YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yenilməz Ordumuz qarşıya qoyulan hədəflərə qısa zamanda nail oldu

“Rəşadətli Ordumuz dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha bir böyük missiyanı uğurla yerinə yetirdi. Belə ki, Silahlı Qüvvələrimiz Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirdiyi antiterror tədbirlərini uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Ölkəmizin qısa müddətdə, bir günə təmin etdiyi qələbə yenilməz Ordumuzun malik olduğu imkanların növbəti təqdimatı oldu. Bu qələbəmiz sübut etdi ki, Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı bütün təxribatların qarşısı qətiyyətlə alınır və alınacaq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 20 sentyabr tarixində növbəti tarixi qələbəmizlə bağlı xalqa müraciəti harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını qürurlandırdı. Sentyabrın 19-da təxminən saat 13:00 radələrində antiterror tədbirlərinin başlanması və bir gün ərzində uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Cənab İlham Əliyev həmin müraciətində lokal antiterror tədbirlərinə başlanmasını şərtləndirən amillərə diqqəti yönəldərək bildirdi ki, bu tədbirlər nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ağır relyef, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq hərbçilərimiz qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli hərbi uğurlar əldə etdilər.”  Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən üzərinə düşən öhdəliyə zidd olaraq bu günə qədər çıxarılmamış ordusunun böyük hissəsi tamamilə məhv edildi.  Hərbi texnika məhv edilərək sıradan çıxarıldı. Artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılması, həmçinin Azərbaycanın şərtlərinə uyğun olaraq silahların təhvil verilməsi prosesinə başlanılıb: “Ölkəmiz lokal antiterror tədbirlərinə başlayan zaman bu prosesi hansı şərtlər daxilində dayandıra biləcəyini açıqlamışdı. Əks təqdirdə tədbirlərin sona qədər davam etdiriləcəyi bildirildi. Azərbaycan istədiyini etdi, bütün şərtlərin qəbuluna nail oldu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun çox qısa zamanda yazdığı uğur hekayəsi Silahlı Qüvvələrimizin peşəkarlığını, yüksək döyüş ruhunu, mükəmməl plan əsasında fəaliyyətini nümayiş etdirməklə yanaşı, Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqlədi.”

Malik Həsənov onu da əlavə edib ki, 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə də Azərbaycan dövləti hansı şərtlər daxilində müharibəni dayandıracağını açıqlamışdı: “Azərbaycan hər zaman sülhün tərəfdarı olub. İstər 30 illik işğal, istərsə də tarixi Zəfərimizdən ötən 3 ilə yaxın dövrdə Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribatlara diqqət yetirmək kifayətdir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Dövlət başçısı İlham Əliyev sözügedən müraciətində bir daha özlüyündə yaranan “Bu vəziyyətə gətirib çıxarmaq kimə xeyir gətirdi” sualına cavab olaraq bildirdi ki, İkinci Qarabağ müharibəsindən dərhal sonra Azərbaycan haqlı olaraq narahatlığını ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət etdi. Bildirdi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır. Ermənistan rəhbərliyi əgər vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir. Hətta ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Ermənistan Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyandan sonra Qarabağda 30 il at oynadan kriminal rejimin hansı statusu ola bilər?!”

Millət vəkili bildirib ki, Azərbaycan Ordusunun Qarabağda başladığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması, qarşıya qoyulan hədəflərə qısa zaman kəsiyində nail olunması fonunda bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Dövlət başçımızın qeyd etdiyi kimi, kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, zəhər yuvası artıq tarixdə qalır.  Qarabağda yaşayan erməni əhalisi nəhayət rahat nəfəs ala bilər. Onlar tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki Azərbaycanın niyyəti  sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır.

  Malik Həsənov belə bir ümumiləşdirməni aparıb ki, antiterror tədbirlərinin nəticələri sülh müqaviləsinin imzalanması üçün maneələri aradan qaldıracaq. Regionda davamlı sülh və təhlükəsizlik təmin ediləcək. Müzəffər Ali Baş Komandan xalqa tarixi müraciətində bir daha bizə xor baxanlara, torpağımıza göz dikənlərə, uğurumuzu həzm edə bilməyənlərə mesajını çatdırdı: “Heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”