Xəbərlər
“Heydər Əliyev İrsi: Müasir Şəhərsalmanın Təməli”
Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev İrsi: Müasir Şəhərsalmanın Təməli” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra iştirakçılar Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmə baxıblar.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov, Milli Məclisin deputatları Soltan Məmmədov və Gülşən Paşayeva çıxış ediblər.
Natiqlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının taleyində oynadığı müstəsna roldan bəhs ediblər. Bildirilib ki, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanılıb, ölkə davamlı inkişaf yoluna qədəm qoyub və beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilib. Ulu Öndərin daxili və xarici siyasət sahəsində həyata keçirdiyi strateji kurs müasir Azərbaycanın inkişafının əsasını təşkil edir.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin memarı kimi xalqımızın yaddaşında əbədi yaşayacaq. Ulu Öndərin zəngin siyasi irsi bu gün də öyrənilir, təbliğ olunur və gələcək nəsillər üçün mühüm dövlətçilik məktəbi kimi xüsusi əhəmiyyət daşıyır. Ümummilli Liderin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbir konsert proqramı ilə davam edib.
