YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Missiya davam edir, ənənə yaşadılır

Mirsüleyman Mirxaslı

YAP Cəlilabad rayon təşkilatının sədri

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildikdə mən hələ kiçik yaşlardaydım. Lakin artıq 70-ci illərdən onun bölgələrə səfərlərini, bu səfərlərin pozitiv nəticələrini, respublikanın həm ictimai-siyasi, həm də sosial-iqtisadi həyatında buraxdığı izləri yaxşı xatırlayıram. Tez-tez valideynlərimə sual verərdim: “Ölkə rəhbəri rayonlara niyə gedir?” Deyərdilər ki, “camaatın dolanışığını öz gözləri ilə görmək, təyin etdiyi kadrların fəaliyyətini qiymətləndirmək, təsərrüfatların, zavod və fabriklərin problemləri ilə yerində tanış olmaq, bir sözlə ölkənin gündəlik həyatı ilə bilavasitə yaşamaq üçün”.

O zamandan xatirə kimi qalan fotoşəkillərin bir çoxunda rəhbəri müşayiət edənlərin sırasında bir yeniyetmə də yer alırdı. O, bu gün artıq müstəqil dövlətimizin başçısı kimi öz dahi müəlliminin missiyasını və ənənəsini davam etdirir.

Əlbəttə, indi artıq 70-80-ci illər deyil. Prezidentin bölgələrə səfərlərinin də, bu səfərlərdə qarşıya qoyduğu hədəflərin və verdiyi mesajların həm çeşidi, həm də auditoriyası xeyli genişlənib. İndi ölkəmiz tamamilə fərqli ictimai-siyasi formasiyaya keçid edib, iqtisadi münasibətlər, mülkiyyət forması dəyişib, ancaq tələblər dəyişməyib, qayğı azalmayıb, əksinə artıb.

İngilislər deyir, “ehtiyacı olana balıq yox, tilov vermək və balıq tutmağı öyrətmək lazımdır”. O zamanlar bizim imkanlarımız ancaq İttifaq dövlətinin cızdığı çərçivə daxilində idi və bu çərçivənin hüdudları hər kəsə bəllidir. Bu gün isə hədəf ölkənin bütün bölgələrinin tam  şəkildə  qaz  və  elektrik  təminatı,  yol  infrastrukturunun yenilənməsi və diversifikasiyası, sosial layihələrin icrası - yeni təhsil və səhiyyə müəssisələrinin  inşası, təmiri və müasir avadanlıqlarla təchizatı, yeni iş yerlərinin yaradılması, mədəni-tarixi irsimizin bərpası, qədim yaşayış məskənlərimizin turizm potensialından istifadə perspektivlərinin dəyərləndirilməsi, modernləşmə ilə yanaşı, yaşayış məskənlərimizin  tarixi  simasının  da  qorunması, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün yeni aqroparkların, kənd təsərrüfatı müəssisələrinin yaradılması, özəl sektorun inkişafı üçün dəstək proqramlarının hazırlanması və həyata keçirilməsi, daxili tələbatı təmin etməklə yanaşı, ixrac məhsullarının ümumi çəkisinin artımına da nail olunması, məhsuldarlığın artırılması üçün yeni metodlar, texnologiyalar və aqrotexniki tədbirlərin tətbiqi, azad edilmiş torpaqların ölkənin kənd təsərrüfatı sektoruna inteqrasiyası, bu torpaqlarda kənd təsərrüfatının müasir, planlı şəkildə ixtisaslaşma əsasında təşkili, su mənbələrimizdən səmərəli istifadənin təmin edilməsi, Prezidentin təbirincə desək,  “insanların əkin-biçinlə məşğul olmaqla öz güzəranını özlərinin təmin etməsinə şərait yaratmaqdır”.

Vaxtilə heyvandarlığın inkişafında böyük rolu olan yaylaq rayonlarımızın - Kəlbəcər, Laçın, Zəngilan rayonlarının potensialından yenidən istifadə edilməsi bizim üçün    perspektivlər açmaqla, ölkəmizin ət-süd məhsullarına olan tələbatının da ödənilməsinə böyük töhfə olacaq və paralel olaraq məskunlaşmanın sürətlənməsinə stimul verəcək.

Kənd təsərrüfatı və heyvandarlıq sektorunda əvvəlki islahatlarda yol verilmiş səhvlərdən nəticə çıxarılması və bir daha belə səhvlərin təkrarlanmasına yol verilməməsi üçün, bu sahənin yeni əsaslar üzərində qurulması, aqrobiznesin yeni, praktik yanaşma əsasında təşkili prioritet vəzifələrdəndir.  

