Xəbərlər
Ermənistan təxribatlara son qoymalıdır

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Avqustun 16-da BMT Təhlükəsizlik Şurası Ermənistanın təklifi ilə Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin guya “bağlanmasından” sonra yaranmış “humanitar böhranı”n müzakirəsi üçün təcili iclas keçirdi. Ermənistan bu müzakirələrdən heç bir siyasi dividend qazana bilmədi. Müzakirələr Ermənistan diplomatiyasının tam iflası oldu. Bir daha təsdiq edildi ki, belə müzakirələrə ehtiyac yox idi. Məsələ BMT və digər platformalarda deyil, yerində həll olunmalıdır. İclasda bir sıra çıxışçılar Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağlı verdiyi qərara əməl etməyin, yəni, Azərbaycanın əlində olan imkanlardan istifadə edərək yolun maneəsiz və təhlükəsiz şəkildə humanitar məqsədlərlə istifadə olunmasını təmin etməyinin vacibliyini bildirdilər. Reallıq budur ki, Azərbaycan aprelin 23-də Laçın yolunda quraşdırdığı sərhəd-buraxılış məntəqəsi ilə bu yoldan maneəsiz və təhlükəsiz keçidi təmin etmişdi.
Bu mühüm məqamı da qeyd etməliyik ki, BMT Təhlükəsizlik Şurası təsis olunduğu vaxtdan bu günə qədər dünyada sülhün və sabitliyin təmin olunması kimi böyük məsuliyyəti öz üzərinə götürüb. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmləndirmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək olan BMT-nin bu gün üzərinə düşən missiyanı hansı səviyyədə yerinə yetirdiyini geniş şərh etməyə ehtiyac yoxdur. BMT sisteminin təkmilləşdirilməsi, tərkibinin genişləndirilməi məsələsinin gündəmə gətirilməsi özündə bütün məqamları ehtiva edir. Qurumun Ermənistanın guya Qarabağda “humanitar böhran”, aclıq, blokada və s. şəraitində yaşamasını əsas götürüb növbədənkənar iclas keçirməsi birmənalı qarşılana bilməz. 27 il Azərbaycan BMT qətnamələrinin icrasını gözlədi. Azərbaycanla bağlı qətnamələrin hazırlanmasında və qəbulunda iştirak edən dövlətlər bu sənədlərin icrası məsələsi gündəmə gətiriləndə işğalçının adı ilə çağırılmasının münaqişənin həllinə mane olacağını söyləməklə bununla üzərilərinə düşən məsuliyyəti kənəra qoydular. Bu gün Ermənistanın yalanlarına dəstək olub BMT Təhlükəsizlik Şurasında müzakirələrin təşkili qurumun nüfuzuna xələl gətirməyə bilməz. Bununla BMT Təhlükəsizlik Şurası bir daha sübut etdi ki, vaxtilə erməni silahlı birləşmələrinin qeyri-şərtsiz və dərhal Azərbaycan ərazilərindən çıxarılması üçün qəbul etdiyi qətnamələrin hər biri sadəcə kağız parçası olub. Çünki bu qətnamələri Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində təkbaşına icra etdi.
Müzakirələrdə bir daha təsdiqləndi ki, Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılması Azərbaycanın erməniləri blokadada saxladığı anlamına gəlmir. Sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini qorumaq üzrə təməl hüququ çərçivəsində, Ermənistanın bu marşrutdan Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyası, silah, sursat, mina və xarici terrorçuların daşınması, habelə bu ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması və daşınması kimi qeyri-qanuni hərbi və digər fəaliyyətlər üçün ardıcıl və açıq-aşkar sui-istifadə etməsinin qarşısını almaq məqsədilə yaradılıb.
Yuxarıda da qeyd etdiyimiz kimi, Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib.
Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasdakı çıxışında bu mühüm məqama xüsusi diqqət çəkmişdir ki, sərhəd-buraxılış məntəqəsinin yaradılması mülki əhalinin Laçın yolu ilə gediş-gəlişinə mane olmadı, 2023-cü il iyunun 15-dək bu cür hərəkətlərin sayı faktiki olaraq nəzərəçarpacaq dərəcədə artdı. Həmin tarixdə Ermənistanın davam edən təxribatının növbəti nümunəsi Ermənistan silahlı qüvvələrinin Azərbaycan sərhədçiləri və onları müşayiət edən Rusiya sülhməramlı qüvvələrinə hücumu zamanı baş verib. Bu hücum Azərbaycan sərhədçisinin ağır yaralanması ilə nəticələnib və eyni zamanda, BQXK-nın əməkdaşları və məntəqədən keçən mülki şəxslər üçün birbaşa təhlükə yaradıb. Bununla yanaşı, Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi. Bu yol Azərbaycanın əsas nəqliyyat marşrutlarından birinə - “İpək Yolu” və ya M2 avtomobil yolu kimi tanınan və beynəlxalq bazarlara etibarlı əlaqəni təmin edən magistral yolu ilə bağlıdır.
Müzakirələrdə bu məqam da diqqətə çatdırıldı ki, Ermənistan tərəfindən humanitar bəhanələrlə edilən manipulyasiyalar təxribat xarakterli hərbi fəaliyyətlə eyni zamanda baş verir. Azərbaycanın suveren ərazisində qeyri-qanuni yerləşdirilmiş radioelektron döyüş texnikasından istifadə xüsusi narahatlıq doğurur. Son həftələr ərzində təkcə “Azərbaycan Hava Yolları”nın deyil, xarici ölkələrin mülki təyyarələri də onların təhlükəsizliyi üçün ciddi təhlükə yaradan radioelektron müdaxilələrə məruz qalıb. Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən hərəkətlərinə son qoymalıdır. Bölgədə davamlı sülh üçün tarixi fürsətin qaçırılmaması həyati əhəmiyyət kəsb edir.