Xəbərlər
İnsan hüquq və azadlıqlarına diqqətdən doğan humanist addım
Əli Hüseynli
Milli Məclisin deputatı
Humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Respublikası Konstitusiyasının başlıca mahiyyətini təşkil edən əsas müddəalardır. 1995-ci il noyabrın 12-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan Ana Qanunumuzda əksini tapan maddələrin önəmli hissəsi məhz humanizm prinsipləri üzərindən insan hüquqlarının qorunmasına və müdafiəsinə xidmət edir.
Ulu Öndərin 1993-cü ildə xalqımızın istək və arzusu ilə siyasi hakimiyyətə gəlişindən sonra bu istiqamətdə mühüm addımlar atılmaqla bu ənənənin təməlini qoyulmuşdur. Xatırladaq ki, Ümummilli Liderin səyi ilə 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyulmuş, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq bu cəza tamamilə ləğv olunmuşdur. 1995-2003-cü illərdə Heydər Əliyev tərəfindən 33 əfv fərmanı imzalanmış və 3 mindən artıq məhkuma şamil olunmuşdur. Onun qanunvericilik təşəbbüsü əsasında Milli Məclis tərəfindən həmin dövrdə ümumilikdə 78 mindən artıq məhkumu əhatə edən 7 amnistiya aktının qəbul olunması ilə 21 mindən çox məhkum azadlığa buraxılmışdır. Önəmlidir ki, ciddi tərbiyəvi əhəmiyyətə malik olan belə humanist addımlar səmərəli nəticələr vermişdir.
Ölkəmizdə humanizm prinsiplərinə, insan hüquq və azadlıqlarına məsələsinə xüsusi diqqət bu gün də dövlətçilik fəaliyyətinin prioritet sahələrindən biridir. Bu istiqamətdə formalaşan mövqe siyasi varisliyin yeni bir təzahürüdür. 28 May-Müstəqillik Günü ərəfəsində - mayın 25-də Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə əsasən Prezident İlham Əliyev tərəfindən imzalanmış "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" növbəti – 38-ci sərəncam da bu mənada yeni bir örnəkdir. Bu qərar qəbul edilərkən ilk növbədə məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddət və həmin müddətdə onların davranışları nəzərə alınmış və 150-dən çox şəxsə şamil olunmuşdur. Onların sırasında 8 nəfər əcnəbi vətəndaş da var.
Bununla da azadlığın cəmiyyətin ən ümdə və zəruri şərti olduğunu dəfələrlə vurğulayan Prezident İlham Əliyev bir daha cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətinə xüsusi önəm verdiyini, şəxsi cəmiyyətdən təcrid etmədən islahın daha səmərəli şəkildə mümkün olduğunu göstərmişdir. Beləliklə də, ölkə rəhbəri tərəfindən imzalanan əfv sərəncamları, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilən amnistiya aktları dövlətimizin humanizm prinsiplərinə, insan hüquq və azadlıqlarına əsaslanan cəza-icra siyasətinin real göstəricisidir.