Xəbərlər
Böhranlar təkcə problemlər deyil, həm də yeni imkanlardır
Mirsüleyman Mirxaslı
YAP Cəlilabad Rayon Təşkilatının sədri
Sənayenin inkişafı, texnoloji inqilab, kommunikasiyaların şaxələnməsi, rəqəmsal intibah, sosiotexnoloji transformasiyanı da sürətləndirmiş və təbii olaraq planlaşmanın çərçivəsinin daralmasına gətirmişdir. Bu səbəbdən sosial həyatın transormasiyaya məruz qalmış seqmentlərindən biri də şəhərlər olmuşdur.
Urbanizasiyanın – yəni insanların əyalətlərdən şəhərlərə köçünün (şəhərləşmənin) - sürətlənməsi, bir çox müsbət tendensiyalarla yanaşı, bütün dünyaya xas olan mənfi elementlərlə də müşaiyət olunur.
Urbanizasiyanın müsbət yönləri təhsil və əmək bazarının inkişafı – yəni iri təhsil müəssisələrinin – Universitet və Akademiyaların şəhərlərdə təmərküzləşməsi, alınan təhsil və bu təhsilə adekvat yüksək ödənişli peşə və karyera, habelə, vakansiya çeşidliliyi, kapital və istehlak şəbəkəsinin, sahibkarlıq, biznes imkanlarının rəngarəngliyidir.
Bununla yanaşı, xaotik və plansız urbanizasiya öz növbəsində kortəbii və ifrat miqrasiya, qaçaq məskunlaşma, tənzimlənməyən əhali sıxlığı, nəqliyyat problemləri, tıxaclar, ekoloji tarazlığın pozulması, yararlı torpaq sahələrinin tikinti altına verilməsi, infrastruktur təminatı, xidmət sferasında qeyri-tarazlıqla müşaiyət olunan gərginliklər və s. problemlər də gətirir ki, bu da şəhərlilərin həyat keyfiyyətini aşağı salır.
Şəhərlər, sivilizasiya mərkəzləri olmaqla, eyni zamanda xalqın özünəməxsus arxitektura mədəniyyətini formalaşdıran konqlomeratlardır. Bu səbəbdən də urbanizasiya prosesinin və planlamanın tənzimlənməməsi, bir çox hallarda şəhərin arxitektur gözəlliyini pozan, tarixi abidələrinə zərər vuran bayağılaşmaya da gətirə bilir.
Sosial-psixoloji amillər, şəhərlə əyalət arasındakı yaşayış tərzi fərqi də, xüsusilə gənclərin şəhərlərə axınını səciyyələndirən elementlərdən, başlıca səbəblərdən biridir.
Urbanizasiya, şəhər və dövlətlərin tarixində cərəyan edən siyasi proseslərlə də birbaşa əlaqədar olan nəsnədir. Tarix boyu baş verən fəlakətlər, müharibə və dağıntılar, şəhərlərin simasını, çöhrəsini radikal şəkildə dəyişməklə yanaşı, əsrlər boyu yaradılmış mədəni irsin dağıdılması, sivilizasiyaların yer üzündən silinməsi, insan oğlunun düşüncə və həyat tərzində, qan yaddaşında silinməz izlər də buraxılması ilə də xatirələrə həkk olunmuşdur.
Amma, bütün mənfiliklərinə baxmayaraq, urbanizasiya təbii prosesdir və ağıllı tənzimlənmə təmin edildiyi təqdirdə, dövlətin inkişaf və tərəqqisi, təkamülü prosesində əhəmiyyətli rol oynayır. Ona görə də, müasir cəmiyyətlərin qarşısında duran ən mühüm vəzifə, şəhərsalma və məskunlaşmanın mənfi xüsusiyyətləri minimuma endirməklə, prosesi nəzarətdə saxlamaq, meqapolislərə xas olan pozitiv elementləri, ölkə miqyasında daha geniş müstəviyə köçürməklə, əyalətlərin də iqtisadi inkişafına, məşğulluq və gəlir mənbələrinə, texnoloji təminat və sosial xidmət imkanlarına, komfortlu həyat tərzinə malik olmasına şərait yaratmaqla cazibə mühitini yaymaqdan, insan və təbiət əlaqəsini, ekosistemdə tarazlığı pozmadan, həmçinin xammal və qida maddələri istehsalı prosesinə də zərər vermədən, bütün komponentlərin paralel və harmonik möcudiyyəti təmin etməkdən ibarətdir.