Prezidentin bölgələrə səfərləri, bu səfərlərdə verdiyi müsahibələr, səsləndirdiyi fikirlər təkcə ölkənin daxili siyasəti ilə məhdudlaşmır. Bu səfərlər həm də regionda və dünyada cərəyan edin proseslərin qiymətləndirilməsi, bu proseslərə ölkəmizin münasibəti ilə də yadda qalır. Ermənistanın təxribatı nəticəsində Qarabağda yaranan qarşıdurma da bu mənada istisna deyil. Müsahibədə 10 noyabr razılaşmasına rəğmən, qanunsuz erməni silahlı birləşmələrinin hələ də ərazilərimizi tərk etməməsi, bu da azmış kimi silahlı insident törədərək hərbçimizin ölümünə səbəb olması, təxribatın “Qisas” əməliyyatı ilə ordumuz tərəfindən adekvat şəkildə cavablandırılması bir daha xatırladılıb.

Ölkə başçımız tərəfindən “nə hərb, nə sülh” variantının Ermənistana yaxşı heç bir şey vəd etmədiyi, törədilən hərbi təxribatların və xəyali “status” söhbətlərinin erməni siyasi isteblişmentinə zərərdən başqa heç bir pozitiv dəyər gətirməyəcəyi, analoji təxribatlar təkrarlanacağı təqdirdə cəza  tədbirlərinin daha sərt şəkildə həyata keçiriləcəyi diqqətə çatdırılıb.

İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində 10 noyabr razılaşmasına əsasən Laçından yan keçən yeni yolun inşasının guya razılaşdırılmadığı və birtərəfli qaydada həyata keçirildiyi barədə son erməni iddialarını  cavablandıran Prezident bu iddiaların əsassız olduğunu,  bu yolun marşrutu ilə bağlı Rusiya tərəfi ilə danışıqlar aparıldığını, bir neçə marşrut içindən seçilərək razılaşdırıldığını və Rusiya Müdafiə Nazirliyi tərəfindən də təsdiqləndiyini bildirib, bu razılaşma olmadığı təqdirdə yolun çəkilməsinin imkansız olduğunu xatırladıb, marşrutun keçdiyi ərazilərin Ermənistanın  yox, Azərbaycanın yurisdiksiyasına aid ərazilər olduğu üçün Ermənistanla razılaşdırmaya  ehtiyac  olmadığını diqqətə çatdırıb.

Prezidentin müsahibəsində toxunduğu ən maraqlı məqamlardan biri də  Laçın  şəhərindən yan keçən yeni yolun inşası prosesində Qarabağda yaşayan erməni əhalinin Azərbaycana münasibətində pozitiv dəyişikliklərin müşahidə edildiyi, yolun  inşası  zamanı  azərbaycanlı  inşaatçılarla  erməni əhali arasında nəinki heç bir insidentin baş vermədiyi, əksinə, isti təmasların və qarşılıqlı yardım  hallarının müşahidə edildiyi, Azərbaycan vətəndaşı sayılan bu insanlara, ölkənin digər vətəndaşları ilə eyni hüquqların veriləcəyi, onların daha yaxşı yaşamaq və inkişaf etmək imkanının Azərbaycanla inteqrasiyada olduğu barədə çağırışların artıq nəticə verməkdə olduğu barədə fikirlər idi.

Erməni əhalinin Azərbaycanın tərkibində yaşamasının guya qeyri-mümkün olduğu barədə Ermənistan siyasi dairələrinin apardığı təbliğatın iflasa uğradığını diqqətə çatdıran Prezident getdikcə Ermənistan hakimiyyətinin bu əhaliyə təsir imkanlarını itirdiyini, Azərbaycan hakimiyyətinin isə əksinə öz təsir imkanlarını artırdığını, bu prosesin sürətlənəcəyi təqdirdə isə bölgəyə  tezliklə sülhün, təhlükəsizliyin və rifahın gələcəyini bildirib.

Azərbaycanın öz haqlı mövqeyini qoruması üçün kifayət qədər hərbi, iqtisadi və siyasi gücü var və həm 44 günlük müharibə, həm də “Qisas” əməliyyatı kimi lokal cəza tədbirləri bunu Ermənistana xatırlada bilib.  Ölkəmizin sülh danışıqlarına başlamaq, delimitasiya və demarkasiya, habelə Zəngəzur dəhlizi məsələlərində səmimi və praqmatik olmaq, status, müstəqillik və ya hansısa xüsusi imtiyaz kimi xülyalardan əl çəkmək çağırışlarının hər iki tərəfə ancaq xeyri ola bilər. Ermənistan dünyada və bölgədə gedən proseslərin bu ölkənin gözləmə mövqeyinə heç bir müsbət perspektiv vəd etmədiyini anlamalı, Azərbaycanın  qarşıya qoyduğu  hədəflərə  nail  olmaqda  qətiyyətli və ardıcıl olduğunu dərk etməli, sülh, əmin-amanlıq,  inkişaf və firavanlıq istəyimizi yanlış anlamamalı, səmimi olmalı, fitnəkar niyyətlərdən əl çəkməlidir.