Xəbərlər
Azərbaycan sülh addımlarını davam etdirir
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Azərbaycan tarixi Zəfəri ilə yeni reallıqlar yaratdı. İki ildən artıqdır ki, bu reallıqlar yeni çağırışlara yol açır. Azərbaycan sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi bu gün də dünyanın diqqətindədir. Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr edilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans dünənə baxış əsasında gələcəklə bağlı hədəflərin açıqlanmasında əhəmiyyətli rol oynadı. Konfrans çərçivəsində aparılan müzakirələrdə həm regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi məsələləri, həm iki qardaş, dost, müttəfiq, ən əsası münasibətləri dünyaya nümunə olan Azərbaycan-Türkiyə əlaqələrinin, həmçinin Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlığın gələcəyi, ümumilikdə dünya siyasətində baş verən yeniliklər geniş müzakirə edildi. Cənab İlham Əliyevin “Azərbaycanla Türkiyə arasındakı gələcək münasibətlərə gəlincə, mən tamamilə əminəm ki, hər iki ölkə nəinki təkcə bu müttəfiqliyin formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdir. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib. İstər bu hərbi komponent, enerji, kommunikasiyalar, istərsə də ticarət və s. sahələr olsun. Mən çox nikbinəm və düşünürəm ki, Türkiyə və Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək” fikirləri bir daha iki ölkənin timsalında dünyanın qardaşlığın əsl nümunəsini gördüyünü təsdiqləyir. Dövlət başçısı, eyni zamanda, bu reallığı da diqqətə çatdırmışdır ki, biz Mərkəzi Asiya ilə Azərbaycan arasında regional əməkdaşlığa töhfə vermək üçün əlimizdən gələni edirik. Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələri ilə, Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatındayıq. Tacikistanla çox fəal siyasi və iqtisadi dialoqumuz var. Bu, bir növ bu günün reallığıdır. Əlbəttə, bunu daha da fəallaşdırmaq vacibdir. Son iki ildə Mərkəzi Asiyadan olan tərəfdaşlarla qarşılıqlı əlaqələrimiz və qarşılıqlı səfərlər misli görünməmiş dərəcədə yüksəkdir.
Azərbaycan tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün səylərini, sülh addımlarını davam etdirir. Çünki Azərbaycan yeni müharibə istəmir. Azərbaycan daim sabitləşdirici aktor kimi dünyanın diqqətindədir. 30 illik işğal dövrünün reallıqlarına nəzər salsaq Azərbaycanın daim münaqişənin sülh danışıqları əsasında həllinin tərəfdarı olduğunu atdığı addımları ilə təsdiqlədiyini görürük. Hazırda bölgədə dayanıqlı sülhü təmin etmək, əməkdaşlıq formatlarını genişləndirmək üçün Ermənistanın sülh müqaviləsini imzalaması vacibdir. Bunun üçün əksər dünya gücləri Ermənistana dəstəkdən çəkinməli və separatçılığın qarşısını almaq üçün fəaliyyətlər həyata keçirilməlidir. Dövlət başçısı İlham Əliyev konfransdakı çıxışında, həmçinin aparılan müzakirələrdə günümüzün əsas çağırışlarına diqqəti yönəldərək onların düzgün cavablandırılmasının yollarını göstərdi.
Ölkə Prezidenti İlham Əliyevin təkcə may ayında Qarabağa və Şərqi Zəngəzura reallaşdırdığı səfərlərin say tərkibinə və bu torpaqlara Böyük Qayıdışın tam şəkildə həyatıa keçirilməsinə yönələn addımlarına diqqət yetirməklə bir daha bu fikri söyləyə bilərik ki, sülh müqaviləsinin imzalanması təklifi Ermənistan üçün son şansdır. Azərbaycan öz torpaqlarının sahibi olaraq bu ərazilərdə quruculuq işlərini həyata keçirir. Bu məkanlarda, xüsusilə Şuşada keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər Ermənistana və havadarlarına ciddi mesajdır. Biz bu torpaqların sahibi kimi bundan sonra da burada əbədi olacağıq.
Dövlət başçısı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Şuşadan müraciətində də keçmişdən bu günə baxaraq gələcəklə bağlı çağırışlarını səsləndirdi. “Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı” söyləyən cənab İlham Əliyev bu çağırışları diqqətə çatdırdı: “Bu gün Ulu Öndərin əziz xatirəsinə hörmət edərək biz, bax, bu Zəfərə, bu Qələbəyə hər zaman layiq olmalıyıq, hər birimiz, hər bir yerdə. Bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq. Əminəm ki, belə də olacaq.”