YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla anılıb

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı müdrik xalqımızın qan yaddaşıdır” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Qazax şəhərinin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək abidə önünə tər güllər düzüb, şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.

Öncə tədbirdə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, partiya fəalları Günel Bəxtiyarlı və Aytəkin Hüseynova, eləcə də şəhid atası Qədir Əfəndiyev çıxış ediblər. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilən soyqırımı tariximizin ən dəhşətli və faciəli səhifələrindən biridir, bu hadisə bəşəriyyətə qarşı törədilmiş ağır cinayətlərdən biri kimi yadda qalıb.

Natiqlər qeyd ediblər ki, görünməmiş qəddarlıqla törədilən bu faciə illər boyu xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı mərhələsi olub. Vurğulanıb ki, Xocalı faciəsinə ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verilib və 1994-cü il fevralın 24-də Milli Məclis tərəfindən “Xocalı soyqırımı günü haqqında” qərar qəbul olunub. Faciədən 34 il keçməsinə baxmayaraq, xalqımız bu günü böyük ağrı ilə xatırlayır. Bununla yanaşı, hər bir vətəndaş qalib xalqın nümayəndəsi kimi əldə olunan uğurlarla fəxr edir, müasir və müstəqil Azərbaycanın regionda və dünyada artan nüfuzunu qürurla qeyd edir.

Tədbirin sonunda partiya veteranları şair Cavanşir Rüstəm və Kazım Kazımlı Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr etdikləri şeirləri səsləndiriblər.