YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənab İlham Əliyevin siyasətinin alternativi yoxdur

Bəhruz Məhərrəmov

Milli Məclisin deputatı

Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasında cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi yalnız 700 mindən artıq üzvü olan bir siyasi təşkilatın yox, bütövlükdə 10 milyonluq Azərbaycan xalqının, hətta 50 milyonluq azərbaycanlı kimliyinin təkidli tələbidir. Yaranışı belə ictimai-siyasi zərurətdən doğan və Heydər Əliyev şəxsiyyətinin işığında formalaşan bir təşkilatın bu gün öz qərarını xalqın tələbi əsasında qəbul etməsi təbiidir və çox müdrik yanaşmadır.

Bildiyiniz kimi, son 105 ildə 3 dəfə ictimai-siyasi formasiya dəyişmiş, Azərbaycan sabit inkişaf dövrünə məhz ötən əsrin 60-cı illərinin sonundan, Ulu Öndər ilk dəfə siyasi hakimiyyətə gəldikdən sonra qədəm qoyub. Hətta o zamankı İttifaq çərçivəsində belə tam şəkildə feodal təfəkkürdən çıxa bilməyən cəmiyyət, iqtisadi gerilik, zəngin tarixi-mədəni irsin isə nihilist-bolşevik təfəkküründə ərimək üzrə olduğu bir dövrdə Ulu Öndər Azərbaycana yeni nəfəs vermiş, ölkə inkişaf dövrünə qədəm qoymuşdu. Dahi Liderin siyasi hakimiyyətdən 6 illik kənarlaşdığı dövr isə Azərbaycan tarixinin ən ağır və utanc səhifələrinin yaşandığı perioda çevrildi. Bütün bu yaşananlar isə xalqın gen yaddaşına çevrildi və bu gün də üzərindən yarım əsrlik bir zamanın keçməsinə baxmayaraq hər bir azərbaycanlı Heydər Əliyev siyasi kursunun əhəmiyyətini, bu kursun davamlılığının ümummilli zərurət olduğunu dərk edir. Xüsusən bu kursun parlaq davamçısı, milli özünüdərk və inkişafı yeni mərhələyə yüksəltmiş İlham Əliyev şəxsiyyətinin rolu nəinki Azərbaycan xalqı, bütövlükdə Cənubi Qafqaz başda olmaqla, bütün regionumuzda təsirli iz buraxmaqdadır. Siyasi suverenliyimizin möhkəmlənməsi, tam iqtisadi müstəqilliyə nail olunması, ərazi bütövlüyü, sərhəd toxunulmazlığı, beynəlxalq hüquqla tanınan bütün ərazilərimizdə konstitusiya quruluşunun bərqərar olunmasına məhz cənab İlham Əliyevin rəhbərliyi altında nail olunub. Əsrlərdir məğlubiyyətlərə adət etmiş, itkilər verməkdə davam edən bir toplum, qalibiyyət anlayışını unutmuş bir xalqdan müzəffər topluma məhz möhtərəm İlham Əliyevin sayəsində çevrilə bilmişik. Bu xalq məhz Heydər Əliyev siyasi kursuna sadiq qalan cənab İlham Əliyevin qətiyyəti ilə, 3 il ərzində düşməni 2 dəfə kapituliyasiyaya məcbur edən qalibə çevrilib. Məhz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, həyata keçirilən iqtisadi və siyasi islahatların məntiqi nəticəsi olaraq Azərbaycan tarixinin ən güclü dövrünə qədəm qoyub. Bu mənada, qədirbilən Azərbaycan xalqı və xalqın səs hüququna malik 700 mindən artıq siyasi fəal vətəndaşının birləşdiyi bir partiyanın da növbədənkənar Prezident seçkilərində iradəsinin məhz cənab İlham Əliyevin üzərinə fokuslanması çox təbiidir.

Məlumdur ki, Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, bildiyiniz kimi, bizim 6 ali konstitusion niyyətimizdən biridir. Azərbaycan öz müstəqilliyini bərpa etdiyi 32 il ərzində, daha dəqiq desək, real müstəqilliyimizin 30-cu ilində biz, nəhayət ki, ilk dəfə olaraq bəyan edə bilirik ki, Azərbaycan Müzəffər Ali Baş Komandanının qətiyyəti sayəsində bütün aspektlərdə müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü təmin etmiş, bütün suveren ərazilərində Konstitusiya quruluşunu bərqərar etmiş bir dövlətdir. Digər tərəfdən, aydındır ki, Zəfərimizlə yeni reallıq yaranıb, artıq tələblərimiz, prioritetlərimiz dəyişib. Böyük quruculuq və bərpa, xüsusən Qarabağ və Şərqi Zəngəzura layiqli həyatın qaytarılması, bütövlükdə Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi, bütün cəmiyyətin və hər kəsin firavanlığının, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edilməsi, sabitliyin və təhlükəsizliyin davamlılığının təmin olunması kimi hədəflərimiz var. Prezident İlham Əliyevin özünün də ifadə etdiyi kimi, "İndi müstəqillik tariximizin inkişaf dövrünün qürurverici, yeni mərhələsindəyik". Bu gün tam yeni inkişaf dövrünə qədəm qoyduğumuz yeni - qalib və qüdrətli Azərbaycanda isə Heydər Əliyev siyasi kursu və şəxsən cənab İlham Əliyev siyasi təfəkkürünə, Onun müzəffər rəhbərliyinə əvvəlki dövrlərdən daha çox möhtacıq.

Azərbaycan xalqı da çox yaxşı anlayır ki, Heydər Əliyev siyasi kursunun, bizi illərdir qələbədən qələbəyə aparan, Azərbaycanı tarixinin ən güclü və qalib dövlətinə çevirən cənab İlham Əliyevin siyasətinin alternativi yoxdur.