Xəbərlər
Şirvan şəhərində seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Şirvan şəhərində seçicilərlə görüş keçirilib.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və social siyasət komitəsinin sədri Musa Quliyev, təşviqat qrupunun üzvü Əfqan Həsənov və Vətən müharibəsi qazisi Aslan Cəfərov çıxış ediblər.
Çıxışçılar bildiriblər ki, Prezident İlham Əliyev torpaqlarımızı işğaldan azad etməklə xalqın qürurunu özünə qaytardı, dünyada qalib xalq kimi tanıtdı. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş ölkənin vətəndaşı olmağı ilə qürur duyur və bunun üçün cənab İlham Əliyevə, rəşadətli ordumuza minnətdarlıq ifadə edir.
Daha sonra qeyd olunub ki, xalqımız 2024-cü il fevralın 7-də keçiriləcək seçkilərdə qalib Lider İlham Əliyevi bir daha dəstəkləməklə doğru addım atmış olacaq.
Seçicilər qalib Azərbaycanın bundan sonra da daha möhtəşəm uğurlara imza atması üçün cənab İlham Əliyevə səs verəcəklərini diqqətə çatdırıblar.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.