Urbanizasiyanın müasir növləri, sadəcə əhalinin əyalətlərdən şəhərlərə köçündən və yaxud da geniş şəhərətrafı zonalar yaradılmasından ibarət deyil. Müasir dünyada kənd yaşayış məntəqələrinin də şəhərlər üçün xarakterik olan elementlərlə təmin edilməsi, kənd təsərrüfatının tam mexanikləşdirilməsi, əhalinin məşğulluq təminatı, kiçik yaşayış məntəqələrinin mədəni və siyasi funksiyalarının artırılması, yerli landşaftın turizm imkanlarının dəyərləndirilməsi, ekoloji tarazlığın pozulmaması üçün təbii, bərpaolunan enerji növlərindən istifadəni nəzərdə tutan mütərəqqi ideyalar da mövcuddur və müasir leksikada “geourbanizasiya” adlanan bu prosesin kortəbii və xaotik urbanizasiyadan üstün və fərqli xüsusiyyətləri, bu gün “Geourbanistika” deyilən elm sahəsi tərəfindən diqqətlə araşdırılır.
Zaman-zaman bu ideyaların praktikada tətbiqinə cəhdlər olmuşsa da, hələlik müəyyən obyektiv və subyektiv səbəblər üzündən, proses geniş vüsət ala bilməmişdir.
Qardaş Türkiyənin hələ quruluş illərindən etibarən “Cümhuriyyət kəndi (köyü)”, “Pilot kənd (köy)”, “Örnək kənd (köy)” adları ilə, 80-ci illərdə isə Türkiyənin mərhum baş naziri B.Ecevitin təşəbbüsü ilə “Köykənd Projesi” (Kəndşəhər Layihəsi) adı altında geourbanistika layihəsinin təcrübələri başlanmış, lakin ölkədaxili siyasi qeyri-stabillik və sistematik iqtidar dəyişiklikləri bu ideyanın gerçəkləşdirilməsinə imkan verməmişdir.
Yazını qələmə alarkən bir-birini tamamlayan, iki müdrik kəlam yadıma düşdü; “Böhranlar təkcə problemlər deyil, həm də yeni imkanlardır” və “Hər dəyişiklikdə, hər düşən yarpaqda həm ağrı, həm də gözəllik var. Beləcə yeni yarpaqlar böyüyür”.
Bəli, torpaqlarımızın işğalı, 30 illik həsrət və ən nəhayət, əldə etdiyimiz zəfər, bizə böyük məhrumiyyətlər, ağrı və kədər yaşatdı. Lakin yenidən dirçəlmək, yeni güc və yeni entuziazmla yeni ölkə və yeni cəmiyyət qurmaq üçün də motivasiya verdi. Bu motivasiyanın müəllifi, Müzəffər Sərkərdənin və onun Müzəffər Ordusunun zəfəri təkcə 44 günlük Vətən Savaşında qazandığı parlaq qələbədən ibarət olmadı, həm də bu qələbənin verdiyi imkanları yeni fürsətə - mənfur düşmən tərəfindən viran qoyulmuş yaşayış məntəqələrimizin, şəhər və kəndlərimizin bərpasını təmin etmək, bu bərpa prosesini ən müasir və praktik komponentləri ehtiva edən prinsiplər əsasında, hələ dünyanın əksər inkişaf etmiş ölkələrində belə, olmayan “geourbanizasiya” prinsipləri əsasında inşa etmək, müasir, komfortlu, şəhərlərə məxsus əksər kommunikasiya və infrastruktur elementləri ilə təmin edilmiş, eyni zamanda da modern sosial xidmətlər və məşğulluq probleminin, ekoloji problemlərin həllini ehtiva edən, geniş turizm imkanlarından yararlanılması üçün perspektivlər açan ideyalar əsasında həyata keçirilməsi, nəinki regionumuza, bütün düyaya bir görk, gözəllik, ibrət nümunəsi olmaqla, ölkəmizin və xalqımızın yaradıcı, modernist, sülsevər ruhunun təcəllisi olan fürsətə çevirdi.
