Xəbərlər
Sülhə nail olmaq mümkündür
“Dünyada nüfuzlu dövlət və etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi mərkəzlərdən birinə çevrilib. Bu tipli tədbirlər siyasi, iqtisadi, humanitar, mədəni, sivilizasiyalararası dialoqu və digər sahələri əhatə edir. “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumu da bu baxımdan böyük əhəmiyyət kəsb edir. XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edib. Bütün bunlar özlüyündə Qlobal Bakı Forumunun mühüm platforma olduğunu təsdiqləyir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib. Deputat bildirib ki, Qlobal Bakı Forumu Azərbaycan Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilir. Dünyanın bir sıra sabiq dövlət və hökumət başçılarının təmsil olunduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ildə Gəncədə, dahi şairin 870 illik yubiley tədbirləri çərçivəsində təsis edilib. Sürətlə dəyişən dünyada qarşıya yeni-yeni çağırışlar çıxır. 2020-2021-ci illərdə beynəlxalq birlik yeni növ koronavirus pandemiyası ilə sınağa çəkildi. COVİD-19 pandemiyasının pik mərhələsi keçdikdən sonra Rusiya-Ukrayna müharibəsi başladı. Yaxın Şərqdə başlayan yeni müharibə geosiyasi gərginlikləri daha da kəskinləşdirib. Bütün bunlar göstərir ki, hazırda təhlükəsizlik beynəlxalq birlik üçün ən vacib məsələyə çevrilib. Birləşmiş Millətlər Təşkilatı dünyanı gözləyən ərzaq və enerji təhlükəsizliyi ilə bağlı həyəcan siqnalı çalır. İndi beynəlxalq birliyin qarşısında ümumi çağırışlar var. Pandemiya dövründə milyonlarla insan həyatını itirdi. Bu gün isə iqlim dəyişikliyi ilə yanaşı, su qıtlığı, ərzaq təhlükəsizliyi daha qabarıq şəkildə ortaya çıxır. Bu cür çağırışların həlli yolları tapılmalıdır. Bu baxımdan Qlobal Bakı Forumu çox səmərəli platformadır. Forumun proqramı hər zaman kifayət qədər geniş olur. Forumun Nizami Gəncəvinin adını daşıyan beynəlxalq mərkəz tərəfindən təşkil olunması da diqqət çəkən məqamdır. Bu, həm də dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə və irsinə olan dərin hörmətin, ehtiramın ifadəsi anlamında qəbul olunur. Nizami Gəncəvi əsərlərində humanizm, xeyirxahlıq kimi bəşəri səciyyə daşıyan dəyərlər aşılamağa çalışırdı və bunu bədii lövhələrdə dolğun və təsirli formada əks etdirirdi. Onun yaradıcılığı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir.
Millət vəkilinin sözlərinə görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Bu dəfə “Parçalanmış dünyanın bərpası” mövzusuna həsr olunan XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılıb, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, parçalanmış dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınıb, qarşıda duran çağırışların həlli yolları müzakirə olunub. Bundan əlavə, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulub. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunulacaq, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparılıb. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, baş nazirləri, nazirlər, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Pərvin Kərimzadə qeyd edib ki, Prezident İlham Əliyev XI Qlobal Forumun açılışında bu platformanın önəmini vurğulayıb. Dövlətimizin başçısı Bakı Qlobal Forumunu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədə olduğunu deyib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından biz həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir. Həqiqətən də, bu gün dünyada çox mürəkkəb proseslər baş verir. Çox ağır fəsadlarla müşayiət olunan problemlərin həlli qlobal çağırışa çevrilib. Prezident İlham Əliyev çıxışında dünyada və regionumuzda baş verən proseslər, Qoşulmama Hərəkatı müstəvisində fəaliyyəti və digər aktual mövzularla bağlı fikirlərini ifadə etdi. Ən önəmli məqamlardan biri ondan ibarətdir ki, dövlətimizin başçısı Cənubi Qafqaz regionu üçün sülh imkanlarının yarandığını bəyan etdi. Dövlət başçısının dediyi kimi, biz güclü siyasi iradə və eyni zamanda, potensialı nümayiş etdirdik. Çünki güclü hərbi potensial və xalqın birliyi olmasa, güclü siyasi iradə uğura aparmayacaq. Beləliklə, bütün amillərin vəhdəti, bizim iqtisadi inkişafımız, bizim maliyyə imkanlarımız, müdafiə potensialımız, hərbi qulluqçularımızın təlimi, Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini tam dəstəklədikdə aktiv və proaktiv xarici siyasətin yürüdülməsi buna imkan verdi. Cənab Prezident bir daha sülhə çox yaxın olduğumuzu bəyan etdi. Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və sülhə nail olmaq mümkündür. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib. “Forumda Azərbaycanın sülh təşəbbüsləri çox yükəsk dəyərləndirilib. Eləcə də, COP29-un ölkəmizdə keçirilməsi də diqqət mərkəzində oldu. Tədbirin iştirakçıları bu mötəbər beynəlxalq platformanın ölkəmizdə keçirilməsini dəstəkləyiblər. Cənab Prezident çıxışnda vurğuladı ki, COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir. Bütövlükdə, Forumda aparılan müzakirələr olduqca faydalıdır. Burada irəli sürülən dəyərli fikirlər, təklif edilən çıxış yolları dünyada sülh və əminamanlığa böyük töhfələr verə bilər. Bu baxımdan, Qlobal Bakı Forumu çox önəmli beynəlxalq platformadır”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.