Xəbərlər
“Biz birlikdə güclüyük!”

YAP Xətai rayon təşkilatı ərazi partiya təşkilatlarının sırası genişlənir
İyulun 13-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının 16 minə yaxın üzvünü sıralarında birləşdirən ərazi partiya təşkilatları sırasına daha biri əlavə olundu. Sayca 139-cu ərazi partiya təşkilatı “Zığ yolu-4” ünvanında yaradıldı.
Yeni ərazi partiya təşkilatının təsis yığıncağında çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaranmasından, partiyanın ölkəmizin davamlı uğurlarına töhfələrindən geniş bəhs edərək bildirdi ki, dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın sıralarında təmsil olunmaq hər birimiz üçün böyük qürurdur. Tarixi Azərbaycanın dövlət müstəqilliyinin bərpası tarixi ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyası bu illər ərzində çətin və şərəfli yol keçib. Yeni Azərbaycan Partiyasının məqsəd və məramı dövlətimizin daha da möhkəmlənməsinə, xalqın rifah halının yüksəlməsinə töhfələr verməkdir. Yarandığı dövrdə qəbul olunan Proqramında əsas çağırışı “Yeni Azərbaycan uğrunda!” olan YAP bu illər ərzində böyük inkişaf yolu keçərək hər dövrün tələblərini yüksək səviyyədə cavablandırır, 2021-ci ildə tarixi Zəfərimizin reallıqları fonunda işlənib hazırlanan və qəbul edilən yeni Proqramında “Biz birlikdə güclüyük!” deyir. Ümummilli Lider Yeni Azərbaycan Partiyası yaradılanda necə böyük əminliklə “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” deyərək bəyan etmişdisə, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra “Azərbaycan dünyaya Günəş kimi doğacaq” əminliyini ifadə etdi. Son 20 ilə yaxın dövrdə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev bu əminliyi ifadə edir ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.
Vüqar Rəhimzadə yeni ərazi partiya təşkilatının yaradılmasının məhz “Heydər Əliyev İli”nə təsadüf etdiyini önə çəkərək bu mühüm məqamı da xüsusi vurğuladı ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanı tarixin bütün sınaqlarından şərəflə çıxararaq müstəqilliyini əbədi və dönməz edən dahi şəxsiyyətdir. Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan iki ildən artıqdır ki, tarixi Zəfərinin reallıqları yaşayır. Hazırda azad Qarabağ, azad Şərqi Zəngəzur dirçəlir. Bütün bunlar Heydər Əliyev siyasətinin təntənəsidir. Ulu Öndərin ən böyük arzusu işğal altında olan torpaqlarımızı azad görmək idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev dahi şəxsiyyətin bu arzusunu da reallığa çevirdiyi üçün özünü xoşbəxt hiss edir. Birliyimiz, həmrəyliyimiz hər bir hədəfə yüksək səviyyədə nail olmağımıza əsas verir.
Sonda təşkilatı məsələlərə baxıldı. Cəmaləddin Quliyev YAP Xətai rayon təşkilatı “Zığ yolu-4” ərazi partiya təşkilatının sədri, Mais Musayev isə sədr müavini seçildilər.