Xəbərlər
Qalib xalqın dəstəklədiyi qalib Lider
Laçınlı seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində məskunlaşmış laçınlı seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Görüşdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, təşviqat qrupunun üzvləri Mikayıl Zeynalov, Elnur Əliyev çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, müstəqilliyini günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində Prezident İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. Əsrə bərabər 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı.
Vurğulanıb ki, Laçına qayıdış laçınlıların doğma yurd həsrətinə son qoyub. Laçın və laçınlılar gələcəyə böyük inam və ümidlərlə baxırlar. Natiqlər seçiciləri Azərbaycan xalqına son 200 ilin ən şərəfli və şanlı tarixini yaşadan cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, həmin gün təşviqat qrupunun üzvləri rayon sakinləri ilə fərdi görüşlər də keçiriblər.