Azərbaycan Prezidentinin “Ümumdünya Şəhər Forumu”nun Polşanın Katovitse şəhərində - “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda keçirilən 11-ci sessiyasındakı çıxışında toxunduğu məsələlər, məhz yuxarıda – haqqında danışdığımız məsələlər idi. Ölkəmizdə dayanıqlı inkişafın təmin edilməsi də, yer üzündən silinmiş şəhər və kəndlərin dirçəldilməsi də, oraya yenidən həyatın qaytarılması da, mədəni irsimizin bərpası istiqamətində aparılan işlər də, ən mürəkkəb və iddialı bərpa-yenidənqurma işləri - azad edilmiş ərazilərdə müasir şəhərlər planlaşdırılması da, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarının tətbiqi də, məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə - dünyanın ən müasir kəndlərindən biri olan “ağıllı kənd” layihəsinin reallaşması da, artıq bu kənddə ilk sakinlərin məskunlaşmağa başlaması da, bu ərazilərdə eyni vaxtda üç beynəlxalq hava limanının inşasına başlanması və bu hava limanlarından birinin rekord müddətdə - səkkiz aydan az müddətdə - inşa edilib istismara verilməsi də, azad edilmiş şəhərlərin Baş planlarında tarixi irsin nəzərə alınması və qorunmasının təmin edilməsi də, “Qafqazın Xirosiması” adlandırılan Ağdam şəhərinin yerində tamamilə yeni şəhər, yeni sənaye mərkəzi inşa edilməsi də, burada artıq ərazisi 200 hektarı əhatə edən “Ağdam Sənaye Parkı”nın fəaliyyət göstərdiyi də, işğaldan azad edilmiş digər bir şəhərin - Zəngilan şəhərinin təbiətə inteqrasiya edilmiş park şəhəri stilində inşa edilməsi də, inkluziv – yəni özündə dayanıqlı inkişaf və yaşayış üçün zəruri olan bütün komponentləri ehtiva edən, yaşamaq və işləmək şəraiti vəhdət təşkil edən məskənlərin inşası da, paytaxtımız Bakının müasirləşdirilməsi, infrastrukturunun yenidən qurulması ilə yanaşı, tarixi simasının qorunmsındakı həssaslıq da, misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngini özündə birləşdirən bu şəhərin dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyi də Azərbaycan reallığıdır və Ölkə Başçımızın bu reallıqları dünya əfkari-ümumiyyəsinə çatdırması bizim üçün iftixar vəsiləsi olmaqla yanaşı, həm də davam edən informasiya savaşının tərkib hissəsi idi. Kimin dağıdıcı, vandal, vəhşi və qaniçən, kimin də yaradıcı, qurucu, sülhsevər və mütərəqqi olduğunun nümayişi idi. 30 illik işğal və vandalizm nəticəsində şəhər və kəndlərimizin dağıdılması, mədəni və dini abidələrimizin talan edilməsininə rəğmən ölkəmizin müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və qarşılıqlı olaraq suverenliyin və ərazi bütövlüyünün tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyinin izharı, yalnız sülhün bölgəmizi sülh və əməkdaşlıq məkanına çevirə biləcəyinin israrlı elanı idi.