Xəbərlər
Münbit sərmayə mühiti yaradılıb
Samir Qocayev
YAP Goranboy rayon təşkilatının sədri
Dövlət başçısı İlham Əliyev aprelin 26-da Almaniyaya işgüzar səfər etdi. Hər bir səfər keçirilən görüşlərlə, müzakirə olunan məsələlərlə, eyni zamanda, imzalanan sənədlərlə diqqətdə olur. Cənab İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etdi. Beynəlxalq əhəmiyyət kəsb edən bu tədbirlər əhatə etdikləri sahələrə uyğun olaraq iştirakçı ölkələrin malik olduqları imkanların təqdimatında əhəmiyyətli rol oynayırlar. Azərbaycanın hər sahədə zəngin təcrübəyə və potensiala malik olması daim beynəlxalq səviyyədə etiraf olunur və əməkdaşlıq üçün geniş imkanlar açdığı vurğulanır.
Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Ümummilli Lider Heydər Əliyev dünya təcrübəsinə istinadən belə bir çağırışı etmişdir ki, heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsasını qoydu. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi yeni-yeni layihələrin gündəmə gətirilməsinə və uğurlu icrasına yol açır. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycanın bu gün qaz, elektrik enerjisi ixracatçısı kimi tanınması da Azərbaycanın öz resurslarından səmərəli istifadə etmək istəyinin nəticəsidir. Son zamanlar günümüzün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycanın bu sahədə zəngin potensiala malik olması göz qabağındadır. Bu potensial imkanlar, həmçinin zəngin təcrübə ölkəmizin bu ilin noyabr ayında COP29-a ev sahibliyinə stimul oldu. Cənab İlham Əliyevin Almaniyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərdə, həmçinin “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında əsas diqqət göstərdiyi məsələlərdən biri məhz bu mötəbər tədbirə ev sahibliyi oldu. “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik” söyləyən cənab İlham Əliyev onu da bildirdi ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan qlobal tədbirə hazırlığın fəal mərhələsindədir. Biz yaxşı nəticələrə nail olmaq üçün əlimizdən gələni edirik.
Sözügedən tədbirdəki çıxışında cari ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini önə çəkən cənab İlham Əliyev bu rəqəmlərə diqqəti yönəltdi ki, yalnız bu il ərzində 1300 meqavat Günəş və külək enerjisini istehsal etmək imkanını yaradacaq enerji stansiyalarının təməlqoyma mərasimi keçiriləcək. 2027-ci ilin sonuna qədər 2000 meqavat Günəş və yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 Günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat təşkil edəcək. Bu potensialdan istifadə edərək qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik. Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq: “Biz olduqca münbit sərmayə mühitini yaratmışıq. Qeyd etdiyim bütün həmin yaşıl enerji layihələri xarici sərmayədarlar tərəfindən maliyyələşdirilir. Azərbaycan, sadəcə, öz infrastrukturunu və çox yaxşı sərmayə mühitini təmin edir. Biz Avropaya lazım olan böyük həcmdə təbii qaza qənaət edəcəyik. Eyni zamanda, hazırda Xəzərdə külək enerjisi stansiyalarından Avropaya vahid ötürülmə xətlərini, o cümlədən Qara dənizin dibi ilə kabeli çəkmək üçün texniki əsaslandırma işlərinin son mərhələsindəyik. Bu, dörd qiqavat həcmində Azərbaycanın yaşıl enerjisini Avropaya ixrac etmək imkanını yaradacaq.”
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayan bu sənədi də xüsusi qeyd etmək istərdik. Belə ki, 2022-ci ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Sənədə əsasən, Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır. Bu sənəd, eyni zamanda, Azərbaycan ilə Aİ arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dövlətimizin başçısının Almaniyaya səfəri Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Əminliklə söyləmək olar ki, bu səfər əlaqələrin gələcək inkişafı üçün böyük perspektivlər açacaq.