Xəbərlər
Mühüm tarixi hadisə
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Azərbaycan tarixinin böyük bir dövrü məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Zaman ötdükcə bu böyük şəxsiyyətin Azərbaycanın inkişafı naminə gördüyü işlərin miqyası daha dərindən dərk olunur.
Dövlət başçısının sərəncamında vurğulandığı kimi, ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.
Tale elə gətirdi ki, ulu öndər Heydər Əliyev respublikamızın ötən əsrin 90-cı illərinin əvvəllərində əldə etdiyi müstəqilliyini qorumaq missiyasını da elə özü yerinə yetirdi. O dövrün mənzərəsini göz önündə canlandıraq. Xaos, iqtisadi və siyasi böhran, vətəndaş qarşıdurması, torpaqlarımızın işğal altına düşməsi, cəmiyyətdəki sabahkı günə ümidsizlik müstəqilliyin ilk illərində ölkəmizi səciyyələndirən əsas cəhətlər idi. Bir tərəfdən, zorakılıq yolu ilə hakimiyyətə gələn AXC-”Müsavat” iqtidarının səriştəsizliyi nəticəsində ölkədə yaranan vətəndaş qarşıdurması, digər tərəfdən isə, Ermənistanın respublikamıza qarşı elan olunmamış müharibə aparması, havadarlarının köməyi ilə torpaqlarımızı işğal etməsi Azərbaycanı, sözün əsl mənasında, ölüm, ya qalım dilemması ilə üz-üzə qoymuşdu. Vəziyyət o qədər ciddi hal almışdı ki, hətta müstəqilliyin itirilməsi təhlükəsi də real idi.
Müstəqilliyimiz, respublikanın gələcəyi üçün həmin böhranlı günlərdə xalq son ümidini sınanmış oğlu Heydər Əliyevə bağlayaraq təkidlə onun Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini tələb edirdi. Bütövlükdə, Azərbaycanın inkişaf salnaməsini yazan Ulu Öndər bu dəfə də xalqının yanında olmağa qərar verərək iyunun 9-da Naxçıvandan Bakıya gəldi və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bir qədər sonra isə Milli Məclisin qərarı ilə Ulu Öndər Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu mühüm tarixi hadisədən artıq 30 il ötür.
Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycanda hadisələr müsbət məcraya yönəldi, ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu. Dövlət başçısı İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamda Heydər Əliyevin müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövr taleyüklü mərhələ kimi səciyyələndirilib: “Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir”.
Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir.
Bu gün Heydər Əliyev siyasəti onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi. Bundan sonra da müstəqil Azərbaycan Heydər Əliyev yolu ilə gələcəyə doğru inamla addımlayacaq!