YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

14 iyul 1969 - yüksəliş və tərəqqi yolunun başlanğıcı

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri misilsizdir. Biz haqlı olaraq və qürurla qeyd edirik ki, müasir müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Amma unutmaq olmaz ki, Ulu Öndər fəaliyyətinin bütün mərhələlərində, o cümlədən SSRİ dönəmində xalqımızın rifahı və firavanlığı, dövlətimizin inkişafı və yüksəlişi üçün müstəsna tarixi əhəmiyyətə malik işlər görüb. 14 iyul 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) birinci katibi seçilərək respublikanın rəhbəri olması dönüş nöqtəsi kimi dəyərləndirilir. Çünki məhz həmin vaxtdan başlayan böyük inkişaf yolu Azərbaycanın gələcək inkişafının, intibahının, tərəqqisinin və parlaq perspektivlərinin əsası oldu.

Həmin dövrün reallıqlarına nəzər saldıqda Heydər Əliyevin gördüyü işlərin miqyası, mahiyyəti və əhəmiyyəti barədə dəqiq təsəvvür formalaşır, Azərbaycan necə tənəzzüldən xilas edilərək tərəqqi yoluna çıxarılması, Liderin xalqın rifahı, dövlətin mənafeyi üçün hansı xidmətlər göstərdiyi aydın olur. Diqqət yetirək.

Məlumdur ki, SSRİ-nin tərkibindəki 15 müttəfiq respublikadan biri olan Azərbaycan 1969-cu ilə qədər sosial-iqtisadi gəstəricilərinə görə geridə qalmışdı. Ölkənin ciddi potensialı olsa da, ayrı-ayrı sahələrin inkişafına nail olunmamış, tənəzzüldən xilas olmaq mümkün olmamışdı. Ona görə də Azərbaycan Sovet İttifaqının tərkibində xammal mənbəyi, aqrar respublika kimi tanınırdı. Lakin Heydər Əliyevin respublikamıza rəhbərlik etməsindən sonra atdılan addımlar – görülən işlər nəticəsində dönüş yarandı, müsbət meyillər və nəticələr qeydə alınmağa başladı. Sürətli sənayeləşmə kursu seçildi və qısa zaman kəsiyində sənaye sahəsinin inkişafında irəliləyiş əldə olundu. Ardıcıl surətdə sənaye müəssisələri tikilib istifadəyə verildi, Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı. Bununla yanaşı, kənd təsərrüfatı sənaye təməli üzərində inkişaf etdirildi və istehsal olunan məhsulların orta illik həcmi artırıldı. Paralel olaraq neft hasilatının artırılması da respublikamızın dirçəlişinə imkan verdi.

Güclü sosial-iqtisadi təməlin yaradılması ilə yanaşı, siyasi və ideoloji xarakterli işlərin davam etdirilməsi Azərbaycan üçün yeni perspektivlərin yaranmasını mümkün və təmin edirdi.

İlk növbədə, azərbaycanlı gənclərin SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərilməsi həm kadr potensialının gücləndirilməsi, həm də cəmiyyətin intellektual səviyyəsinin artırılması üçün mühüm əhəmiyyət daşıyırdı. Həmin vaxt azərbaycanlı tələbələr Moskva, Leninqrad, Xarkov, Kiyev, Minsk, Voronej və s. şəhərlərdə fəaliyyət göstərən nüfuzlu ali təhsil müəssisələrində öz təhsillərini başa vuraraq ölkəmizə qayıdır və mütəxəssis kimi müxtəlif sahələrdə çalışırdılar. Bütövlükdə, 1969-cu ildən 1982-ci ilə qədər SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksəkixtisaslı azərbaycanlı mütəxəssis hazırlandı. İkincisi, milli hərbi kadrları yetişdirmək və Sovet İttifaqının hərbi ali məktəblərinə azərbaycanlı gənclərin daxil olmasını təmin etmək üçün 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması hərbi-strateji əhəmiyyətə malik idi. Ulu Öndərimiz gənclərimizin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də müvəffəq olmuşdu. Xüsusi qeyd etmək lazımdır ki, bu gün Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin Silahlı Qüvvələrin formalaşmasında müstəsna rolu var. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində yüksək peşəkarlıq, nümunəvi qəhrəmanlıq, rəşadət və cəsarət göstəriblər. Üçüncüsü, 1978-ci ildə Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı. Bu addımlar ana dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik oldu. Dördüncüsü, milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı.

Beləliklə, ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərliyi zamanı görülən işlər həm güclü sosial-iqtisadi bazanın, həm də siyasi-ideoloji dayaqların formalaşmasını təmin etdi. Yaradılan potensial sonrakı dönəmdə Azərbaycanın inkişafına təkan və töhfə verən fundamental amilə çevrildi.

Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi əsasında bir daha tarixi-siyasi məsuliyyəti öz üzərinə götürdü, Azərbaycan dövlətinin və dövlətçiliyinin xilası, ölkəni tənəzzüldən qurtararaq tərəqqi yoluna çıxarmaq missiyasını yerinə yetirməyə başladı. Ulu Öndər Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübut etdi.Onun ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər sabitlik və inkişaf dönəmki kimi tarixə yazıldı. Heydər Əliyev güclü dövlət – qüdrətli Azərbaycan quruculuğuna nail oldu, respublikamız dünyada etibarlı tərəfdaşa – beynəlxalq birliyin layiqli üzvünə çevrildi.

Heç şübhəsiz, Ümummilli Liderimizin siyasi varisliyi təmin etməsi Azərbaycanın gələcək taleyini müəyyən edən amil oldu. Azərbaycan xalqı Heydər Əliyev siyasəti kursunun davamına “HƏ” deyərək Onun layiqli davamçısı olan cənab İlham Əliyevə etimad göstərdi. Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi, Heydər Əliyev ideyalarının ardıcıl şəkildə və müvəffəqiyyətlə reallaşdırılması Azərbaycanın tarixi nailiyyətlər qazanmasını, o cümlədən Zəfər zirvəsini fəth etməsini, Qələbə dastanı yazmasını mümkün etdi. Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunması Heydər Əliyev əbədiyaşar ideyalarının təntənəsi, Prezident İlham Əliyevin böyük siyasətinin real nəticəsidir. Buna görə də cənab İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləyən Azərbaycan xalqı Heydər Əliyevin müstəsna xidmətlərini yüksək dəyərləndirir – unutmur və unutdurmur. Çünki Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev dahi şəxsiyyətdir, böyük liderdir, uzaqgörən, cəsarətli siyasi xadimdir. O, bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət edirdi, xalq üçün yaşayırdı, yaradırdı. Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı tənəzzüldən, böhrandan çıxarıb inkişaf yoluna qoymuşdur. Bu, onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev həmişə ən düzgün siyasət aparmış, Azərbaycan xalqının maraqlarını müdafiə və təmin etmişdir”.