YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı soyqırımı: unutmadıq, unutdurmayacağıq

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti aparıblar. Tarixi saxtalaşdırmaqla özlərinə saxta tarix yazan ermənilər  dünyanı öz yalanlarına inandırmağa az da olsa müvəffəq olsalar da bu əsassız təbliğatın ömrünün heç zaman uzun olmayacağının fərqində idilər. Azərbaycanın  təbliğatı real faktlara, tarixi həqiqətlərə söykənir. 44 günlük İkinci Qarabağ müharibəsində döyüş meydanında tarixi Zəfərimizdə diplomatik uğurlarımız öz sözünü dedi. Dövlət başçısı İlham Əliyev həmin ərəfədə 30-dan artıq xarici mətbuata müsahibəsində Azərbaycan həqiqətlərini əsaslı şəkildə beynəlxalq ictimaiyyətə çatdırdı. Ermənilərin əsassız torpaq iddialarının, məkirli niyyətlərinin nəticəsində yaşadığımız faciələri unutmamalı, indiki və gələcək nəsillərə çatdırmalıyıq.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı  baş verdi. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olub. Azərbaycanda aparılan rəsmi istintaq nəticəsində bunu təsdiqləyən bütün məqamlar açıqlanıb.

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, faciə  bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək 18 ölkənin (Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya, Əfqanıstanın, Bolqarıstan) qanunverici orqanı, həmçinin ABŞ-ın 24 ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. 20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edilmişdir. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Hazırda xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış 10 abidə mövcuddur.

Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında “Xocalıya ədalət” kampaniyası da böyük əhəmiyyətə malikdir. Bu kampaniyanın təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. “Xocalıya ədalət” kampaniyasının strateji məqsədləri Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi; Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş ziyana  görə tam olaraq kompensasiyanın ödənilməsi; müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması; Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması və Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasıdır.

Azərbaycan xalqı 44 günlük İkinci Qarabağ müharibəsində bir daha yenilməz, məğrur xalq olduğunu təsdiqlədi. 44 günün hər günü tariximizə zəfər səhifəsi kimi yazıldı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz dünya hərb tarixinə  yeni səhifə yazdı. Tarixi Zəfərimiz milli kimliyimizi, qürurumuzu özümüzə qaytardı. Bütün şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının qisasını aldıq. Tarixi Zəfərimizdən üç il sonra Silahlı Qüvvələrimizin 2023-cü il sentyabrın  19-20 tarixlərində  həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki,  işğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır. Azad edilmiş digər ərazilərimiz kimi, Xocalı da  quruculuq mərhələsini yaşayır. 2024-cü ilin 28 may tarixində Böyük Qayıdışın Xocalı səhifəsi yazıldı. Xocalı şəhəri ilk sakinlərinə qovuşdu. Dövlətimizin başçısı İlham Əliyevin bu günədək Xocalıya 11 səfəri olub. Hər bir səfər Böyük Qayıdış Proqramının  uğurlu icrasının təsdiqi olan mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalıb. Prezident İlham Əliyev ötən ilin sentyabrında  Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşündə böyük qürur hissi ilə belə bir əminliyi ifadə etmişdir ki, bundan sonra həyatınızda ancaq sevincli günlər olacaq. O əzab-əziyyət, ədalətsizlik, haqsızlıq arxada qaldı. Azərbaycan dövləti sizin üçün bütün şəraiti yaradıb. Ən önəmlisi isə siz və sizin davamçılarınız  doğma Qarabağ diyarında artıq əbədi yaşayacaqsınız.  Bu, ədalətin təntənəsidir. Biz ədaləti, ilk növbədə, öz haqqımızı bərpa etdik, erməni işğalına son qoyduq. O da qeyd edildi ki, bütün dünya bu gün Azərbaycan haqqında danışır. Öz doğma torpağı uğrunda Azərbaycan qədər vuruşan, döyüşən, qan tökən, şəhid verən və qalib gələn ikinci ölkə yoxdur. Qələbəmizi təmin edən xalqımızın iradəsidir, xalqımızın öz doğma torpağına olan bağlılığıdır,  müştərək iradəmizdir, döyüşkən xasiyyətimizdir. Eyni zamanda, necə ki, döyüş meydanında düşməni məğlub etdik, onu kapitulyasiya aktını imzalamağa məcbur etdik, eyni qayda ilə sülhə də yol açdıq ki, bundan sonra heç vaxt müharibə olmasın.