Xəbərlər
Qalib Liderə olan inam

Aydın Hüseynov
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin genişləndirilmiş iclasında 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində Partiyanın prezidentliyə namizədinin irəli sürülməsi xalqımız tərəfindən də böyük çoşqu ilə qarşılandı. Bu qərar təkcə YAP-ın deyil, həm də xalqın böyük əksəriyyətinin arzu və istəyinin tərənnümüdür. Prezident İlham Əliyevin yekdilliklə prezidentliyə namizəd kimi təsdiqlənməsi Azərbaycan xalqının vahid iradəsini ifadə edirdi.
İlham Əliyev fenomenal idarəçilik qabiliyyətini son 20 illik hakimiyyəti dönəmində göstərib. Vətəndaşlara qayğı, xalqın daim yanında olmaq, insanların problemlərini həll etmək və ən əsası hər bir azərbaycanlının prezidenti olmaq reallığı hər dövlət başçısına xas olmayan xüsusiyyətlərdəndir. Ulu Öndərimizin siyasi varisi İlham Əliyevin ilk dəfə prezident seçkilərində qalib gəldiyini heç kim unutmayıb. Onun düz 20 il bundan əvvəl söylədikləri hər kəsin yadındadır. İlham Əliyev sözünə əməl edən Liderdir. Prezidentimiz indiyədək xalqına hansı vədi veribsə, onu daim yerinə yetirib. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında tarixinin ən böyük yüksəlişini yaşayıb. Bu yüksəliş Azərbaycanın yeni predmetlərə və inkişaf strategiyasına əsaslanan sosial-iqtisadi inkişafına, insan kapitalının əsas diqqət mərkəzində olduğu siyasətə və ən əsası, ölkəmizin qalib dövlət statusu ilə regionun əsas güc mərkəzinə çevrilməsinə səbəb olub.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ən vacib sahələr ötən 20 ildə inkişaf etdirildi, “Əsrin müqaviləsi” tam olaraq həyata vəsiqə qazandı, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat kommunikasiyaları işə düşdü, Azərbaycana xarici sərmayələr hər gün artmağa başladı, ölkəmiz etibarlı tərəfdaş kimi tanındı. Neft kapitalının insan kapitalına çevrilməsini şərtləndirən amillər tətbiq edildi. Ötən 20 ildə əldə edilən uğurları sadalamaqla bərabər, xalqımız və dövlətçiliyimiz üçün ən böyük problemin - Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tam olaraq bərpa edilməsini də xüsusi qeyd etmək lazımdır. Məğlubiyyət, itki həmişə acı olur. Keçmiş hakimiyyətlərdən miras qalan ərazi itkilərimizin bərpası həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin hakimiyətdə olduqları müddətdə prioritet məsələlər sırasında öndə olub. Son 20 ildə müxtəlif ölkə və şəhərlərdə Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün İlham Əliyev çoxsaylı görüşlər keçirib, müzakirələr aparılıb. İki dəfə Ermənistana və onun arxasında duran güclərə mesajlar verilib, müharibə variantı onların yadına salınıb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini hələ də yerinə yetirmək istəməyən güclər ATƏT-in Minsk qrupunda da dişsiz fəaliyyətləri ilə yadda qaldılar. Ermənistanın son təxribatları isə Prezidentin əmri ilə Azərbaycan Silahlı Qüvvələrinin əks-hücuma keçməsinə səbəb oldu. Tarixə 44 günlük Vətən müharibəsi kimi düşən “Dəmir yumruq” əməliyyatı Qarabağımızı və ətraf rayonları erməni işğalçılarından azad etməsi üçün kifayət etdi. İlham Əliyev sərkərdəlik məharəti ilə Ordumuzu, Prezident kimi xalqı bir araya gətirə və Böyük Qələbəni əldə edə bildi. Ali Baş Komandan İlham Əliyev xalqın arzusunu gerçəkliyə çevirməklə yanaşı, həm də ən əsas vəzifəsini - Ata vəsiyyətini yerinə yetirdi. 200 illik Azərbaycan tarixində ilk dəfə olaraq dövlətimizin böyük ərazilərinin bir hissəsi azad edildi. Bu, misli görünməmiş bir uğurdur, xalqımız da bunu bilir və dəyərləndirir.
İnanıram ki, Yeni Azərbaycan Partiyasının, həm də xalqın böyük əksəriyyətinin seçimi, namizədi olan İlham Əliyev nəinki 7 fevralda, həm də ondan sonrakı dönəmlərdə də Azərbaycanın Prezidenti olacaq. İlham Əliyev təkcə YAP-ın yox bütün Azərbaycan xalqının namizədidir.