YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalının azad edilməsi tarixi ədalətin bərpa olunduğunu təsdiqləyir

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının, Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən Rayon Mədəniyyət Mərkəzinin, Daşkəsən rayonu üzrə Təhsil Sektorunun və Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edənlər bildiriblər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Qadınların, uşaqların və qocaların xüsusi amansızlıqla qətlə yetirilməsi bu hadisənin insanlığa qarşı yönəlmiş ağır cinayət olduğunu bir daha sübut edir. Vurğulanıb ki, Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və soyqırımına hüquqi-siyasi qiymət verilməsi istiqamətində Azərbaycan dövləti tərəfindən ardıcıl və məqsədyönlü iş aparılır.

Çıxışlarda həmçinin qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin edib. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın suverenliyi tam bərpa olunub və Xocalıda Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Xocalının azad edilməsi şəhidlərimizin qanının yerdə qalmadığını, tarixi ədalətin bərpa olunduğunu bir daha təsdiqləyib.

Tədbirin sonunda Xocalı soyqırımının dəhşətlərini əks etdirən videoçarx nümayiş etdirilib, məktəblilər tərəfindən şeirlər səsləndirilib.