YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritetdir

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşları dayanır. Prezident İlham Əliyevin bir neçə gün öncə imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı da məhz bu məqsədə xidmət edir. Bu sərəncam Azərbaycan dövlətinin ölkədə əhalinin rifah halının yaxşılaşdırılmasına necə böyük önəm verdiyini bir daha təsdiqləyir. Sərəncam ölkəmizdə  növbəti sosial islahat paketinin icrasına başlanmasını, yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin edir. Dünya üzrə müqayisələr apardıqda görürük ki, sosial islahatların belə intensiv və ardıcıl aparıldığı ölkələrin sayı xeyli azdır. Biz qlobal pandemiya və dünyanı bürüyən iqtisadi böhran şəraitində ayrı-ayrı ölkələrin özlərinin sosial proqramlarını ixtisara saldıqlarının şahidi oluruq. Azərbaycanda isə beynəlxalq birlik üçün çətin keçən son illərdə də sosial sferada hər hansı bir tərəddüdlər müşahidə edilmədi, əksinə vətəndaşlar dövlət tərəfindən dəstəkləndilər, əməkhaqları və iş yerləri qorundu. Bütün bunlar Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsini və ölkəmizin gücünü nümayiş etdirir.

Dövlətimizin dərin məzmunlu sosial siyasətində insanların gəlir imkanlarının artırılması xətti mühüm yer tutur. Xüsusilə də respublikamızda əməkhaqlarının artırılması davamlı olaraq diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncama əsasən minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan  345 manata çatdırılıb. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfərə şamil olunacaq. Minimum əməkhaqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2 faiz üstələyir. Bütövlükdə, son 5 ildə sosial sahədə inqilabi islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata çatdırılıb. 700 min vətəndaşımızı əhatə edəcək minimum əməkhaqqındakı artım üçün dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılcaq. Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, hansı sektorda çalışmasından asılı olmayaraq minimum əməkhaqqı alan bütün vətəndaşlarımızın maaşları artacaq. Artımlar özəl sektoru da əhatə edəcək. Yəni, yalnız dövlət sektorunda deyil, özəl sektorda çalışanlara da cari ildən etibarən 345 manatdan az əməkhaqqı verilə bilməz.

Azərbaycanda davamlı olaraq həyata keçirilən sosial islahatlar təqaüdçülərin pensiya təminatını da əhatə edir. Bu il ölkəmizdə pensiyalar da artırılacaq. Belə ki, 2023-cü ildə orta aylıq pensiyanın məbləği 423 manat, yaşa görə pensiyanın məbləği 455 manat, əlilliyə görə pensiya 369 manat, ailə başçısını itirməyə görə pensiyanın məbləğinin isə 374 manat olacağı proqnozlaşdırılır. Xatırladaq ki, “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsinə əsasən, cari ildə Fondun həm gəlir, həm xərc hissəsi 6,3 milyard manat təşkil edəcək ki, bu da ölkə üzrə təqaüdçülərin pensiya təminatını uğurla həyata keçirməyə imkan verəcək.

Dövlət başçısının imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla ölkəmizdə 2023-cü ildə minimum pensiyanın artırılması hədəflənib. Bununla bağlı Nazirlər Kabineti 10 gün ərzində dövlət başçısına təkliflər təqdim edəcək. Nəticədə, minimum aylıq pensiya 40 manat artımla 240 manatdan 280 manata çatdırılacaq. Bu artım isə 100 minədək şəxsin pensiyasının artmasına imkan verəcək.

Ölkəmizdə həssas qruplardan olan vətəndaşların gəlir imkanlarının artırılması da diqqət mərkəzində saxlanılır. Sərəncama əsasən yalnız minimum əməkhaqqı və pensiya deyil, həmçinin sosial müavinətlərin də məbləğlərinin artırılması nəzərdə tutulur.

Ümumilikdə, 2023-cü ildə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub və bu artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək. Bütün bunlar ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsinin prioritet olduğunu təsdiqləyir.

DİGƏR Xəbərlər Arxiv