YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərurətdən doğan əməliyyat

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməkdən boyun qaçıran Ermənistan ona verilmiş dövlət olmaq, iqtisadi və siyasi yüksəliş şansını 3 il ərzində dəyərələndirə bilmədi. Məğlub dövlət olmasına baxmayaraq beynəlxalq qanunları görməzdən gələrək, hətta bəzi hallarda ayaqlayaraq Azərbaycanın suveren hüquqlarına açıq-aşkar təcavüz etməkdən belə çəkinməyən Ermənistan sözsüz ki, bu gücü havadarlarından alırdı.  Keçmiş Minsk qrupu üzvlərinin açıq-aşkar dəstəyi Ermənistana riyakarlıq etməyə imkan verirdi. Məhz buna görə də Paşinyan Moskvada bir söz, Brüsseldə başqa bir söz deyirdi.

Bütün bunların fonunda Ermənistanı qınaq obyektinə çevirmək, onu danışıqlar masası arxasında əyləşməyə vadar etmək əvəzinə, böyük dövlətlər bölgədə öz maraqlarını təmin etmək xatirinə nəinki susmur, hətta ermənilərin “humanitar fəlakət”, “aclıq” vəziyyətində qaldıqları barədə vay-şivənlərinə göz yaşı tökür və Azərbaycanı qınadılar. 30 il ərzində Naxçıvanın blokada şəraitində yaşadığını görməzdən gələnlər bircə dəfə də olsun Zəngəzurdan yolun açılmasını tələb etmədikləri halda, erməni yalanlarına rəvac verərək Laçın yolundan Ermənistanın Qarabağ bölgəsinə silah, sursat daşımasına humanitar yardım adı verməkdə davam etdilər.  

Bəyanatın əsas müddəalarından  biri də Ermənistan Silahları Qüvvələrinə məxsus ordu birləşmələrinin, silah-sursatın bölgədən çıxarılması tələbi də ermənilərin “yadından çıxdı”. Əslində isə Ermənistan bütün vasitələrlə bu 10 min nəfərlik ordunu daha çox silahlandırmağa başladı və təxribatlar davam etdirildi.

Artan təxribatlar fonunda sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı və mülki şəxslər həlak oldu. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandı.

Məhz bütün bu məqamları nəzərə alaraq BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində addımlar atılmalı idi. Bu gün həmin addımlar atılaraq  lokal xarakterli antiterror əməliyyatı başlanıldı. Antiterror tədbirləri Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə həyata keçirilir və legitim hərbi hədəflərə dəqiq zərbələr endirilir. Belə bir tədbirin keçirilməsi hər bir suveren dövlətin, o cümlədən Azərbaycanın hüququdur. Ərazilərimizdəki terror qruplaşmalarına qarşı susmaq dövrü keçib.

Ordumuzun Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror əməliyyatı zəruri və ədalətlidir. Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdır. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır.

Ona görə də kiminsə, hansı dövlətinsə bizə “dur” deməyə, erməni quldur dəstələrini müdafiə etməyə haqqı yoxdur. Bəyanatın imzalanmasından keçən 3 il müddətində 314 vətəndaşımız mina terrorundan zərər çəkmiş, 61 vətəndaşımız mina terrorunun, onlarla hərbi qulluqçumuz isə erməni qəsbkarlarının açdığı xain atəşin qurbanı olmuşdur. Təəsssüf ki, heç bir təşkilat səsini çıxarmamış, bu minaların və silah-sursatın haradan gətirildiyi barədə ermənilərdən hesab tələb etməmişdir. Ona görə də bu gün bizdən nəyisə tələb etmək hüquqları yoxdur.

Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin dəfələrlə xəbərdarlıq etməsinə, dəmir yumruğun yerində qaldığını söyləməsinə, ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün bütün şəraitin yaradılmasına baxmayaraq ermənilərin kor inadkarlığı öz nəticəsini verdi və Azərbaycanın səbr kasası daşdı.

Azərbaycan xalqı həyata keçirilən antiterror tədbirlərində dövlətimizin, onun rəhbərliyinin yanındadır və söz Vətən olunca bir yumruq kimi birləşmək vətəndaş borcumuzdur. 23 siyasi partiyanın bu günlərdə yayımlanmış Bəyanatı, ictimai təşkilatların fəal vətəndaş mövqeyi sərgiləməsi də bundan xəbər verir.

Bir sözlə, Ermənistan üçün hələ də gec deyil. Nə qədər imkan varsa tez məğlubiyyətini etiraf etməli və öz tör-töküntü silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmalıdır.

Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.