanın beynəlxalq aləmdə özünəməxsus yerini tutmasıdır. Bu gün ölkəmiz nəhəng beynəlxalq təşkilatlarda əsas söz sahibinə çevrilir, dünya miqyaslı tədbirlərə ev sahibliyi edir. Bütün bu uğurlar təsadüfi deyil, təməli Heydər Əliyev tərəfindən qoyulmuş və İlham Əliyev tərəfindən zərgər dəqiqliyi ilə işlənmiş daxili və xarici siyasətin bəhrəsidir. Bu siyasətin mərkəzində dayanan əsas amil isə milli birliyimizdir.

Heydər Əliyevin 103-cü ildönümündə əminliklə deyə bilərik ki, dahi rəhbərin Azərbaycanın gələcəyi ilə bağlı bütün arzuları bu gün tamamilə reallığa çevrilmişdir. Onun ən böyük vəsiyyəti olan ərazi bütövlüyümüzün bərpası Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yerinə yetirilib. Bu gün Şuşa azaddır, Qarabağ çiçəklənir. Bu, sadəcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də milli qürurumuzun və dövlətçilik gücümüzün tam bərpasıdır.

Müasir Azərbaycanın gəncliyi olaraq biz yaxşı dərk edirik ki, üzərimizə düşən məsuliyyət böyükdür. Biz savadlı, dünyagörüşlü, rəqəmsal dövrün və süni intellekt əsrinin çağırışlarına hazır olan, eyni zamanda öz milli kimliyinə, kökünə və dövlətinə qəlbən bağlı olan bir gəncliyik. Bizim yolumuz Heydər Əliyev yolu, hədəfimiz isə cənab İlham Əliyevin rəhbərliyi altında hər zaman daha qüdrətli və daha güclü Azərbaycan üçün çalşmaqdır. Biz gənclər bu böyük dövlətçilik estafetini qürurla daşıyır və hər bir addımımızda xalqımıza, dövlətimizə və Liderimizə sədaqətimizi nümayiş etdiririk.

Bu gün Azərbaycanın hər bir gənci özünü bu böyük tarixin bir parçası hesab edir. Bizim üçün Heydər Əliyev irsi sadəcə keçmişin xatirəsi deyil, gələcəyin sarsılmaz təməlidir. Bu təməl üzərində ucalan Azərbaycan dövləti dünya durduqca var olacaqdır. Çünki bu dövlətin arxasında Heydər Əliyevin dahiliyi, İlham Əliyevin dəmir iradəsi və ondan güc alan yenilməz Azərbaycan gəncliyi dayanır. Bizim müasir tariximiz Zəfərlər tarixinə çevrilib və bu yolu davam etdirmək hər birimizin müqəddəs vətəndaşlıq borcudur.

Ümummilli Lider Heydər Əliyevin 103 illik yubileyi bizim üçün həm də bir hesabat günüdür. Biz bu gün iftixarla deyə bilərik ki, Ulu Öndərin əmanəti olan Azərbaycan etibarlı əllərdədir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə biz hələ çox zirvələri fəth edəcəyik. Azərbaycanın üçrəngli bayrağı hər zaman ən uca zirvələrdə dalğalanacaq, çünki bu dövlət əbədidir, sarsılmazdır və dönməzdir.

Əbədi Yaşayan Liderin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq, onun ideyaları hər bir addımımızda bizə işıq saçacaqdır!