Xəbərlər
“Qanlı şənbədən azadlığa uzanan yol”
Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Bakı Dövlət Universitetinin Tarix fakültəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş “Qanlı şənbədən azadlığa uzanan yol” adlı tədbir keçirilib.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisinin deputatı Elnur Allahverdiyev, Yasamal rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının məsul əməkdaşları, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Məmməd Əliyev, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, YAP Yasamal rayon ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, Bakı Dövlət universitetinin professor-müəllim heyəti və tələbələr, rayon üzrə Partiyanın fəalları və şəhid ailələrinin üzvləri iştirak edib.
Tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş video çarx nümayiş etdirilib.
Sonra çıxış üçün söz Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru Nuru Məmmədova verilib. Çıxış edən N.Məmmədov qeyd edib ki, Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 1990-cı ilin qanlı 20 Yanvar facisəindən artıq 33 il ötür. Həmin gün azadlıq, istiqlaliyyət uğrunda küçələrə, meydanlara çıxan Azərbaycan xalqına qarşı törədilmiş ağlasığmaz terror aktı dəhşətli bir cinayət hadisəsi kimi tarixə düşmüşdür. Həmin gün müstəqillik istəyi ilə həmrəylik nümayiş etdirən dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbiri Beynəlxalq İnsan Haqları Bəyannaməsinin və bu sahədə qəbul olunmuş digər konvensiyaların müddəalarının kobud şəkildə pozulması demək idi. Çıxışına davam edən Nuru Məmmədov bildirib ki, Azərbaycana qarşı soyqırımı həyata keçirmiş Sovet rejiminə qarşı ən kəskin bəyənatı həmin ilin yanvar ayının 21-də ulu öndər Heydər Əliyev tərəfindən Moskvada Azərbaycanın daimi nümayəndəliyində mətbuat konfransı keçirərək verdi. Qeyd olunub ki, 20 Yanvar faciəsinə ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə siyasi-hüquqi qiymət verilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabrın 21-də bu məsələni geniş müzakirə edərək qanlı hadisəyə siyasi-hüquqi qiymət verilib. Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra onun təşəbbüsü ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.
Sonda qeyd olunub ki, Azərbaycan xalqı 20 yanvar faciəsinin qurbanlarını unutmur. Şəhidlər Xiyabanı azadlıq qurbanlarının xatirəsinə əbədi ehtiramın ifadəsidir. Lakin 20 Yanvar faciəsində şəhid olanların xatirəsinə ən böyük abidə isə heç şübhəsiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbə nəticəsində azadlığına qovuşan Qarabağdır.
Tədbirə Respublika İncəsənət Gimnaziyasının təqdimatında bədii kompozisiya ilə yekun vurulub.