YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Qələbə milli yaddaşın qızıl fondudur

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Tarixi Zəfərimiz birliyimizi, həmrəyliyimizi dünyaya nümayiş etdirdi. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev daim bu çağırışı edirdi ki, Azərbaycanın dövlət müstəqilliyini əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşmək tələb olunur. Bunun davamı olaraq o da bildirilirdi ki, Vətən birdir, hamı bu Vətən uğrunda çalışmalıdır.

44 günlük İkinci Qarabağ müharibəsi dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinin təqdimatı oldu. Belə ki, dünya
azərbaycanlıları, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərdi. Siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalanmışdır.

Dövlətimizin qətiyyəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində qazandığımız tarixi Zəfərimizin sevincini, yaratdığı reallıqları yaşayırıq. Son iki ildə işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən bərpa-quruculuq işlərinin miqyası o qədər genişdir ki, onları tam əhatə etmək qeyri-mümkündür.  Müzəffər Ali Baş Komandan  İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza səfərləri  öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. Hərtərəfli iş görülür - infrastruktur layihələri icra edilir, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri tikilir, məscidlərimiz bərpa edilir, yeni avtomobil, dəmir yolları, hava limanları tikilir. Artıq Qarabağın və Şərqi Zəngəzurun hava qapısı dünyaya açıldı. Belə ki, Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları istifadə verildi. Laçın Beynəlxalq Hava Limanının tikintisi isə 2025-ci ildə başa çatdırılacaq. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Hər bir vətəndaşımız bu məsələlərdə fəal olmalıdır

Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Böyük Qələbə milli yaddaşın qızıl fondudur. Qələbə ilə regionda yaradılmış yeni reallıq müstəqilliyin tarixində yeni “Qalib xalq” düşüncə fəlsəfəsinin formalaşmasını tələb edir. Vətən müharibəsində tarixi qələbə, ərazi bütövlüyümüzün bərpa olunması, Azərbaycanın dünyada hazırkı layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yeni baxışın formalaşmasını tələb edir.

Xalqımız 30 il bu günü səbirsizliklə gözləyirdi. Dövlətimizin uğurlu siyasəti, ən yüksək tribunalardan səsləndirdiyi bəyanatlar, dəyişməz mövqeyimiz   torpaqlarımızın işğaldan azad ediləcəyi günün uzaqda olmadığını təsdiqləyirdi. Cənab İlham Əliyev daim bildirirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz, Dövlət başçısının beynəlxalq təşkilatların tribunasından səsləndirdiyi bəyanatlar arasında dünyanın ikili siyasətinə son qoyması xüsusi yer tutur. Beynəlxalq hüququn norma və prisiplərinin tətbiqi, qətnamələrin icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsi əsas tələblər sırasında olsa da dünya susmağında davam etdi. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan tarixi Zəfəri ilə  ədaləti bərpa etdi, beynəlxalq hüququn mövcudluğunu dünyaya sübut etdi. Ən əsası Azərbaycan Ordusu dünya güclərinin 30 ildə edə bilmədiklərini etdi. BMT qətnamələri  icra olundu.

Bu gün Azərbaycan xalqı qalib xalq olaraq özünü xoşbəxt hiss edir. Kimliyimiz, milli qürurumuz özümüzə qayıtdı. Artıq alnımız açıq, başımız ucadır. Torpaqlarımız tarixi sahiblərinə qovuşaraq həyatının ən xoşbəxt günlərini yaşayır.

DİGƏR Xəbərlər Arxiv