Xəbərlər
Xalqın namizədi

Əfsun Sucayev
YAP İdarə Heyətinin üzvü,
elmlər doktoru
Dekabrın 15-də zəfər dolu “Heydər Əliyev-2023” ilində şərəfli tariximizə qızıl hərflərlə yazılan daha bir əlamətdar hadisəyə şahidlik etdik. Belə ki, Ümummilli Liderin adını daşıdığı Mərkəzdə baş tutan Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında 2024-cü il fevralın 7-nə təyin edilən Azərbaycan Respublikası Prezidenti seçkilərinə xalqımızın namizədi elan olundu. Əlbəttə, bu Azərbaycan dövlətinə tam suverenlik, ərazi bütövlüyü bəxş edən xalqına, millətinə son 200 ildə heç vaxt yaşamadığı qələbə sevinci bəxş edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev idi.
Qeyd etmək lazımdır ki, YAP İdarə Heyəti növbədənkənar prezident seçkilərinə namizəd irəli sürməklə sadəcə bir prosedur yerinə yetirmiş oldu. Çünki YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun vurğuladığı kimi seçkilər zamanı namizədlərin irəli sürülməsi məsələsi Seçki Məcəlləsinin 54-cü maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 54.1 maddəsində isə namizədin irəli sürülməsi haqqında qərarı siyasi partiyanın öz Nizamnaməsinə uyğun olaraq qəbul edildiyi yazılır. Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilmiş son Qurultayında partiyamızın yeni qəbul edilən Nizamnaməsində Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada seçkilərdə namizədlərin irəli sürülməsi səlahiyyəti, məhz, İdarə Heyətinə verilib. Beləliklə, partiyamızın ali orqanı olan İdarə Heyəti yeni Nizamnamənin müəyyənləşdirdiyi qaydanı həyata keçirib. Cənab İlham Əliyev isə təkcə nə İdarə Heyətinin, nə də 800 minə yaxın üzvü olan, ölkəmizin əsas siyasi avanqard qüvvəsini özündə cəmləyən, nəinki respublikamızın, bütünlükdə regionun ən böyük siyasi təşkilətının namizədi deyil. O, heç, təkcə Azərbaycanın mövcud sərhədləri daxilində vətəndaşı olan 10 milyon 163 min 176 nəfər azərbaycanlının da namizədi deyil. Cənab İlham Əliyev həm də ölkə sərhədlərindən kənarda yaşayan 50 milyon dünya azərbaycanlısının da yeganə və alternativsiz namizədidir. Müdriklərin belə bir deyimi var: liderlik elə bir keyfiyyətdir ki, o, anadan doğulur, sonradan qazanılmır. Cənab İlham Əliyev də tarixin xalqımıza bəxş etdiyi, 2003-cü ildə Ümummilli lider Heydər Əliyev tərəfindən təqdim olunan, xalqımız tərəfindən də birmənalı, yekdilliklə qəbul olunan liderdir. Dövlətimizin başçısı 20 il əvvəl xalqına verdiyi bütün vədləri nöqtə-vergülünə qədər yerinə yetirdi, sonda da əlçatmaz Qarabağ yuxularımızı çin etməklə, öz şah əsərinə NİDA işarəsini qoymaqla, bu təlatümlü, ədalətin yox, gücün hakim olduğu dünyada qüdrətli dövlətimizi növbəti on, iyirmi, otuz illiklərə apara biləcək lider olduğunu göstərmiş oldu.
Böyük mütəfəkkirimiz Hüseyn Cavid, məhz xalqının taleyində taleyüklü problemləri həll etməklə, təkrarsız əməlləri ilə müharibələrə son, bəşəriyətə sülh-əmin-amanlıq gətirən tarixi şəxsiyyətlər haqqında – Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü– demişdir. Cənab İlham Əliyev də ismini əvəzolunmaz, misilsiz işləri ilə dünyanın az sayda qibtə etdiyi belə dahiləri, böyük tarixi şəxsiyyətləri sırasına daxil edə bilib. Bu dahi liderimizin yaratdığı reallıqlar - qalib sərkərdənin xalqına bəxş etdiyi qələbə nailiyyətlərindən, qəhrəmanlıqlarından isə indi yalnız paytaxtda danışılmır. Lerik, Yardımlı, Qax, Gədəbəy, Şahbuzun və sair ən ucqar dağ kəndlərində belə dilindən, dinindən, cinsindən, yaşından, milliyətindən, etnik mənşəyindən aslı olmayaraq böyükdən kiçiyə, ziyalıdan sıravi vətəndaşa qədər, bir sözlə, 7-dən 77-ə qədər hər kəsin ağzından çıxan hər kəlmənin əzəl mübtədası İlham Əliyevlə bağlıdır.