Xəbərlər
“Xoşbəxt gələcəyimizin təminatçısı İlham Əliyevə səs verəcəyik!”
Oğuz rayonunda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də Oğuz rayonunda seçicilərlə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, təşviqat qrupunun üzvləri İradə Məmmədova, Lalə Salamova, Anar Hüseynov, partiya fəalları Xaqani Hüseyni, Təhsin Vidadiyeva, Fəridə Nəbiyeva çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 20 il Azərbaycan tarixinə sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Vurğulanıb ki, məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə işğal altında olan torpaqları azad etdi. 23 saatlıq antiterror tədbirləri ilə ölkəmizin ərazi bütövlüyü tam bərpa edildi.
Natiqlər bütün bu reallıqlar fonunda seçiciləri daha böyük qələbələr naminə qalib Liderə səs verməyə çağırıblar.
Seçicilər isə qeyd ediblər ki, fevralın 7-də xoşbəxt gələcəyimizin təminatçısı cənab İlham Əliyevə səs verəcəklər.
Görüş Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, təşviqat qrupunun üzvləri həmin gün Oğuz şəhəri, Nəriman Nərimanov küçəsində yaşayan seçicilərlə fərdi görüşlər də keçiriblər.