Xəbərlər
Xocalı soyqırımı: qanla yazılan tarix
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Ermənilər zaman-zaman öz himayədarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı, deportasiya siyasəti həyata keçirib. Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda təqibdən gizlənən zaman donvurma nəticəsində həlak oldular.
Həmin qətliam nəticəsində 613 azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq, 70 ahıl xüsusi amansızlıqla qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüş, onlardan 150-nin taleyi isə indiyədək naməlum qalmışdır. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq valideynlərindən hər ikisini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 487 şəxs, o cümlədən 76 uşaq məruz qaldıqları ağır fiziki və psixoloji işgəncələrdən ömürlük əlilə çevrilmişdir.
Ermənistanın bütün cəhdlərinə, xüsusilə də o dövrdə yaratdığı informasiya blokadasına baxmayaraq, cinayətin miqyası və ağırlığı dünyanın aparıcı media qurumlarının və beynəlxalq təşkilatlarının hesabatlarında işıqlandırılmışdı. Yerli və xarici jurnalistlərin faciədən sonra Xocalı şəhəri və ətraf ərazilərdən topladıqları foto və video materiallar, o cümlədən şahid ifadələri hadisənin bütün dəhşətlərini açıq-aşkar göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu ildə məsələ ilə bağlı çıxardığı yekun qərarda Xocalıda törədilən əməllər müharibə cinayətləri və insanlıq əleyhinə cinayət kimi qiymətləndirilmişdir. Ermənistanın Xocalını işğal etmək planı hərbi məqsədlərlə məhdudlaşmır, eyni zamanda, həmin ərazilərdəki Azərbaycan xalqına məxsus zəngin tarixi-mədəni izləri silmək, mədəni irsi məhv etmək və saxtalaşdırmaq niyyəti güdürdü.
44 günlük İkinci Qarabağ müharibəsində dünya bir daha erməni vəhşiliklərinin şahidi oldu. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri iki dəfə Gəncəni, bir dəfə Bərdəni, Tərtəri və digər yaşayış məntəqələrimizi paket atəşinə tutdu, onlarla insanın ölümünə, yüzlərlə insanın yaralanmasına və nə qədər böyük dağıntılara səbəb oldular. Gəncədə, Bərdədə törədilən terror aktları Xocalı soyqırımının davamı kimi dəyərləndirilir. Ermənistan cinayət əməlləri ilə beynəlxalq hüququn fundamental prinsiplərinə, həmçinin beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymadığını açıq-aşkar nümayiş etdirir.
44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan qalibiyyəti ilə dünyaya səs saldı və belə bir mesajı ünvanladı ki, sonda zəfər çalan ədalət və beynəlxalq hüquqdur. Azərbaycanın istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində üstünlüyü dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Azərbaycan daim ədalətin və beynəlxalq hüququn yanındadır. Azərbaycan xalqı tarixinə, torpaqlarına sahib çıxan, yaşadığı faciələri unutmayan, heç zaman ruhdan düşməyərək daim irəli baxan xalqdır.
2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında birgünlük lokal xarakterli antiterror əməliyyatında Azərbaycan Ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində tarixi torpaqlarımız işğaldan azad olundu və 2023-cü il oktyabrın 15-də Xocalıda, Xankəndidə, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağı ucaldıldı. İşğaldan azad edilmiş bütün ərazilərdə hazırda sürətli bərpa-quruculuq işləri və Böyük Qayıdış prosesi davam etməkdədir. Bu il Böyük Qayıdış Proqramının birinci mərhələsi başa çatır. Bu dövr üçün 8 şəhərin bərpası, sakinlərinə qovuşması nəzərdə tutulmuşdursa, bunlardan biri Xocalı şəhəridir. Xocalı şəhəri bu sevinci 2024-cü ilin 28 may tarixində yaşadı. Dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşdülər. Cənab İlham Əliyev sakinlərlə söhbət zamanı bildirdi ki, antiterror əməliyyatından dərhal sonra dedim ki, birinci növbədə biz Xocalını bərpa etməliyik. Xocalı yenidən qurulur, daha gözəl şəhər olacaq. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik.
