Xəbərlər
Prezident İlham Əliyev Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Ağdaş-Zarağan yolunun 40-cı kilometrliyindən başlayan Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2021-ci il 17 may və 2022-ci il 2 fevral tarixli sərəncamları ilə Qəbələ rayonunda 17 minə yaxın əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən bu avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb. Tikinti işləri 2022-ci ilin sentyabrında başa çatdırılıb.
Məlumat verildi ki, dördüncü texniki dərəcəyə uyğun salınan iki hərəkət zolaqlı yolun ümumi uzunluğu 41 kilometrdir. Texnoloji ardıcıllığa uyğun olaraq lazımi hündürlükdə optimal qum-çınqıl qarışığından yol yatağının tikintisi, yola iki laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. İnşaat işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, nişanlanma xətləri çəkilib. Yol üzərində bir körpü salınıb, 18 avtodayanacaq yaradılıb.
Bu avtomobil yolunun tikintisi əhatə etdiyi 15 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə turizmin və kənd təsərrüfatının inkişafında, eləcə də insanların həyat tərzinin və rifah halının yüksəlməsində mühüm əhəmiyyət kəsb edəcək.