YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir”

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” adlı tədbir keçirilib.

Əvvəlcə Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarı önünə gül dəstələri düzülüb.

YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” adlı videoçarx nümayiş olunub.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Milli Məclisin deputatı Elnur Allahverdiyev və Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev çıxış edərək bildiriblər ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli Liderin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, bu gün Azərbaycanın əldə etdiyi uğurlu nailiyyətlərin şah əsəri, heç şübhəsiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun doğma Qarabağımızı düşmən tapdağından azad etməsi və regionda yaranan reallıqlardır.

Bundan əlavə, 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki lokal xarakterli antiterror tədbirləri və həmin ilin 15 oktyabr tarixində isə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində üçrəngli bayrağımızın dalğalandırılması tarixi Zəfərlərimizin zirvəsi oldu. Bu gün artıq işğaldan azad olunmuş torpaqlarımıza yeni həyat qayıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Ulu Öndərin amallarını yaşadan, ideyalarını gerçəkləşdirən Heydər Əliyev Fondu da işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərinə töhfə verir. Xüsusilə də fond tərəfindən Qarabağ və Şərqi Zəngəzurda tarixi, mədəni, dini irsimizin bərpası istiqamətində mühüm layihələr həyata keçirilir. Bir sözlə, Azərbaycan dövləti Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması, illərdir torpaq həsrəti ilə yaşayan insanlarımızın yurdlarına qovuşması üçün böyük işlər gerçəkləşdirir. Fond tərəfindən tikilən məktəblərdə çalınan ilk zəng, bərpa edilmiş məscidlərimizdən ucalan azan səsi o yerlərə qayıdan həyatın rəmzi kimi səslənir. Bu tarixi uğurlar isə vaxtilə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi qayıdış siyasətinin dövlət başçısı İlham Əliyev tərəfindən müvəffəqiyyətlə reallığa çevrilməsidir. Şübhəsiz, bütün bunların fövqündə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Məhz bu ulu öndər Heydər Əliyevin görmək istədiyi müstəqil və güclü Azərbaycandır!

Çıxışlardan sonra bir qrup partiya fəalına fəxri fərman, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Tədbir iştirakçılarına Milli Məclisin deputatları Elnur Allahverdiyev və Soltan Məmmədovun ideya müəllifləri və məsləhətçiləri olduqları “Heydər Əliyev. 100 faktın tarixi” adlı kitab təqdim olunub.

Tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələrinin təqdimatında bədii hissə ilə davam edib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv