YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Qubadlı abad yaşayış məkanına çevrilir

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qubadlı işğaldan azad olunaraq öz azadlığına, öz sahiblərinə qovuşub. Bu tarixi hadisə təkcə Qubadlının deyil, bütövlükdə Azərbaycanın Böyük Qələbəsinə gedən yolun mühüm mərhələsini təşkil edib. Qubadlının azad olunması ilə xalqımız öz doğma torpaqlarına qayıdışın qapılarını açdı, ədalət bərpa olundu, Vətən uğrunda canlarından keçən şəhidlərimizin arzusu gerçəkləşdi. Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri 1993-cü il avqustun 31-də Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasıdır. Bu hadisə təkcə bir rayonun itirilməsi deyil, həm də minlərlə insanın taleyində dərin izlər buraxan faciə idi.

Onlarla kənd, məktəb, xəstəxana, mədəniyyət ocağı dağıdıldı. Minlərlə ailə qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. İşğal zamanı mülki əhali arasında qətlə yetirilənlər, əsir və girov götürülənlər oldu. Bu, təkcə fiziki yox, həm də mənəvi zərbə idi çünki bir xalq öz doğma torpağının sükuta qərq olmasını seyr etmək məcburiyyətində qaldı.      Qubadlı təkcə strateji mövqeyi ilə deyil, tarixi-mədəni abidələri ilə də Azərbaycan mədəniyyət xəzinəsində mühüm yer tutur. İşğal dövründə tarixi abidələr, qəbiristanlıqlar, dini ziyarətgahlar dağıdılıb; məktəblər və kitabxanalar yandırılıb, yüzlərlə mədəni irs nümunəsi məhv edilibdir. İşğal nəticəsində Qubadlının minlərlə hektar əkin sahəsi, meşə və təbii sərvətləri talan edildi.

Dağ-mədən sənayesi, heyvandarlıq və kənd təsərrüfatı tamamilə sıradan çıxarıldı. Ərazidə ekoloji tarazlıq pozuldu, təbii ehtiyatlar məqsədli şəkildə məhv edildi. Bütün bunlar Qubadlının yalnız iqtisadi yox, həm də ekoloji fəlakət zonasına çevrilməsinə səbəb oldu. Birinci Qarabağ müharibəsində Qubadlı rayonu 238 şəhid verib, 190 nəfər əlil olub, 78 nəfər itkin düşüb. Torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə göstərdiyi rəşadətə görə Qubadlıdan 10 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

2020-ci il oktyabrın 25-də Qubadlının işğaldan azad edilməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış mühüm hadisədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qəhrəmanlığı nəticəsində Qubadlı rayonu düşmən tapdağından azad edildi. Bu qələbə həm Vətən müharibəsinin gedişinə mühüm təsir göstərdi, həm də xalqımızın birliyini, dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi. Qubadlının azad olunması təkcə bir şəhərin geri alınması deyildi bu, tarixi ədalətin və milli qürurun bərpası idi. 27 il işğal altında qalmış bu diyarın torpaqlarına yenidən Azərbaycan bayrağının sancılması xalqımızın iradəsinin sarsılmazlığının və Ali Baş Komandanın dəmir yumruq siyasətinin təntənəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı Zəngilan və Laçın istiqamətlərində strateji üstünlük qazandırdı və noyabr Zəfərinə aparan yolun əsas mərhələlərindən biri oldu. Bu əməliyyat Azərbaycan Ordusunun yüksək peşəkarlığının, döyüş ruhunun və vətənpərvərlik hisslərinin bariz göstəricisidir. Hər bir qələbə şəhidi, qazisi və əsgəri ilə xalqımız bu uğura imza atdı. Qubadlının azad edilməsi xalq-ordu Ali Baş Komandan birliyinin real nəticəsi idi. Bu gün Qubadlı Böyük Qayıdış proqramı çərçivəsində yenidən qurulur. Şəhərdə infrastruktur layihələri həyata keçirilir, yeni məktəblər, yollar, sosial obyektlər inşa olunur. Qubadlı sakinləri doğma yurdlarına qayıdır, həyatı, mədəniyyəti, təbiəti ilə bu torpaqlar yenidən canlanır.

Prezident İlham Əliyevin sözləri ilə desək, “Qubadlıya öz sahibləri qayıdıb”. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra azad edilmiş bütün ərazilərdə olduğu kimi, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində də genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Bu layihələr Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində icra olunur. Mahruzlu və Zilanlı kəndlərində yollar, elektrik xətləri, su və qaz təchizatı, rabitə şəbəkələri tamamilə yenidən qurulur. Yeni sosial infrastruktur məktəblər, uşaq bağçaları, tibb məntəqələri və mədəniyyət evləri inşa edilir. Məqsəd bu kəndləri müasir tələblərə cavab verən “ağıllı kənd” modelinə çevirməkdir. Mahruzlu və Zilanlı kəndlərinin yenidən dirçəlişi Azərbaycan xalqının qələbədən sonra quruculuq və bərpa əzminin bariz nümunəsidir.

Bu gün azad Qubadlı torpaqlarında bayrağımız dalğalanır, həyat yenidən canlanır, dağıdılmış kəndlər müasir və abad yaşayış məkanlarına çevrilir. 25 oktyabr 2021-ci il tarixində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Qubadlı rayonuna səfər etmişlər. Səfər çərçivəsində Prezident İlham Əliyev Qubadlı şəhərinin və rayonun kəndlərinin baş planı və bərpa layihələri ilə tanış olub. Yeni yolların, enerji və rabitə xətlərinin çəkilməsi, sosial infrastruktur obyektlərinin inşası üzrə görülən işlər barədə məlumat verilib. Qubadlı şəhərinin “ağıllı şəhər” konsepsiyası əsasında bərpası planlaşdırılır. Prezident qeyd edib ki, bu torpaqlarda müasir yaşayış mühiti, yeni kənd təsərrüfatı və sənaye potensialı formalaşdırılacaq. Səfər zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərində Azərbaycan bayrağını ucaldıblar. Bu an xalqın azadlıq, birlik və dövlətçilik ruhunun təntənəsi kimi yadda qaldı.                              

25 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Qubadlı rayonuna səfərləri çərçivəsində Xanlıq–Qubadlı avtomobil yolunun təməlini qoyublar. Prezident İlham Əliyev təməlqoyma mərasimində çıxış edərək qeyd edib ki, Qubadlıya və ətraf kəndlərə rahat gediş-gəlişi təmin edən yeni yolların çəkilməsi Böyük Qayıdışın əsas infrastruktur mərhələsidir. Bu layihə həm sakinlərin təhlükəsiz qayıdışına, həm də rayonun sosial-iqtisadi canlanmasına xidmət edəcək.

Prezident, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Qubadlı rayonuna səfərləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər. Yeni inşa edilən hərbi hissə kompleksi dövlətimizin sərhədlərin təhlükəsizliyinin etibarlı şəkildə qorunması, müasir tələblərə cavab verən şəraitin yaradılması və xidmət edən hərbi qulluqçuların sosial təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin daha bir bariz nümunəsidir. Müasir standartlara uyğun inşa olunan hərbi hissədə xidməti və yaşayış binaları, təlim sahələri, texniki avadanlıqla təchiz edilmiş idarəetmə mərkəzi, eləcə də hərbçilərin istirahəti üçün nəzərdə tutulan sosial-məişət obyektləri yaradılıb. Kompleksin bütün infrastrukturu Dövlət Sərhəd Xidmətinin yüksək peşəkarlıqla fəaliyyət göstərməsinə və sərhəd təhlükəsizliyinin operativ idarə olunmasına imkan verir.                                

Eyni zamanda, Qubadlı ərazisində yaradılan “Qubadlı” gömrük postu strateji və təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır. Bu postun fəaliyyəti nəticəsində azad edilmiş ərazilərdə qanunsuz daşınmaların qarşısı alınır, gömrük nəzarətinin tam tətbiqi təmin edilir. Həmçinin, dövlət başçısı və birinci xanım 2022-ci ilin oktyabrın 19-da da Qubadlı rayonuna səfər ediblər. Prezident İlham Əliyev Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub. Dövlət başçısına və birinci xanıma Qubadlı şəhərinin Baş planı təqdim olunub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak ediblər. Bu gün artıq Qubadlıda həyat yenidən canlanır. 2025-ci ilin sentyabrında təsdiqlənmiş “Qubadlı şəhərinin 2040-cı ilədək Baş planı” bölgənin sosial-iqtisadi inkişafının konkret istiqamətlərini müəyyənləşdirir. Əgər işğala qədər rayonun elektrik enerjisinə tələbatı 12 MVt idisə, 2040-cı il üçün bu rəqəmin 38 MVt-dan artıq olacağı proqnozlaşdırılır. Bu isə bölgədə sənayeləşmənin, kənd təsərrüfatının və turizmin genişlənəcəyindən xəbər verir. Prezident İlham Əliyevin Qubadlıya mütəmadi səfərləri, infrastruktur layihələrinin təməlqoyma və açılış mərasimlərində iştirakı bu torpaqlara olan diqqət və sevginin bariz ifadəsidir. Qısa müddətdə Qubadlıda yeni yollar, körpülər, su və enerji infrastrukturu, müasir yaşayış məhəllələri, məktəblər və sosial obyektlər inşa edilib. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 oktyabr Qubadlı Şəhəri Günü kimi qeyd edilir. Artıq üçüncü ildir ki, qubadlılılar bu günü böyük təntənə ilə qeyd edirlər. Dövləti başçımızın sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Qubadlı uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 15 mindən cox hərbi qulluqçu “Qubadlının azad olunmasına görə medalı ilə təltif olunub. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Qubadlı rayonunu kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəz kimi inkişaf etdirmək nəzərdə tutulur. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən Qubadlı rayonu bu gün özünün tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub.

Bir zamanlar viran qalmış torpaqlarda bu gün quruculuq, inkişaf və dirçəlişin sədası eşidilir. Qubadlıda həyata keçirilən genişmiqyaslı layihələr dövlətimizin azad edilmiş ərazilərə qayğısının, xalqın iradəsinin və birliyin təntənəsidir.