YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkələrimizi tarixi dostluq əlaqələri birləşdirir

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Tarixi Zəfərimizdən sonra Azərbaycanın xarici siyasət uğurlarının davamlılığı diqqətdən kənarda qalmır. Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli əlaqələrin inkişafı istiqamətində atılan addımlar göz qabağındadır. Qarşılıqlı səfərlərin dərinləşməsi fonunda bu əməkdaşlıq əlaqələri daha da möhkəmlənir. Bu gün Azərbaycan-Tacikistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Tacikistan Prezidenti Emoməli Rəhmonun bu günlərdə ölkəmizə dövlət səfəri çərçivəsində imzalanan Strateji Tərəfdaşlıq Bəyannaməsi əlaqələrimizin dünəninə, bu gününə və gələcəyinə işıq saldı. Ölkələrimizi ortaq tarixi keçmişə söykənən dostluq əlaqələri, hələ keçmişdə formalaşmış siyasi, humanitar və digər sahələrdə münasibətlər birləşdirir. Həmçinin Azərbaycan və tacik xalqlarını çoxəsrlik tarix və mədəniyyət, dostluq münasibətləri, ortaq mədəni, dini dəyərlər və ənənələr birləşdirir, bu da iki ölkə arasındakı əlaqələrin daha da inkişafına zəmin yaradır.

İki dövlət arasında 1992-ci ildə qurulmuş diplomatik münasibətlər ilbəil genişlənir və möhkəmlənir. Azərbaycan və Tacikistan arasında ikitərəfli və çoxtərəfli münasibətlər ənənəvi olaraq qarşılıqlı hörmət və tərəfdaşlıq ruhunda inkişaf edir. Bu münasibətlər yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində məhdudlaşmır. Bu gün Tacikistan və Azərbaycan BMT, ATƏT, MDB, İƏT və sair kimi təşkilatlar çərçivəsində etibarlı beynəlxalq tərəfdaşlardır.

Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, münasibətlərimizin xarakterini, ruhunu, həmçinin xalqlarımızın iradəsini əks etdirən Strateji Tərəfdaşlıq Bəyannaməsini imzaladıq. Bəyannamə qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə edir. Bu sənəddə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, daha 13 sənəd, ümumilikdə 14 sənəd imzalanıb ki, onlardan bəziləri burada, bəziləri isə əvvəllər imzalanıb. Bu, münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir: “Tacikistan Prezidentinin səfəri ərəfəsində biznes-forum keçirildi, bu forumda da sənədlər və qarşılıqlı anlaşma memorandumları imzalandı və bu barədə bu gün bizə məlumat verildi. Hesab edirəm ki, bu, bizə qarşılıqlı ticarətin həcmini xeyli artırmağa imkan verəcək.” O da bildirildi ki, bu günlərdə keçirilən və bir neçə gün, təxminən bir həftə davam edəcək Azərbaycanda Tacikistanın Mədəniyyət Günləri də ikitərəfli münasibətlərdə mühüm hadisədir: “Düşünürəm və əminəm ki, o, tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı əldə edən Azərbaycan tamaşaçılarına sevinc bəxş edir.”

İki dost ölkə arasında qarşılıqlı əlaqələrin inkişafına və möhkəmlənməsinə dövlət başçılarının müxtəlif formatlarda görüşləri böyük stimul verir. Bu səfərlər zamanı uzunmüddətli tərəfdaşlığa əsaslanan Tacikistan-Azərbaycan əlaqələrinin siyasi, iqtisadi, nəqliyyat, təhsil, elmi, mədəni və humanitar sahələrdə əsas istiqamətləri müəyyən edilib. İki ölkə arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci ildə “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Xüsusi vurğulamaq lazımdır ki, dövlətimizin başçısının ötən il Tacikistana dövlət səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair 14 sənəd imzalanıb.

İqtisadi əlaqələrə gəldikdə isə iki dost ölkə arasında siyasi münasibətlər yüksək səviyyədə olsa da, iqtisadi sahədə əlaqələr ölkələrimizin potensialını tam əks etdirmir. İki ölkə arasında illik ticarət dövriyyəsinin həcmi 6 milyon dollardır ki, bu da çox azdır. Hər iki ölkənin iqtisadi potensialı ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artırılmasına imkan verir. Bu ilin ilk dörd ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 78 faiz artıb. Tacikistan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizindən (Orta Dəhliz) də fəal istifadə edir.

Tacikistan-Azərbaycan əlaqələrinin inkişaf dinamikası göstərir ki, tərəflər qarşılıqlı faydalı çoxşaxəli iqtisadi əlaqələrin dərinləşdirilməsində, siyasi əlaqələrin möhkəmləndirilməsində maraqlıdırlar. Ən əsası da odur ki, qarşılıqlı etimad və tərəfdaşlıq ruhunda ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün tərəflərin qarşılıqlı istəyi var. Tacikistan Prezidenti Emoməli Rəhmon qeyd etdi ki, Tacikistanda Azərbaycan Prezidenti İlham Əliyevin ölkələrimizin ikitərəfli münasibətlərinin inkişafına şəxsi töhfəsi yüksək qiymətləndirilir: “Bu gün regionun ən böyük sənaye, iqtisadi və elmi-texniki mərkəzlərindən biri olan qədim tarixə malik gözəl Bakı şəhərini növbəti dəfə ziyarət etdiyimə görə çox şadam. Azərbaycan paytaxtının təkrarolunmaz siması ölkənin dinamik sosial-iqtisadi inkişafının və Azərbaycan xalqının rifahının davamlı olaraq yüksəlməsinin təcəssümüdür.”

Azərbaycanın bu il ev sahibliyi edəcəyi COP29 da keçirilən görüşlərdə əsas müzakirə mövzusu oldu. Cənab İlham Əliyev Tacikistan Prezidentini tədbirdə iştirak etməyə dəvət etdi.

COP29 cənab İlham Əliyevin aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı  “Euronews” telekanalına müsahibəsində də geniş müzakirə edilib. Həmin müsahibə mayın 23-də dərc edilib. Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində bir daha bildirib ki, biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Cənab İlham Əliyev eyni zamanda, onu da diqqətə çatdırıb ki, əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq: “Eyni zamanda, bildiyiniz kimi COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Beləliklə, biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Beləliklə, bu, diplomatiyadır, siyasətdir, maliyyədir və əlbəttə ki, ev sahibi ölkəsi kimi biz bunun üçün bir platforma yarada bilərik.”

DİGƏR Xəbərlər Arxiv